QURAN TƏHRİF OLUNMAYIB
 

ON BİRİNCİ MƏQAM

ON BİRİNCİ MƏQAM

TƏHRİF MÜDDƏASINI İNKAR EDƏN ƏQLİ VƏ “ÜQƏLAYİ” DƏLİLLƏRİN TƏDQİQİ

TƏHRİF MÜDDƏASINI İNKAR EDƏN ƏQLİ VƏ “ÜQƏLAYİ” DƏLİLLƏRİN TƏDQİQİ Mütəxəssislrin əsərlərindən məlum olur ki, onlar təhrifi inkar etmək məqsədi ilə həm əqli (rasional) dəlillərə, həm də aqillərin metoduna əsaslanmışlar.

Əqli (rasional) dəlillər: Bu dəlilləri açıqlamaq üçün iki yol mövcuddur. Birinci yol Ayətullah Xoyinin şərhlərində “qeyri-müstəqil” əqli (rasional) dəlillərlə qeyd olunmuşdur. Burada onu ixtisarlaşdırılmış şəkildə diqqətinizə çatdırırıq: Təhrif ehtimalı üç haldan xaric deyil. Belə ki, əqli baxımdan onun üçün dördüncü hal təsəvvür etmək mümkün deyil.
Birinci hal: Təhrifin, Osmanın xilafətindən öncə Əbu Bəkr və Ömər vasitəsilə olunması ehtimalı. Bu, qəti olaraq yanlış fikirdir. Çünki üç ehtimaldan xaric deyil. Birinci ehtimal: Təhrifin bilməyərəkdən baş verməsi ehtimalı. Yəni həzrət Peyğəmbərin (s) vəfatından sonra bu iki şəxs Quranın toplanmasını öhdəsinə götürmüş, məlumatsızlıq, Quranın hamısının onlara çatdırılmaması və ya diqqətsizlikdən bəzi ayələri toplaya bilməmişlər və nəticədə Quran təhrif olunmuşdur. İkinci ehtimal: Təhrifin yuxarıda adları çəkilən iki şəxs tərəfindən bilərəkdən həyata keçirilməsi ehtimalı. Bu, onların xilafətinə və rəhbərliklərinə zərbə vurmayan ayələrdə olmuşdur. Üçüncü ehtimal: Təhrifin bilərəkdən olması ehtimalı, lakin bu, ikinci ehtimaldan fərqli olaraq yuxarıda adları çəkilən iki şəxsin hakimiyyəti üçün təhlükəli olan ayələrdə olmuşdur. Hansı ki, təhrif nəzəriyyəsini qəbul edənlər bu ehtimalın üzərində dayanırlar. Qeyd olunan bütün ehtimallar yanlışdır. Birinci ehtimal iki səbəbə görə yanlışdır:
1.Şübhəsiz ki, Peyğəmbər (s) Quranın əzbərlənməsini, qiraət və tərtilini əmr edirdi və səhabələr bu məsələlərə böyük əhəmiyyət verirdilər. Buna görə də əminik ki, Quran tam olaraq hafizələrdə, yaxud da kağız üzərində sözügedən şəxslərə çatdırılmışdır. Quranın nazil olduğu dönəmdə ərəblər cahiliyyət şerlərini əzbərləməyə böyük əhəmiyyət verirdilər. Belə olan halda necə ola bilər ki, Qurana lazımi əhəmiyyət verməsinlər. 2.“Səqəleyn” hədisi bu ehtimalın yanlışlığını üzə çıxarır. Çünki bu rəvayət Peyğəmbərin (s), öz dövründə insanlara Qurana tapınmaqlarını əmr etdiyini göstərir. Təbii ki, bir neçə ayənin dəyişikliyə uğradığı halda, Qurana bir küll halında, tərtib olunmuş kitab kimi tapınmaq mümkün deyildi. İkinci ehtimalın yanlışlığı:
Təbii ki, təhrifin bilərəkdən olunması üçün hər hansı bir səbəb lazımdır. Əbu Bəkr və Ömərin haikmiyyəti üçün zərərli olmayan ayələr haqqında belə bir səbəb olmamışdır. Elə buna görə də bu ehtimal yanlışdır. Üçüncü ehtimalın yanlışlığı: Əgər belə bir vəziyyət yaransaydı, o halda Əbu Bəkr və Omər hakimiyyətinin ilk müxalifləri, onların önündə gedən Əli (ə), həzrət Zəhra (ə), mühacir və ənsardan olan on iki nəfər bu məsələyə öz etirazlarını bildirər və onu həmin hakimiyyətin nöqsanları sırasında qeyd edərdilər. Halbuki, velə bir iddia onların heç biri tərəfindən qaldırılmamışdır. İkinci hal: Təhrifin, Osmanın xilafəti dövründə baş verməsi. Bu fikir birinci halda qeyd olunan fikirdən daha zəif nəzəriyyədir. Çünki:
