İSLAM FƏLSƏFƏSİ İLƏ TANIŞLİQ
   

 

MƏTLƏB BAQİR

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Kitabda fəlsəfənin tə’rifi və bu terminin mə’nasının açıqlanması verilmiş, eləcə də, fəlsəfə elminin yaranma tarixindən, Avropada yayılmasından, keçdiyi mərhələlərdən ixtisarla söhbət açılmışdır. Bundan əlavə, İslam dininin zühur etməsi ilə bu elmin müsəlmanlar arasında kök salmasından, zaman ötdükcə inkişaf edərək geniş vüs’ət tapmasından, bununla da müxtəlif fəlsəfi cərəyanların(«Məşşai», «İşraq», «Mütəaliyə» və s.) yaranmasından və bu cərəyanların fəlsəfi görüşlərindən qısa bəhs edilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu Entesharate Sadate Razavi
«Bu kitabın savabını dinimizin yaşamasına xidmət etmiş bütün ruhani alimlərin, xüsusilə, ilk ustadım mərhum Molla Səxavət Əliyevin pak ruhuna ithaf edirəm!»


 

ÖN SÖZ

İnsan… Yarandığı gündən daima müxtəlif düşüncələrlə yaşayır. Çox qəribə məxluqdur, o! Hər şeydən xəbərdar olmaq istəyir, zehninə gələn hər bir suala cavab tapmaq üçün günlərlə fikirləşir, hər şeyi bilmək üçün təşəbbüs göstərir. Məhz, bu hiss insanı və cəmiyyəti təkamülə aparır, elm və düşüncələr meydana gətirir. Hər hansı bir elmin təkmilləşməsi və sirlərinin açılması, məhz, insanların bu axtarışlarından, onların bu marağından doğur. Tarixdə özünə böyük bir səhifə açan, qiymətli saatları, bəlkə ömürləri belə özünə sərf edən «Fəlsəfə» elmini də, insanların varlıq aləmi barəsində axtarış və düşüncələri yaratmışdır. Tarixin əvəzsiz dahilərini böyük məşəqqətlərə salan bu elm sahəsində nəzər yürütmək, kitab yazmaq və ya hər hansı bir iddiaya düşmək mənim kimilər üçün ən azı təvazökarlıqdan uzaq olardı. Lakin bu kitabı yazmaqda məqsədim, əsla fəlsəfi bir kitabın müəllifi olmaq istəyi deyildir. Sadəcə olaraq, İslam fəlsəfəsi azəri bacı və qardaşlarım üçün maraqlı bir sahə olduğundan, həmin elm ilə əlaqəli mə’lumatları toplayıb bu yolla əziz həmvətənlərimə kiçicik bir xidmət etmək istədim. Suriya-Dəməşq 23 /May/ 2001

BİRİNCİ FƏSİL

FƏLSƏFƏ İLƏ ÜMUMİ TANIŞLIQ

FƏLSƏFƏNİN MƏ’NASI VƏ YARANMA TARİXİ Fəlsəfə –sözü yunan mənşəlidir. O, «phileo»–sevirəm və «sophia» – elm, müdriklik kəlmələrinin birləşməsindən əmələ gəlmiş mürəkkəb bir sözdür. Bütövlükdə bu sözün mə’nası elmi, «müdrikliyi sevirəm», yaxud «sevmək» kimi başa düşülür. Bu elmin nə zaman və nə üçün belə adlandırılması ilə bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin mahiyyəti və onun ehtiva etdiyi məsələlər barədə konkret tarix müəyyənləşdirmək olmaz. Bu mə’nada ki, bəşəriyyətin ilk filosofu elə onun babası Adəmdir (ə). Fəlsəfə tarixi sahəsində yazılmış kitablarda rast gəldiyimiz ehtimallardan biri həmin terminin ilk dəfə Samoslu Pifaqor1 tərəfindən işlədildiyini vurğulayır. Lakin daha münasib ehtimal fəlsəfə terminini məhşur yunan filosofu Sokratla2 əlaqələndirən nəzəriyyədir. Bu ehtimala görə Sokrat özünü filosof adlandıran ilk şəxs olmuşdur. Sokrat bu adı öz üzərinə götürdüyü zaman –Sofizm (Sophisma) adı ilə geniş yayılmış bir məktəblə elmi mübahisələr aparmaqda idi. Bu məktəbin nümayəndələri, yə’ni Sofistlər özlərini alim, müdrik (sofizm sözünün mə’nası belədir) adlandırsalar da elm və idrakın əsl düşmənləri idilər. Onlar heç bir şeyin həqiqət olmadığını iddia edir, həqiqət varsa da onu dərk etməyin qeyri-mümkünlüyünü söyləyirdilər. Sofizm əsasən materialist yönümlü bir anlayışdır, lakin bu anlayışla heç materiyanı da dərk etmək mümkün deyildir. Sofistlər öz müddəalarını isbat etmək üçün bütün məntiqi qanunlara zidd olan yalançı bir üslubdan istifadə edirdilər. Bu üsluba Sofistika1 deyilir. Sofistlər vahid məktəbdə birləşmirlər. Lakin Cənubi İtaliyada meydana gəlmiş «Eleya məktəbi» bu sahədə daha çox fərqlənir. Belə bir zamanda dahi mütəfəkkir olan Sokrat bu batil məktəblə üz-üzə dayandı. Məhz buna görə də, o, özünü Sofist –alim, müdrik deyil, filosof, yə’ni elmi, müdrikliyi sevən adlandırdı. Başqa bir ehtimala görə, Sokrat hədsiz təvazökarlığı səbəbi ilə alim adlanmasından imtina etdi. Bir sözlə Sokrat insan təfəkkürünün əvəzsiz fədaisi, fəlsəfənin «Tacsız kralı» sayılır. Bu «Fəlsəfə kralı» öz zamanında, xüsusilə ilahiyyatın, humanizmin və əxlaqi məsələlərin inkişafında müstəsna rol oynamışdır. Şərq filosoflarının bir qismi Sokratın peyğəmbər olması ehtimalını da irəli sürmüşlər. Bu ehtimalla ziddiyyət təşkil edən yeganə məsələ Sokratın nəzəriyyələrində bə’zi çatışmazlıqların olması faktıdır. Lakin bu ziddiyyəti aradan qaldırmaq o qədər də çətin deyil. Belə ki, biz Sokratın nəzəriyyələrini yalnız onun tələbələrinin əsərlərində müşahidə edə bilirik. Onun nəzəriyyələrinin yalnız bu əsərlərdə əks olunması onların təhrif olunması ehtimalını artırır. Qədim yunan qövmü içərisində İlahi elçilərin mövcudluğu zərurəti, heç də həqiqətdən uzaq deyil. Bu zəruriyyətin təsdiqini «Qur’ani-Kərim»də də görə bilərik: «Elə bir ümmət, qövm yoxdur ki, onun içərisindən bir peyğəmbər olmasın».2 Biz bu ehtimalın düzgün olması haqda deyil, mümkünlüyü barədə danışırıq. Təsdiqləyəcəyimiz yeganə məsələ odur ki, Sokrat sözün həqiqi mə’nasında bir ilahiyyatçı filosof olmuşdur.