Birincisi, İslam Osmanın xilafət dönəmində elə yayılıb möhkəmlənmışdı ki, Osman belə bir iş görmək iqtidarında deyildi.
İkincisi, əgər Osmanın xilafət dönəmində təhrif Əhli-beytin (ə) vilayəti ilə bağlı olmayan ayələrdə olubsa, buna heç bir səbəb olmayıb. Təbii ki, Quranda Əhli-beytin (ə) vilayəti ilə bağlı ayələrin təhrif olunmadığına əminik. Çünki Quranda tam aydınlığı ilə Əlinin (ə) xilafətini göstərən ayə olsaydı, xalq arasında yayılar və artıq xilafət Osmana çatmazdı. Üçüncüsü, Əgər Osman Quranı təhrif etsəydi, ona qarşı çıxanlar üçün öz üsyanlarına bəraət qazandırmağa görə bundan yaxşı bəhanə yox idi. Bir halda ki, bu haqda ona qarşı heç bir irad bildirilməmişdir. Dördüncüsü, əgər Quran Osman tərəfindən təhrif olunmuş olsaydı, Əli (ə) hakimiyyətə gəldikdən sonra Peyğəmbər (s) dövründə mövcud olan əsl Quranı meydana çıxarardı. Bir halda ki, belə bir vəziyyət yaranmamışdır. Deməli, ikinci hal da qəbulolunmazdır.
Üçüncü hal: Təhrifin Osmanın xilafətindən sonra Bəni-üməyyə rejimi tərəfindən həyata keçirilməsi. Bu yozum da bu günə qədər heç bir alimin iddia etmədiyi məsələlərdəndir. Əqli baxımdan dördüncü hal olmadığı üçün belə nəticəyə gəlirik ki, təhrif müddəası əqli və tarixi baxımdan heç bir dəlili olmayan yanlış iddiadır. Nəzərə almaq lazımdır ki, bu dəlil sırf müstəqil əqli qərar (hökm) deyil, əksinə, əqlin tarixi təhlildən çıxardığı nəticədir. İkinci yol: Burada öncə iki müqəddiməyə ehtiyac vardır:
Birinci müqəddimə: İslam dini səmavi dinlərin sonuncusu olaraq, ən kamil din kimi qiyamət gününə qədər böyük bir zamanı əhatə edən bütün dövrlər üçün hamıya bəxş edilmişdir. İkinci müqəddimə: Belə bir din, onun göstərişlərinin bir-biri ilə sıx əlaqədə olduğunu, möhkəmliyini göstərən əbədi, həmişəyaşar bir sənədə malik olmalıdır. Bu iki müqəddiməni tərkib etdikdə (əlaqələndirdikdə) belə bir nəticə aliriq ki, Allah mütləq bu kitabı təhrif təhlükəsindən qorumalıdır. Bu, əqli baxımdan yaradanın üzərinə düşən vəzifədir. Bu əqli (rasional) dəlil tutarlı deyil. Çünki ağıl nəticə çıxarır ki, Quran qiyamətə qədər olan bir zaman ərzində insanları hidayət etməyi öhdəsinə götürmüşdürsə, təhrif olunmamalıdır. Bu, mübahisə obyekti üçün yetərli deyil. Mübahisə obyektinə daxil olan məsələ Quranın təhrif olunub-olunmamasıdır. Ağıl isə müstəqil şəkildə bu məsələyə dəxalət edə bilməz. Aqillərin metoduna gəldikdə isə, bir çox alimlər Quranın təhrif olunmadığını sübuta yetirmək üçün yazırlar:
“Hər bir yazıçının sözünü təhrif etmək qeyri-təbii hadisədir. Çünki aqil insanların metodu təhrifə etinasızlıq göstərməkdir. Buna görə də Quranın təhrif olunmaması təbii hadisədir” . Bu dəlil, təhrif olunması üçün hər hansı bir səbəb olmayan kitaba aiddir. Lakin Quran kimi, düşmənlərin səyi daim onu təhrif etmək olan bir kitaba aid deyil.

ON İKİNCİ MƏQAM

ON İKİNCİ MƏQAM

TƏHRİFİ İNKAR EDƏN ƏN AYDIN AYƏ

TƏHRİFİ İNKAR EDƏN ƏN AYDIN AYƏ Bir çox tədqiqatçıların iddiasına gorə, Quranın təhrifini inkar edən ən aydın ayə budur:
﴾ حَكِيمٍ حَمِيدٍ لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ ﴿
“O (Qur’an), şübhəsiz ki, məğlubedilməz kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan tərəfindən nazil edilmişdir”. Hətta bəzilərinə görə, bu ayənin Quranın təhrif olunmadığını sübut edən ən aydın ayə olduğunu təfsirçilər yekdilliklə qəbul edirlər.
Təhrifin inkarı üçün bu ayəyə bir neçə şəkildə əsaslanmaq mümkündür: 1.Allah-təala bu ayədə Quranı “عزیز” (əziz) sözü ilə vəsf etmışdır. Məlum olduğu kimi, “عزیز” (əziz) sözü hərfi məna etibarilə hər hansı bir dəyişikliyə uğramadan, əskilmədən amanda olan əşya haqqında işlənilir. 2.Bu ayədə “batil”in Qurana daxil olması inkar edilmişdir. İnkar ədatı bu kimi cümlələrdə ümumi məna ifadə edir. Yəni ayədə “batil”in bütün növ və qisimləri inkar edilir. “Batil” sözü hərfi məna etibarilə boş, faydasız, pozuq və s. mənalarını ifadə edir. Məlumdur ki, təhrif “batil”in bariz nümunələrindəndir. 3.Bu ayədə Allah-təala məlum hökmün səbəbi kimi Quranın tərifəlayiq, hikmət sahibi bir varlıq tərəfindən göndərildiyini göstərir və ona görə də “batil”in ona yol tapmayacağını bildirir. Bu səbəb özü hikmət sahibi olan varlıq tərəfindən göndərilən kitabın təhrifolunmazlığını göstərir. Mərhum Hacı Nuri yazır:
“Quranın təhrifinin “batil”in nümunələrindən olmasına baxmayaraq, bu ayədə “batil”də məqsəd onun məhdud mənasıdır. Məqsəd əhkamda mövcud ola biləcək ziddiyyətlər, verilən xəbərlərdə hər hansı bir əksliyin meydana çıxması, biri digərini təkzib etmə və s.-dir. Mərhum Nuriyə cavab olaraq yazırlar:
“Hər hansı bir konkret ziddiyyətdən, əkslikdən söhbət etmək Quranı “izzət” sözü ilə vəsf etməklə uyğun gəlmir. Başqa sözlə desək, ayədə mövcud olan vəsf Quranın “batil”in bütün növlərindən uzaq olmasını tələb edir”. Fikrimizcə, bu cavab açıqlanmalı və təkmilləşdirilməlidir. Qeyd etməliyik ki, ayənin ilkin zahiri (ibtidai) mənası Quranın mütləq şəkildə “عزیز” (məğlubedilməz) olduğunu göstərir. Mütləq izzət sözü isə hər hansı