FƏLSƏFƏ AVROPADA

Fəlsəfi məsələlər çox qədimdən araşdırılsa da, müstəqil şəkildə olmamışdır. Fəlsəfi fikirləri bütün elmlərdən ayrı və müstəqil şəkildə öyrənməyi lazım bilən ilk şəxs tanınmış yunan filosofu Aristotel1 oldu. O, bu sahadə öz nəzəriyyələrini məqalə şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad qoymamışdı. Sonralar Aristoteldən qalan əsərləri cəm edib ensiklopediya halına gətirdilər. Yuxarıda qeyd etdiyimiz elmi sahə, yə’ni Aristotelin fəlsəfi fikirləri bu kitabda fiziki elmlərdən sonra yer tutdu. Bu elmin xüsusi bir adı olmadığı üçün onu «Metafizika», yə’ni «fiziki elmlərdən sonrakı elm» adlandırdılar. Bu ad həmin elmə ensiklopediyanın tərtibinə əsasən qoyulmuşdu. Tədricən bu məsələ unuduldu və alimlər belə bir qənaətə gəldilər ki, metafizika bu elmin mahiyyətinə əsasən meydana gəlmişdir. Belə ki, Aristotelin fəlsəfi fikirləri ilahiyyata və ümumi əqli məsələlərə aid olduğu üçün belə adlandırılmışdır. Beləliklə, metafizika öz həqiqi mə’nasını itirib, «Transfizika –fizikadan başqası» anlamını kəsb etdi. Bu məsələ ilk növbədə Avropa filosoflarının arasında meydana gəlmiş və yayılmışdır. İsa Məsihin (ə) peyğəmbərliyindən sonra xristianlıq dininin geniş yayılması fəlsəfi fikirlər üçün yeni bir mərhələ oldu. Bu mərhələni antik fəlsəfə (Sokrat, Platon, Aristotel fəlsəfəsi) ilə xristian dini tə’limlərinin qarşılıqlı əlaqələri təşkil edirdi. Bu qarşılıqlı əlaqələr Avropa kilsələrində tədris olunan «Sxolastik fəlsəfəni» (Scholasticos) meydana gətirdi. Sxolastik fəlsəfə təhrif olunmuş Bibliya2 tə’limlərini əsas götürərək özünəməxsus bir fəlsəfi sistem yaratdı. Sxolastika nümayəndələri bu sistemi yaratmaqla Avropada yeganə fəlsəfə təmsilçisinə çevrildilər. Avropa fəlsəfəsinin ən böyük «bədbəxtliyi» də, məhz bu olmuşdur. Sxolastika tə’limində metafizika kor-koranə şəkildə qəbul olunur, dünyanın fiziki mənzərəsi yalnız Ptolomeyin1 baxışları ilə izah edilirdi. Onlar öz tə’limləri ilə ziddiyyət daşıyan hər hansı bir nəzəriyyəni rədd edir, həmin nəzəriyyə sahiblərinə divan tuturdular. Fizika alimlərinin hələ 13-14-cü əsrlərdəki cəhd və kəşfləri sxolastikanın, xüsusilə də bu fəlsəfi cərəyan nümayəndələrinin dünyanın fiziki mənzərəsi yönündəki tə’limlərinin yanlış olduğunu aydınlaşdırırdı. Sxolastika dünyanın geosentrik sistemə tabe olduğuna inanırdı. Geosentrik sistem Ptolomey tərəfindən əsaslandırılmış antik fiziki nəzəriyyədir. Bu nəzəriyyəyə görə Yer hərəkətsiz olub kainatın mərkəzi sayılır və Günəş daxil olmaqla bütün səmavi cisimlər Yerin ətrafında dövr edirlər. Geosentrik dünya sisteminə qarşı duran nəzəriyyə Heliosentrik sistemidir. Heliosentrik sistem isə Kainatın mərkəzini Yer deyil, Günəş haseb edir. Hələ qədimdən nəzəri şəkildə söylənilmiş bu fərziyyə, nəhayət, 16-cı əsrdə polyak astronomu Nikolay Kopernik (1473-1543) tərəfindən isbat olundu. Sxolastika tə’limlərinin elmi şəkildə özünü doğrultmaması Avropada fəlsəfi fikirlərə tamamilə kölgə saldı. Bütünlükdə Avropa Sofizmə, eləcə də hər şeyə şübhə ilə yanaşmağa meyl etdi. Onlar –əgər bu gün Geosentrik tamamilə səhv bir nəzəriyyə olması isbat olundusa, digər fəlsəfi fikirlərin də yalan olmadığına zəmanət varmı? –deyə düşünürdülər. Belə bir zamanda yeni bir təfəkkür formalaşdı. Bu təfəkkür «Empirizm fəlsəfəsindən» ibarət idi. Empirizm fəlsəfəsi hər şeyin təcrübəyə bağlı olduğunu iddia edir və insan idrakının təcrübədən kənarda olan hər hansı bir şeyi isbat etməyə qadir olmadığını söyləyirdi. Bu təfəkkür tərzinə hələ 14-cü əsrdə ingiltərəli filosof Uilyam Okkamda (1285-1349) təsadüf etmək olar (Nominalizm). Sonralar isə Empirizm fəlsəfəsi Frensis Bekon (1561-1626), Tomas Hobbs (1568-1679), Con Lokk (1632-1704) və Devid Yum (1711-1778) tərəfindən müxtəlif şəkillərdə inkişaf etdirilmişdi. Empirizm dalğası bütün Avropanı «Təcrübəyə bağlılıq» ruhuna qərq etdi. Avropalıların fəlsəfədən şübhəyə düşdükləri bir dövrdə digər tərəfdən görkəmli fransız filosofu