bir məhdud ziddiyyətin, əksliyin nəzərdə tutulmasını tələb edir. Çünki kitab məhdud ziddiyyətlərdən qorunursa, bu zaman “izzət” sözünün mənası da məhdudlaşır. Bu ayəyə əsaslanmağın başlıca iradı böyük şiə və əhli-sünnə alimlərinin təfsirləri ilə uyğun gəlməməsidir. Başqa sözlə, heç bir təfsirçı alim bu ayəni təhrifi inkar edəcəyi şəkildə açıqlamamışdır. Məsələn, Şeyx Tusi “Tibyan” kitabında məlum ayəni təfsir edərkən beş ehtimal mövcud olduğunu vurğulayaraq yazır: 1.“Batil”in Qurana yol tapa bilməməsində məqsəd, ona heç bir şübhə aid edilməməsi və ziddiyyətlərin ona yol tapa bilməməsidir. Bir sözlə Quran xalis haqdır. 2.Qutadə və Suddiyə görə, Allahın bu sözdə məqsədi budur ki, Şeytan Quranda hər hansı bir haqqı azalda və ona batil əlavə edə bilməz.
3.Məqsəd Qurandan öncə və yaxud sonra onu batil edə biləcək bir şeyin olmamasıdır.
4.Həsənə görə, məqsəd batilin onun əvvəlinə, yaxud axırına yol tapa bilməməsidir.
5.Quranın keçmişdən, yaxud gələcəkdən verdiyi xəbərlərdə hər hansı bir batil, yanlışlıq yoxdur. Seyid Mürtəza yazır:
“Bu ayənin ən gözəl açıqlaması budur ki, Qurana oxşar kəlam, söz yoxdur. O, özündən sonrakı hər hansı bir kitaba bənzəmir. Özündən öncəki kitablarla əlaqəli deyil. Özündən sonrakı kitablar da ona bağlı deyil. Yəni Quran tam müstəqil, analoqu olmayan, onunla müqayisə olunacaq hər hansı bir kitabdan üstündür. Yuxarıda qeyd olunan ehtimallara belə cavab vermək olar:
Birincisi, bu təfsir və açıqlamaların bəzisi təhriflə üst-üstə düşür. Buna misal olaraq, Qütadə və Suddinin fikirlərini göstərmək olar. İkincisi, heç bir təfsirçi alim məlum ayənin təhriflə bağlı olduğunu bildirməsə belə, lazımi yerlərdə sübuta yetirilmişdir ki, təfsir metodlarından biri ilkin zahiri (ibtidai) mənaya əsaslanmaqdır. Məlum ayənin ilkin zahiri (ibtidai) mənası təhrifə aiddir. Təfsirçı alimlərin açıqlamalarına gəldikdə isə, bildirməliyik ki, onların bu və ya digər fikirləri öz-özlüyündə, məsum sözünə əsaslanmadan heç də etibarlı hesab oluna bilməz. Üçüncüsü, məlum ayədə yer alan “batil” anlayışını izah edən rəvayətlərdə hər hansı bir inhisar, məhdudiyyət nəzərə çarpmır. Bu açıqlamalar sadəcə olaraq bir neçə nümunədir.

ON ÜÇÜNCÜ MƏQAM

ON ÜÇÜNCÜ MƏQAM

TƏHRİF MÜDDƏASI QƏBUL OLUNDUĞU TƏQDİRDƏ, QURANIN İLKİN ZAHİRİ (İBTİDAİ) MƏNASI ETİBARDAN DÜŞÜRMÜ?

TƏHRİF MÜDDƏASI QƏBUL OLUNDUĞU TƏQDİRDƏ, QURANIN İLKİN ZAHİRİ (İBTİDAİ) MƏNASI ETİBARDAN DÜŞÜRMÜ? Təhrif müddəasının qəbul olunduğu təqdirdə Quranın ilkin zahiri (ibtidai) mənası etibardan düşürmü və ya belə olan halda ona əsaslanmaq düzgündürmü? Bu sual yalnız Quranın təhrif olunduğunu iddia edən hər hansı bir şəxsin təhrifi “icmali” şəkildə (ümumi bilik şəklində) bildiyi halda düzgündür. Bir çoxlarının fikrincə, hər hansı bir ayənin təhrif olunduğu ehtimal olunarsa, “aqillər metodu”nun ən mühüm prinsipi olan “dəlilsizlik” qanununa güvənərək həmin ayənin ilkin zahiri (ibtidai) mənasına əsaslanmaq olar. Başqa sözlə, təhrif olunmuş kitabın etibarlı sayılması üçün məsumların (ə) təsdiq etməsinə ehtiyac yoxdur.
Bu metoddan yalnız “aqillər”in bu qanuna “birgə dəlil” mövcud olduğu güman olunduqda icazə verdikləri zaman yararlanmaq olar. Halbuki, araşdırmalara əsasən, “aqillər” bu qanundan yararlanmağa yalnız “birgə dəlil” olmadıqda, yəni danışanın sözündən ayrı hər hansı bir dəlil olmadıqda icazə verirlər. “Birgə dəlil”in olduğu ehtimal olunduqda isə bu metoddan istifadə etmək olmaz. Təhrif məsələsində də “icmali” şəkildə (ümumi bilik şəklində) bildikdən sonra ehtimal olunan, “birgə dəlil”in mövcudluğudur; hansı ki, təhrif nəticəsində aradan getmişdir.

ON DÖRDÜNCÜ MƏQAM

ON DÖRDÜNCÜ MƏQAM

“SƏQƏLEYN” HƏDİSİ, QURANIN TƏHRİF OLUNMADIĞINA ƏN TUTARLI DƏLİLDİR

“SƏQƏLEYN” HƏDİSİ, QURANIN TƏHRİF OLUNMADIĞINA ƏN TUTARLI DƏLİLDİR Quranın təhrif olunmadığına dəlil olan ən mühüm rəvayət “Səqəleyn” hədisidir. Hansı ki, Peyğəmbərin (s) Əli (ə), Əbuzər, İbn Abbas, Abdullah ibn Ömər, Hüzeyfə və Əbu Əyyub Ənsari kimi 33 min nəfərə yaxın böyük səhabələri nəql etmiş və 200-ə yaxın böyük “əhli-sünnə” alimi öz kitabında qeyd etmişdir. Sözügedən hədis, sənədlərindən birinə əsasən belədir: Həzrət Peyğəmbər (s) buyurur: إنّی تارِکٌ فیکُمُ الثَّقَلَیْنْ، کِتابَ اللهِ وَ عِتْرَتی وَ فیهِ الْهُدی وَ النُّور، فَتَمَسَّکُوا بِکِتابِ اللهِ وَ خُذُوا بِهِ وَ أهْلَ بَیْتی، أذْکُرُکُمُ الله فی أهْلِ بَیْتی (ثَلاثَ مَرّات)
Təhrifin inkarı üçün bu hədisə iki yolla əsaslanmaq mümkündür:
Birinci yol: Bu, altı məqama diqqət yetirdikdə aydınlaşır.
1.Hədisdə göstərilir ki, Qiyamət gününə qədər Qurana tapınmaq mümkündür.
2.Quranın təhrif olunması ona tapınmağın mümkünlüyünü şübhə altına alır.