Rene Dekart1 yeni bir fikirlə çıxış etməyə başladı. Dekart avropalıların «şübhəsini» öz fikirlərinin əsası qərar verdi. O şübhənin mövcudluğunu həqiqətin mövcudluğuna dəlalət edən başlıca amil hesab edirdi. Sonralar Dekart öz fəlsəfəsini «Goqito erqo sum – düşünürəmsə, deməli mövcudam» prinsipi üzərində sistemləşdirdi. Dekartın bu prinsipində yanlış məqamların olduğunu ikinci fəsildə açıqlayacağıq. Lakin qeyd etmək lazımdır ki, bu filosofun Sofizm cərəyanından olan müasirləri ilə mübarizəsindəki nailiyyətləri inkarolunmazdır. Dekart riyaziyyatda analitik həndəsənin, kosmoqoniyada Günəş sisteminin təbii inkişafının, fiziologiyada reaksiyaların reflektor hadisəsinin ilk elmi təsvirlərinin banisi sayılır. Onun məhz bu elmi nüfuzu öz fəlsəfəsinin vüs’ət tapmasında mühüm rol oynamışdır. Müasir Avropa fəlsəfəsinin formalaşması haqda danışarkən İmmanuil Kantın1 da rolunu qeyd etmək lazımdır. Onun klassik alman idealizminin yaranmasında da xüsusi xidmətləri olmuşdur. Kant fəlsəfəsi özünün tənqidi çıxışları ilə fərqlənmişdir. Bu fəlsəfəyə tənqidi fəlsəfə (critical philosophgy), yaxud transsendental idealizm deyilir. Kant empirizm dalğasından, başqa sözlə desək «Təcrübəyə bağlılıq» ruhundan tam xilas ola bilməmişdi. Bununla belə o, metafizikaya, xüsusilə də Allaha inanmağın zəruri olduğunu deyirdi. Yalnız, Kant təcrübədən kənarda qalan bu varlıqların dərkolunmazlığını iddia edirdi. Bu filosofa görə bizim hiss üzvləri ilə dərk edə bilmədiyimiz şeylər «özündə şey» sayılmalıdır. «Özündə şey» isə dərkolunmazlıqdır. Bir müddət sonra Kant idealizmi məşhur filosof Georq Vilhem Fridrix Hegel2 tərəfindən inkişaf etdirildi. Hegel alman idealizminin əsas nümayəndələrindən sayılır. O, materiyanın deyil, ruhun əsas və birinci olduğuna inanırdı. Lakin Hegelin varlıq barədə sistemləşdirdiyi tə’lim, həqiqəti bir növ inkar etmək idi. Bu tə’lim thesis-antithesis-synthesis kimi formalaşan «inkarı inkar qanunu» idi. Bu qanun iki əks şeyin vəhdətini tərənnüm edir. Bu vəhdət, həm də mübarizədir. İki əks şey bir-biri ilə mübarizə edir və nəticədə şey öz əksini «inkar» edərək məhvə mə’ruz qoyur. Lakin bu elə məhvdir ki, ondan inkarı inkar edən üçüncü bir şey törəyir. Deməli, birinci şey – thesis, ikinci onu inkar edən əkslik – antithesis və nəhayət yaranmış üçüncü şey, inkarı inkar edən – synthesis -dir. Hegelin bu təfəkkürü 19-cu əsrdə «Sol hegelçilər»in meydana gəlməsinə səbəb oldu. Onların lideri Karl Marks1 idi. Marks, Hegelin idealizmini darmadağın edərək radikal bir materializmin bünövrəsini qurdu. Qeyd etmək lazımdır ki, Hegelçiliyin materialistcəsinə təhlil olunmasında, Marks, bilavasitə alman ateisti Lüdviq Feyerbaxın2 müstəsna tə’siri altında olmuşdur. Marks Hegelin «inkarı inkar qanunundan» daha kəskin və ateist nəticələr çıxarmışdı. O, bu qanunu ümumiləşdirərək dialektika və tarixi materializmin əsasını qoydu. Dialektika və tarixi materializmə görə iqtisadi amillər hər hansı bir cəmiyyətdə onu inkar edən əkslik rolunu oynayır. Bu əksliyin həmin cəmiyyəti inkar etməsindən yeni bir cəmiyyət meydana gəlir. Marks bu qanuna əsasən, inkişaf etmiş bütün kapitalist cəmiyyətlərinin sosializmə keçəcəyini düşünürdü. Biz Marksizmin nə qədər gülünc bir nəzəriyyə olduğunu «Sosializm, Kapitalizm və İslam iqtisadiyyatı» kitabında bəyan edəcəyik. Kantdan başlayaraq Almaniyada idealizmin formalaşdığı bir dövrdə Fransa filosofları «təcrübəyə doğru geriyə» şüarını irəli sürdülər. Bu, yaranmaqda olan yeni bir təfəkkürün, «Pozitevizm fəlsəfəsi»nin şüarı idi. Pozitevizm fəlsəfə və metafizikaya qarşı daha «qəddar» mövqe tutmuşdu. Bu məktəbə görə, ümumi əqli məsələlərdən bəhs edən fəlsəfə və metafizika adlı heç bir şey yoxdur. Pozitevizmin banisi Ogüst Kont3 sayılır. İngiltərədə isə bu fikri inkişaf etdirən və vüs’ət almasına kömək edən Herbert Spenser1 olmuşdur. Pozitevizmin metafizikaya qarşı radikal mövqeyi Avropa fəlsəfəsində daha dərin böhran yaratmışdır.

MÜSƏLMANLARIN FƏLSƏFİ BAXIŞLARI

İslam dininin zühur etdiyi gündən müsəlmanlar arasında fəlsəfi fikirlər mövcud olmuşdur. Belə ki, «Qur’ani-Kərim» öz İlahi də’vətində insanları əqli nəticələr vasitəsilə metafizikaya, Allaha, mələklərə və Axirət gününə inam bəsləməyə səsləyirdi. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm şəklində VIII əsrdən e’tibarən geniş yayılmağa başladı. Bu bir tərəfdən müsəlmanların sıralarında ilahiyyat məsələləri ilə bağlı ciddi ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə tərcümə etdirib, geniş yaydıqları zamana təsadüf edir. Hələ ilkin mərhələlərdən başlayaraq, İslam alimləri bütün əqli elmləri fəlsəfə kimi tanıyırdılar. Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis, üsul və fiqh kimi nəqli elmləri çıxmaq şərti ilə ilahiyyat, cəbr, həndəsə, astronomiya və musiqi kimi bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər. Bu baxımdan, fəlsəfə ümumi bir elm olduğundan onun üçün xüsusi bir tə’rif və mövzu göstərilməmişdir. Bu mərhələdə İslam mütəfəkkirləri fəlsəfəni aşağıdakı hissələrə bölmüşlər: 1.Nəzəri fəlsəfə; Bu növ fəlsəfə əşyanın olduğu kimi tədqiqinə varır, onun malik olduğu kəmiyyət və keyfiyyətləri araşdırır. Nəzəri fəlsəfə də öz növbəsində üç hissədən ibarətdir: a) İlahiyyat; ali təbəqəli fəlsəfə. Bu fəlsəfənin mövzusu ümumi şəkildə varlıqdır. Başqa sözlə desək, bu fəlsəfə var olan hər bir şeyin kim və ya nə olduğundan asılı olmayaraq, ümumilikdən söhbət açır. Demək, bizim düşündüyümüzün əksinə olaraq «İlahiyyat» fəlsəfəsi, təkcə «Allahın» varlığından danışmır. Lakin «Allah» məfhumu bu elmin ən ali mövzusu olduğu üçün «İlahiyyat» adı ilə tanınmışdır. b) Riyaziyyat; orta təbəqəli fəlsəfə. Bu fəlsəfə isə əşyaya hakim olan riyazi qanunlardan bəhs edir. Cəbr, Həndəsə və Musiqi1 elmləri bu hissənin əsas bölümləridir. Cəbr ədədlərə, Həndəsə xətlərə, Musiqi isə səs və notlara hakim olan riyazi qanunları təsdiq edir. Bu elmlərin əsas və ortaq olmaq şərti ilə iki xüsusiyyəti var. Əvvəla, burada qanunların şamil olduğu mövzular yalnız xarici aləmdə müəyyən maddi predmetə bağlanır. Zehni təsəvvürdə isə onları müəyyən maddi predmetə bağlamaq zəruri deyil; məsələn: 3, 5, 10 rəqəmləri xarici aləmdə, yalnız maddi predmetlərin (ağac, ev, daş və s.) əsasında özlərini göstərirlər. Zehni təsəvvürdə isə bu zərurət aradan gedir. İkinci xüsusiyyət isə bu elmlərdə qanunların riyazi və dəyişməz olmasıdır. v) Təbii və fiziki elmlər; aşağı təbəqəli fəlsəfə. Bu hissəyə aid olan fəlsəfə əşyanın təbii və fiziki fəlsəfələrini araşdırır. Fizika, kimya, fiziologiya, biologiya və s. kimi elmlər buraya daxildir. 2.Əməli fəlsəfə, yaxud əxlaq və hüquq fəlsəfəsi; bu fəlsəfə insanın əməl və hərəkətləri haqda söhbət açır, rəftarının yaxşı və ya pis olduğunu açıqlayır. Bu növə Əxlaq, Ailə hüquqları, Hüquq və Siyasət daxildir. Müsəlman alimləri fəlsəfənin növləri arasında nəzəri fəlsəfənin birinci hissəsinə, yə’ni «İlahiyyat»a tədricən daha çox üstünlük verməyə başladılar. İslam filosofları bu elmlə daha ətraflı maraqlanır, nəzəriyyələr irəli sürürdülər. Beləliklə, əvvəllər ümumi ad olaraq bütün əqli elmləri şamil edən fəlsəfə müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul olundu. Qeyd etdiyimiz kimi, «İlahiyyat» varlıq aləmini qeydsiz-şərtsiz araşdırır. Bu elmin mövzusu konkret şəkildə nə maddə, nə də metafizikadır. Varlığın, yaxud «vücudun» ümumi qanunları, xüsusiyyətləri və s. bu elm vasitəsilə açıqlanır. Yə’ni, misal üçün hər hansı bir maddəni götürsək, onunla bağlı olan «səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada söhbət maddənin bir nəticə kimi hansı səbəbdən vücuda gəlməsi, yaxud da bir səbəb kimi hansı nəticələr doğurmasından gedir. Bu qanunun (Səbəbiyyət) həmin maddəyə hakim olması onun maddə olduğundan irəli gəlmir. Sadəcə, maddənin «mövcud olması» onun bu qanunla əlaqəli olduğunu açıqlayır. Lakin bu maddənin qeyri-üzvi, elastik və radioaktiv olub-olmaması, bilavasitə onun maddə olması ilə bağlıdır. Beləliklə, birinci qanun (Səbəbiyyət) fəlsəfənin, sonrakılar (qeyri-üzvilik, elastiklik, radioaktivlik) isə fizikanın mövzularıdır.

MƏŞŞAİ FƏLSƏFƏSİ

XI-XII yüzilliklərdən başlayaraq İslam filosofları iki əsas fəlsəfi cərəyana ayrılmağa başladılar. Bunlardan biri «Məşşai fəlsəfəsi» idi. «Məşşai» sözü yeriyən deməkdir. Bu söz Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik» (yunanca: perepateo - gəzişirəm, yeriyirəm) məktəbdən götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina1 durur. İbn Sina Farabidən sonra Aristotel nəzəriyyələrinə varis çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər keçməsi, ruhunu paklaşdırması zəruri deyildir. Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu fəlsəfənin Bəhmənyar ibn Mərzban2, Nəsirəddin Tusi1, İbn Bacə2 kimi görkəmli nümayəndələri olmuşdur.