3.Qurana tapınmaq, onun bütün buyuruqlarına əməl etmək deməkdir. Burada məqsəd yalnız əhkamla bağlı məhdud ayələrə əməl etmək deyil. Başqa sözlə desək, Quranda məqsəd, yalnız əhkam və əməli (praktiki) göstərişlərin izahı deyil, əksinə, daha geniş məna, insanlıarın hidayət olunması, zülmətdən nura doğru nicatıdır. 4.Təhrifdə məqsəd, Quranın bəzi həqiqətlərini gizlətmək və nurunu qismən də olsa söndürməkdir. Təbii ki, təhrif olunmuş kitab bütün sahələrdə bir hidayət çırağı kimi bəşəriyyətin yoluna işıq saça bilməz. Bir halda ki, Quran öz məqsədinin insanları zülmətdən nura çıxarmaq, onları ən yüksək maddı və mənəvi məqamlara ucaltmaq olduğunu bildirir və bu, yalnız ona əməl etməklə mümkündür. 5.Qurana tapınmaq, itrətə tapınmaqdan fərqli olaraq, yalnız Quranın özünü əldə etdikdən sonra mümkündür. Bu, “Əhli-beyt”in yanında qorunub saxlanan və əlçatmaz Quran deyil, insanların ixtiyarında olan Quran olmalıdır. 6.Hədisdən aydın olur ki, Qurana tapınmaq nəinki mümkün, əksinə, vacibdir. Çünki burada xəbər cümləsi əmr cümləsi şəklində işlədilmişdir və bu “təklifi hökm”dür. “Üsul” elmindən aydın olduğu kimi, şəriət göstərişlərində əmr olunan hökm ona əməl edəcək insanların bacarığı xaricində olmamalıdır. Təbii ki, Quran təhrif olunsaydı, ona tapınmaq mümkün olmayacaqdı. İkinci yol: Hədisdən məlum olur ki, iki ağır yükün hər biri ayrı-ayrılıqda, müstəqil və tam dəlildir. Birinin etibarlı hesab olunması, digərinin təsdiq etməsinə bağlı deyil. Əlbəttə, bu heç də onların hər birinin ayrı-ayrılıqda bəşəriyyəti son kamillik həddinə ucaltmaq və azğınlıqlardan, büdrəmələrdən qorumaq üçün kifayət olduqları demək deyil. Bütün bunlar bu iki ağır yükün üzərinə düşən müştərək vəzifələrdir. Deməli, Quran təhrif olunduğu təqdirdə ilkin zahiri (ibtidai) mənası etibardan düşür və nəticə etibarı ilə təhrif olunmuş kitaba əsaslanmaq üçün məsumların (ə) onu təsdiq etməsi zərurəti meydana çıxır və hədisin ilkin zahiri (ibtidai) mənası ilə ziddiyyət təşkil edir. Çünki hədisin ilkin zahiri (ibtidai) mənasından bu iki dəlilin müstəqil olduğu məlum olur. Ümumiyyətlə, böyük əmanətin etibarı kiçik əmanətə necə bağlı ola bilər? Bu iki əsaslanmadan belə bir nəticə alırıq:
Birincisi, Qurana tapınmaq, ona əməl etmək nəinki mümkün, əksinə, vacibdir.
İkincisi, Quran müstəqil dəlildır. Məlum olduğu kimi, təhrif nəzəriyyəsi hədisdən alınan bu iki nəticə ilə ziddiyyət təşkil edir.