İŞRAQ FƏLSƏFƏSİ

İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəvərdi1 başçılıq edirdi. Sührəvərdi həm Platonun2, həm də Aristotelin fəlsəfi fikirləri ilə tanış idi. O, yaratdığı fəlsəfəyə «İşraq fəlsəfəsi» (intuitiv fəlsəfə) adını vermişdi. Sührəvərdiyə görə həqiqətin kəşf olunması üçün iki yolun mövcudluğu zəruridir: 1.Aşkar əqli dəlillər, isbat və istidlallar (deduksiyalar3). 2. Əməli mərhələlər keçərək ruhun paklanması ilə İlahi nurdan kömək almaq. İşraq sözünün mə’nası «Nur saçmaq» deməkdir. Cərəyanın «İşraq» adlandırılması həqiqətin kəşf olunmasında Sührəvərdinin zəruri bildiyi İlahi nurla əlaqədardır. O, bütün mövcudatı nur və zülmətdən ibarət bilirdi. Sührəvərdiyə görə nur ilə zülməti seyr etmək və nəhayət, nurlar-nuru Allahı tapmaq lazımdır. İşraqilər özlərini Platonun varisləri hesab edirlər. Məşşai və İşraq fəlsəfi cərəyanları arasında ən əsaslı ixtilaf işraqilərin həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci şərtdir (ruhun paklanması). Lakin Aristotel ilə Platon arasında, məhz bu məsələdə, fikir ayrılığı olduğunu heç kəs sübut edə bilməmişdir. XX əsrin görkəmli filosofu şəhid Mürtəza Mütəhhəriyə1 görə bu iki filosof arasında qeyd etdiyimiz məsələ barəsində ixtilaf olmamışdır. İşraqilərin lideri Şihabəddin Sührəverdi zəmanəsinin sufiləri ilə sıx əlaqədə olduğu üçün ruhun paklanması şərtini öz cərəyanına daxil etmişdir. Tarixdə bu iki filosof arasında mübahisə mövzusunda sübuta yetmiş yalnız bir məsələ vardır ki, bu da Platonun «İdeyalar» nəzəriyyəsinin Aristotel tərəfindən qəbul olunmamasıdır. «İdeyalar» nəzəriyyəsində bizim müşahidə etdiyimiz aləmdən başqa digər bir aləmin də olduğundan söhbət açılır. Platon gördüyümüz hər bir şeyin əsl həqiqətinin həmin aləmdə yerləşdiyinə inanırdı. Bu aləm «İdeyalar» aləmi adlanır. Filosof hər bir mövcudun kökünü o aləmdə axtarır, insanın, əvvəlcə orada olub sonra isə bu aləmə gəldiyini və hər mə’lumatı orada öyrənib, sadəcə bu aləmdə hər şeyin təkrar olduğunu bildirirdi. Aristotel isə bütün bunları inkar edir və aləmin kökünü nous– nus deyilən vahid qüvvə və imkanda görürdü.

KƏLAM MƏKTƏBLƏRİ

Müsəlmanlar arasında geniş yayılmış təfəkkür məktəblərindən danışarkən «Kəlam məktəbləri»ni də xatırlamaq yerinə düşərdi. Kəlam məktəbləri əsasən VIII əsrdən e’tibarən İslam əsaslarına istinad edərək formalaşan fikri sistemlərdir. Kəlam elminin fəlsəfə ilə ortaq xüsusiyyəti əqli dəlillərə, isbat və istidlallara bağlı olmasındadır. Bu elmin «Kəlam» adlandırılmasının tarixi kökləri vardır. Belə ki, VIII əsrdə İslam mütəfəkkirləri arasında belə bir mübahisəli məsələ ortaya çıxdı: –Görəsən, Allah kəlamı olan Qur’ani-Kərim məxluqdurmu? Yə’ni bu müqəddəs kitab Allah kimi əzəlidir, yoxsa sonradan xəlq olunmuşdur? Kəlam məktəbləri arasında mübahisə obyektinə çevrilən ilk məsələ Allah kəlamı (Qur’ani-Kərim) olduğu üçün bu məktəblərə «Kəlam» adı verildi. İslam mütəfəkkirləri əsasən üç «Kəlam» məktəbinə ayrılmışlar: 1.Əşairə, yaxud Əş’ərilər; Bu ad məktəbin banisi Əbül-Həsən Əş’əri (874-941) ilə bağlıdır. Əş’ərilər məktəbinin fikir və nəzəriyyələri çoxdan mövcud olsa da, X əsrdə Əbül-Həsən Əş’əri tərəfindən sistemləşdirildi. Əhli-sünnənin böyük əksəriyyəti Əş’ərilərin nəzər və əqidələrinə e’tiqad bəsləyirlər. 2.Mö’təzilə; Bu qrup mütəfəkkirlər öz fikir və nəzəriyyələrini VIII əsrdə bir məktəbdə sistemləşdirdilər. Məktəbin banisi Vasil ibn Əta (?-748) və Əmr ibn Übeyd (699-762) sayılır. Mö’təzilə məktəbi IX əsrin birinci yarısında Abbasilər dövlətinin rəsmi dini e’lan olunmuş, az sonra isə tə’qiblərə mə’ruz qalmışdır. Əhli-sünnənin bir hissəsi bu məktəbin ardıcıllarıdır. 3.İmamiyyə; Bu məktəb Əhli-beyt əqidəsinə xas olan təfəkkür tərzinə malik olması ilə fərqlənir. Bu fikir cərəyanları arasında mübahisə doğuran çoxlu məsələlər var. Biz bu məsələlərin bir neçəsinə işarə etməklə kifayətlənirik: 1) Cəbr və ixtiyar; Məktəblər arasında, bəlkə də, ən kəskin mübahisə doğuran məsələdir. Məsələnin əsas mahiyyəti məxluqatın davranış və hərəkətlərinə Allahın hansı dərəcədə müdaxilə etməsindən ibarətdir. Belə ki, görəsən, insan öz davranış və hərəkətlərində ixtiyar sahibidir, yoxsa Allah tərəfindən məcbur edilir? –Əş’ərilər insanın ixtiyar sahibi olmadığına və etdiyi hər bir əməldə məcbur olduğuna e’tiqad bəsləyirlər. –Mö’təzililər isə bunun müqabilində ifrat əks-mövqe tutmuşlar. Onlara görə Allah məxluqatı yaratdıqdan sonra onları öz ixtiyarına, nəzarətsiz buraxıb heç nəyə dəxalət etmir. –İmamiyyə bu məsələdə hər iki məktəbin əksinə olaraq orta bir mövqe seçmişdir. İmamiyyə Əş’əriləri rədd edərək deyir: «Əgər insan öz əməllərində ixtiyar sahibi deyilsə, bəs nə üçün Qur’ani-Kərim insanları imana, düzlüyə də’vət edir, küfr və pisliklərdən çəkindirir?» «İxtiyar sahibi olmayan insana: «Öz işindən əl götür!»–demək məntiqə uyğundurmu?» «Digər tərəfdən, insan gördüyü işlərə məcburdursa, hansı məntiqlə Qiyamət günü öz əməllərinə görə cavab verməlidir?» «İxtiyar sahibi olmayan insana: –Sən bunu nə üçün etdin? –demək doğrudurmu?» İmamiyyə mö’təzililərin də bu barədəki e’tiqadını qəbul etmir. Çünki insan mütləq şəkildə azad ola bilməz. Bu həm sağlam şüurun, həm də Qur’anın hökmlərinə ziddir. İmamiyyəyə görə, insan Allahın iradəsi çərçivəsində azad və ixtiyar sahibidir. 2) Allahın zatı və Onun sifətləri; Qur’ani-Kərim Allah-təalanı vəsf edərkən ona bir çox kamal sifətləri nisbət vermişdir. Görmək, eşitmək, qüdrət, elm və s. keyfiyyətlər əzəmətli Xaliqin sifətləri kimi müqəddəs kitabımızda qeyd edilmişdir. Kəlam məktəbləri arasında mübahisə doğuran məsələ bu sifətlərin necə dərk olunmasındadır. –Əş’ərilər bu sifətləri hərfi mə’nada başa düşürlər. Onlara görə: Allah-təalanın görməsi, eşitməsi bizim başa düşdüyümüz adi hiss üzvləri ilə olduğu kimidir. Bu isə, Allahın cismə malik olması, Onun gözü, qulağı, əli, ayağı olması deməkdir. Əş’ərilər möminlərin Qiyamət günü Allahı gözlə görəcəklərinə də inanırlar. Əbül Həsən Əş’əri özünün «Əl-ibanətu fi usul əd-diyanət» kitabında (səh.5-6) yazır: «Allah-təala mütləq Qiyamət günü məxluqat üçün görünəcəkdir»1. Bu məsələdə xüsusilə, Hənbəli firqəsi2, daha xurafi e’tiqadlara inanır. –Mö’təzililər bu məsələdə, daha çox bitərəf dayanmağa üstünlük verir, bə’zi hallarda isə, İmamiyyə məktəbi ilə razılaşmağa belə məcbur olurdular. –İmamiyyə məktəbi Allahın zatında tövhidə inandığı kimi, Onun sifətlərində də tövhidə inanır. Belə ki, Allah-təalanın sifətləri Onun zatı ilə eynidir. Onun zati isə xalis şəkildə qüdrət, elm, həyat və sairdir. Lakin biz Onun sifətlərini sadaladıqda ayrı-ayrılıqda xüsusi sifətlər kimi ifadə edirik. Kəlam məktəbləri arasında olan ixtilaflı məsələlər təkcə qeyd etdiklərimizdən ibarət deyil. Yalnız, bu məktəblərlə nisbətən yaxından tanış olmaqdan ötrü bu məsələlərə qısa şəkildə izah verdik. Ümumi şəkildə, Kəlam məktəbləri İslamın təfəkkür tarixində özləri üçün geniş yer açmış və əksər hallarda filosoflarla üz-üzə gəlmişlər. Kəlam alimləri ilə filosoflar arasında bir çox fikir ayrılıqları mövcud olmuşdur. Bə’zi hallarda bu fikir ayrılıqları dərin münaqişələrə də gətirib çıxarmışdır. Məsələn, əhli-sünnənin böyük alimlərindən olan İmam Ğəzali1 filosof İbn Sinanı dəfələrlə kafir adlandırmışdır. Kəlam məktəblərinin nümayəndələri olan kəlamilərin fikrincə, filosoflar Qur’an və sünnəyə istinad etmədikləri üçün səhv nəticələr əldə edir, çoxlu ixtilaf və fərqli fikirlərə gəlirlər. Lakin kəlamilərin özləri Qur’an və sünnəyə istinad etdikləri halda səhv nəticələrdən, ixtilaflı fikirlərdən uzaq qala biliblərmi? Şübhəsiz ki, cavab mənfidir. Elə isə, nə üçün kəlam alimləri onlarla məktəblərə ayrılıblar? Dahi İslam filosofu Əllamə Məhəmməd Hüseyn Təbatəbai2 bu barədə yazır (ixtisarla): «Alimlər arasında «La ilahə illəllah, Muhəmmədun Rəsulullah» kəlməsindən başqa ixtilafsız məsələ qalmamışdır. Allahın adları, sifətləri, (məxluqatla) rəftarı, göydə nə varsa, yerdə nə varsa, qəzavü-qədər, cəbr və ixtiyar, savab və əzab, ölüm, bərzəx, qiyamət və s. bütün dini idrak məsələlərində ixtilaf və fikir ayrılığı mövcuddur»3. Deməli, bir elmdə ixtilaf və fikir ayrılığının çox olması onun batil və ya lazımsız olduğundan xəbər verə bilməz. Kəlamilərin fəlsəfəyə qarşı tutduqları iradlardan biri də onun Yunan, Hind, İran köklü olmasıdır. Bu irad da o qədər əsaslı görünmür. Fəlsəfə tamamilə batil bir təfəkkür sistemi olsa belə, onu dərindən bilmədən rədd etmək, cavab vermək olarmı? Burada dahi yunan filosofu Aristotelin bir sözü yada düşür: «Əgər filosof olmaq lazımdırsa, deməli, filosof olmaq lazımdır. Filosof olmaq lazım deyilsə, yenə də filosof olmaq lazımdır…»

İRFAN VƏ SUFİLİK

Fəlsəfə və Kəlam məktəbləri ilə yanaşı mövcud olmuş, habelə özünə çoxlu tərəfdar toplamış cərəyanlardan biri də «İrfan və sufilik»dir. İrfan bu məktəbin mö’tədil, sufilik isə ifrat formasıdır. Lakin irfançıların özləri də İslami qaydalara düzgün yanaşmadıqda, həqiqətdən uzaq düşürlər. Necə ki, onlar (irfançılar) fəlsəfəni qəti şəkildə rədd edir, həqiqətin kəşfi üçün heç bir əqli dəlili qəbul etmir və bunun üçün yeganə yolu nəfsin paklanmasında görürlər. İrfanın fəlsəfə ilə, eləcə də kəlam ilə digər fərqli cəhəti ondadır ki, ariflər həqiqətin kəşf olunması ilə kifayətlənmir, ona qovuşmağı (vüsalı) da lazım bilirlər. Ariflər iddia edirlər ki, həqiqəti kəlmə, məntiq və habelə isbat üsulu ilə dərk etmək mümkün deyildir. Bu dərketmə elə bir şirinlikdir ki, onu yalnız pak ruhla dadmaq lazımdır. Ariflər bunun üçün məxluqatdan təcrid olaraq illərlə ibadətə qərq olurlar. Lakin bu, bizim dini məntiqimizlə uyğun gəlirmi?! Ariflər «daddıqları» bu şirinliyi kimə isə daddırmağa qadirdirlərmi?! Çox təəssüf ki, arifin günəşi öz mehrabından başqa bir yerə işıq saçmağa qadir deyil. İslam bizdən həqiqəti bütün bəşəriyyətə daddırmağı tələb edir. Bu isə bir guşədə oturub heç bir əqli və məntiqi əsasa uyğun gəlməyən seyr-süluka (arifin keçdiyi mərhələ) riayət etməklə mümkün olan iş deyil. Biz İslamı dərk edə bilsək, görərik ki, əsl müsəlmanın ibadəti qaranlıq bir guşədə deyil, məscidlərdə, elm ocaqlarında, zavodlarda, laboratoriyalarda və cihad meydanlarında olmalıdır. Maraqlı burasıdır ki, bə’zən ariflərdən İslam şəriətində olmayan əməllər də müşahidə edirik. Onlardan kimisi axirət arzusu ilə dünyada ailə qurmur, kimisi də Allahdan həya edib yatanda belə ayaqlarını uzatmır (!). Heyhat bu irfandan ki, Allaha Allah dediyi kimi yox, öz düşündükləri kimi ibadət edirlər. İrfanın daha ifrat forması sufilikdir. Ehtimal olunur ki, sufi sözü bu fəlsəfi cərəyan nümayəndələrinin isti yay günlərində yun (ərəbcə–suf) paltar geymələri ilə bağlıdır. Sufilərin özünəməxsus fikir və ibadətləri vardır. Sufilik ifrat zahidlikdən (asketizmdən) ibarətdir. Sufi guya Allah eşqində özünü fəda edir, maddi hər nə varsa , ona laqeyid yanaşır. Sufilik təfəkkürünün ən batil müddəası «vəhdəti-vücuddur». Vəhdəti-vücud nəzəriyyəsinə görə Allahla insanın vücudu vahiddir. Allah sufinin cismində təcəlla edir, sufi öz rəbbində fənaya (yoxa) çevrilir. Bütün bu fikirlər İslam əsaslarına tamamilə ziddir. Sufilərin fikir və ibadətlərinə diqqət etsək, bu cərəyanda hinduizmin yoqa tə’liminin1 və qədim Çin konfusiçiliyinin2 tə’siri açıq şəkildə duyulmaqdadır. Tanınmış sufilərdən olan Hüseyn ibn Mənsur Həllac (858-952) bu fəlsəfi cərəyanda son dərəcə ifrat etmiş, Allahın insan bədəninə hülul etməsini (keçməsini) şiddətlə müdafiə etmişdir. Nəhayət, dövrünün əksər fəqihləri tərəfindən kafir e’lan olunmuş və ölümünə dair hökm kəsilmişdir. Sufilikdən ayrılmış məşhur cərəyanlardan biri də «hürufilik»-dir. Hürufilik cərəyanının banisi azərbaycanlı mütəfəkkir Fəzlullah Nəimi3 sayılır. Hürufilik tə’liminə görə, Allah, öz yaratdığı insanda təzahür etməklə yanaşı, müqəddəs Qur’anda da hərflərdə təzahür edə bilir. Ümumiyyətlə, hürufilər nitq, hərf və əşyanın adına xüsusi diqqət yetirirlər. Onlara görə, şeylərin mahiyyəti onların adındadır. Şeyin adını almaq onu məhv etməkdir. Fəzlullah Nəiminin insan bədəni və cizgiləri ilə ərəb hərfləri arasında əlaqələr tapdığı söylənilir. Tanınmış azəri şairi İmadəddin Nəsiminin1 də hürufilik cərəyanının nümayəndəsi olduğu ehtimal olunur. Hər halda, sufilik bütün cərəyanları ilə birlikdə, elm və məntiqlə əsaslanmayan bir yığım cəfəngiyyatdır. Zəmanəmizdə sufilik barədə danışarkən «Panteizm» termini eşidilməkdədir. Panteizm termini sufilikdən çox-çox sonra Avropada meydana gəlmişdir. Mahiyyət e’tibarı ilə bu termin sufilik tə’limi ilə uyğun gəlir. Panteizm sözü yunanca «Hər şey Allah» deməkdir. İlk dəfə bu termini ingilis filosofu Con Toland (1670-1722) işlətmişdir. Panteizmdə Allahı insanda və təbiətdə əridir, insanı Allah olmağa qadir hesab edirdilər.

MÜTƏALİYƏ FƏLSƏFƏSİ

Haqqında danışdığımız məşşai və işraq fəlsəfələri, eləcə də kəlam, irfan və sufilik cərəyanları İslamın təfəkkür tarixində uzun illər ixtilaf və münaqişə mənbələri kimi çıxış etdilər. Qətiyyətlə demək olar ki, bu cərəyanlardan heç biri müsəlman dünyası üçün mütləq bir təfəkkür məktəbi yarada bilmədi. XVII yüzilliyin birinci yarsında İslamın təfəkkür tarixində mühüm bir yenilik baş verdi. Bu yeniliyi İslam dünyasına misilsiz filosof Sədrəddin Şirazi1 bəxş etdi. Molla Sədra adı ilə şöhrət tapan bu mütəfəkkir yeni kəşfləri ilə təfəkkür aləmində neçə-neçə əsrlik tarixi olan bir boşluğu doldurdu. Molla Sədra yaratdığı bu böyük fəlsəfədə bütün təfəkkür məktəblərini əridə bildi. O, əqli dəlil və isbat yollarını, ruhun paklanmasını, Qur’an və sünnəyə istinad edərək dini üsulların müdafiəsini və həqiqətin kəşfi ilə yanaşı ona qovuşmağı mühüm amillər kimi öz fəlsəfəsində birləşdirdi. Dahi mütəfəkkir bu fikir cərəyanlarını (işraq və məşşai fəlsəfələri, kəlam, irfan və sufilik) birləşdirib, köhnə fikirlərdən ibarət ümumi bir məktəb yaratmadı, əksinə o, sözün əsl mə’nasında tamamilə yeni bir fəlsəfə yaradaraq həmin məktəbləri özündə həzm etdirdi. Molla Sədra bu əvəzsiz, misilsiz məktəbə «Mütəaliyə (ucalıq) fəlsəfəsi» adını qoydu. Mütəaliyə fəlsəfəsi, ilk növbədə əqli dəlil, isbat və istidlallara istinad edir. Molla Sədra irfan və sufiliyin əqli dəlil və isbatlara əsaslanmayan tə’limlərini rədd edərək yazır: «Sufilərin adəti yalnız irfani zövqə arxalanmaqdır. Biz isə, əqli dəlil və isbatı olmayan şeylərə e’timad etmir və kitablarımızda yazmırıq»1. Habelə, yalnız əqli qüvvəyə e’timad edilməsi, ruhi paklığın və ilahi ilhamların qəbul olunmaması da Molla Sədra tərəfindən rədd olunur: «Elmlə məşğul olanların çoxları ariflərin e’timad etdikləri qeyb elmlərini və İlahi ilhamları inkar edirdilər. Halbuki, bu elmlər başqalarından daha güclüdür»2. Mütəaliyə fəlsəfəsinin ən xarakterik xüsusiyyətlərindən biri də fəlsəfi fikirlərlə Qur’an və sünnə arasında vəhdət yaratmasıdır. Molla Sədraya görə İslam fəlsəfəsi Qur’an və sünnə ilə sırf əlaqəli olmalıdır. O, ilk şəxs olaraq isbat etdi ki, əqli nəticələrlə şəriət (Qur’an və sünnə) bir-biri ilə ziddiyyətdə ola bilməz. Filosof bu barədə yazırdı (ixtisarla): «Heyhat, heyhat! Ağıl və şəriəti birləşdirməyi bacarmayan kəs ziyana uğrayar. Ağlın misalı sağlam bir göz, şəriət isə onun görməsi üçün nur saçan bir günəş kimidir»3. İrfan alimlərinin lazım bildikləri vüsala, yə’ni həqiqəti kəşf etməklə yanaşı ona qovuşmağa gəldikdə isə, bu, Mütəaliyə fəlsəfəsində özünəməxsus şəkildə əks olunmuşdur. Molla Sədra vüsalı vacib bilir, amma həqiqətə qovuşmaq orada «yox» olub məxluqatın müqəddəratını unutmaq demək deyildir. İnsan həqiqətə qovuşduqdan sonra məxluqatın hidayəti üçün «geri dönməlidir», lakin bu «dönüş» vüsaldan sonrakı «hicran», yə’ni həqiqəti tapdıqdan sonra ondan ayrılmaq deyildir. Məxluqatın hidayəti üçün geri dönmüş insan cəmiyyət daxilində hər şeydən həqiqətə yol tapır, onu hər an duyur. Bütün bunlar filosofun əsas fəlsəfi fikirlərini əhatə edən məşhur «Dörd səfər» kitabında şərh olunmuşdur. Adından göründüyü kimi, kitab dörd səfər və mərhələdən bəhs edir. Bu dörd səfər Molla Sədranın Mütəaliyə fəlsəfəsinin qayəsini təşkil edir. Burada müəllif həqiqət yolçusunun seyr edəcəyi və eləcə də əqli dəlillərə, Qur’an və sünnəyə müvafiq irfani mərhələlərdən söhbət açır: «Seyr minəl-xəlq iləl-həqq –Məxluqatdan haqqa doğru səfər (yürüş)». Bu mərhələdə insan maddi sərhədləri aşır, həqiqəti kəşf edərək ona qovuşur. «Seyr bil-həqqi fil-həqq –Həqiqətin köməyi ilə həqiqətin özündə səfər (seyr)». İkinci mərhələdə insan qovuşduğu həqiqətin öz köməyi ilə həqiqətlə daha yaxından tanış olur, onun sifət və kamilliyini müşahidə edir. «Seyr minəl-həqqi iləl-xəlq bil-həqq –Həqiqətin öz köməyi ilə həqiqətdən məxluqata dönmək». Üçüncü mərhələdə insan həqiqətdən məxluqata, insanların arasına qayıdır. Lakin qeyd etdiyimiz kimi, bu qayıdış, əsla, həqiqətdən ayrılmaq demək deyil. «Seyr fil-xəlqi bil-həqq –Həqiqətin köməyi ilə məxluqatın içərisində səfər (seyr)». Sonuncu mərhələdə insan, həqiqətdən kəsb etdiyi nurun vasitəsilə insanları hidayət edir, onları həqiqətə yönəldir. Belə bir ehtimal irəli sürə bilərik ki, Molla Sədra bu İlahi səfərləri İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) me’racından götürmüşdür. Biz insanların me’racı isə namazdır. Namaz hər bir insanın həyatı boyu keçirdiyi təkamül prosesinin yığcam formasıdır. Bütün bu qeyd etdiklərimiz «Mütəaliyə fəlsəfəsi» dəryasından, yalnız kiçicik damlalalar idi. Molla Sədra yaratdığı bu İlahi fəlsəfəni kimsənin nail ola bilmədiyi fövqəl’adə yeniliklərlə daha da zənginləşdirdi. Cəmi iki yüz məsələdən ibarət dar çərçivədən kənara çıxmayan fəlsəfə Molla Sədra tərəfindən genişləndirilərək məsələlərinin sayı yeddi yüzədək artırıldı. Molla Sədranın nəzəriyyələrində çatışmazlıqların ola biləcəyini istisna etmirik. Lakin qətiyyət və iftixar hissi ilə deyə bilərik ki, «Mütəaliyə fəlsəfəsi» bizim ən kamil təfəkkür məktəbimizdir.