ON BEŞİNCİ MƏQAM

ON BEŞİNCİ MƏQAM

TİLAVƏTİN “NƏSX”İ VƏ “İNSA” ANLAYIŞLARI

TİLAVƏTİN “NƏSX”İ VƏ “İNSA” ANLAYIŞLARI Əhli-sünnə alimlərinin əsərlərində “tilavətin nəsxi” və “insa” terminlərinə tez-tez rast gəlirik. Onların bəzisi tilavətin “nəsx” olunmasının “icmali” şəkildə baş verdiyinə əqli (rasional) və nəqli (ənənəvi) dəlillər olduğu qənaətindədirlər. Aşağıdakı sətirlərdə iki terminin təhrif anlayışı ilə nə kimi fərqi olduğunu və ya tilavətin “nəsx” olunmasını (qüvvədən düşməsini) qəbul etdikdə təhrifi qəbul etmiş olub-olmadığımızı araşdırmaq istəyirik. Hədis kitablarında bir çox hədislər mövcuddur ki, əhli-sünnə alimlərini, onları “tilavətin nəsxi”nə yozmağa vadar etmişdir. Bu rəvayətlərdən biri “rəcm” (daşqalaq) məsələsi ilə bağlıdır. Ibn Abbasın nəql etdiyinə görə, Ömər demişdir: “Peyğəmbərə (s) nazil olan ayələrdən biri də “rəcm” (daşqalaq) ayəsidir. (...الشَّیْخُ وَالشَّیْخةُُ إذَا زَنَیا فَارْجَمُوهُما) Peyğəmbər (s) öz dövründə bu hökmü həyata keçırırdı. Biz də o həzrətdən sonra bu hökmü həmin şəkildə icra edirdik”. Zeyd ibn Sabit deyir: “Peyğəmbərdən (s) eşitdim ki, ailəli kişi və ya ailəli qadın zina edərsə, daşqalaq olunmalıdır”.
Zeyd, Peyğəmbərin (s) bu sözünün Quranın bir hissəsi olduğunu iddia etməmişdir. Ömər isə bunun Quran ayəsi olduğunu güman etmiş, Peyğəmbərdən (s) onu Qurana yazıb-yazmaması haqqında soruşduqda, həzrət (s) cavab verməmişdir. Əhli-sünnə alimləri bu hökmün və Peyğəmbərin (s) sözünün Quran ayəsi olduğunu düşünmüş və tilavətinin (oxunuşunun) “nəsx” olunduğunu (qüvvədən düşdüyünü), hökmün özünün isə hələ də qüvvədə olduğunu iddia etmişlər. Bu nöqteyi-nəzər elmi dairələr tərəfindən kəskin tənqid atəşinə tutulmuş və ona bir çox iradlar bildirilmişdir. Bu irad və tənqidlərə nəzər salaq:
1.Nəsx”in, növündən asılı olmayaraq, (yəni istər oxunuşun, istərsə də hökmün nəsx olunması) “nasix”ə (nəsx edən, qüvvədən salan yeni hökmə) ehtiyacı var. Məlum ayəni qüvvədən salacaq hər hansı bir ayə mövcud deyil. 2.Lazımi yerlərdə sübuta yetirilmişdir ki, “nəsx” şəriət hökmləri çərçivəsində olmalıdır. Tilavət isə şəriət hökmü deyil (əlbəttə, bu irada belə bir cavab verilmişdir ki, tilavətdə məqsəd onun özü deyil, ayənin oxunmasının hökmüdür. Belə olan halda onu bir şəriət hökmü hesab etmək olar). 3.Bu növ “nəsx”in, yəni ayənin oxunuşunun qüvvədən düşməsi, özündə əks etdirdiyi hökmün isə hələ də qüvvədə qalmasının nə faydası var?
4.Ən mühüm irad Ayətullah Xoyiyə məxsusdur. O yazır:
“Əgər bu “nəsx” (yəni oxunuşun qüvvədən düşməsi) Peyğəmbərin (s) yaşadığı dövrdə, o həzrətin göstərişi ilə həyata keçirilibsə belə, təhrifə səbəb olmamasına baxmayaraq, bu məsələni özündə əks etdirən rəvayətlər “xəbəri-vahid”dir və təbii ki, onlara etimad göstərmək olmaz. Bundan başqa, həmin rəvayətlərin bəzisində bu növ “nəsx”in Peyğəmbər (s) zamanından sonra baş verdiyi göstərilir. Belə olan halda, əgər bu “nəsx” alimlər, dövrün biliciləri tərəfindən həyata keçirilmişdirsə, bu, təhrifi qəbul etmək deməkdir”. “Rəcm” (daşqalaq) məsələsi haqqında deyilənlərin yanlışlığı isə olduqca aydın məsələdir. Çünki Quranın davamlı olaraq yazılmasına böyük diqqət göstərən, vəhy katiblərinə hər bir ayənin qeydə alınmasını tapşıran Peyğəmbər (s), “rəcm” ayəsinin Qurandan olmasına baxmayaraq, onun yazılmasına diqqətsizlik göstərib Ömərin sualına cavab olaraq necə susdu? Deməli, oxunuşun qüvvədən düşməsi məsələsi yanlışlığı aydın olan məsələlərdəndir. Belə ki, bir çox müasir əhli-sünnə alimləri əqli baxımdan oxunuşun qüvvədən düşməsini qəbul etsələr də Quranda belə bir “nəsx” olmadığı fikrindədirlər. İbn Həzm Əndəlosi öncə oxunuşun qüvvədən düşməsini qəbul etsə də sonda onu, Qurana aidiyyatı olmayan bir şəkildə izah etmişdir.

ON ALTINCI MƏQAM

ON ALTINCI MƏQAM

ŞİƏ MƏZHƏBİ TƏHRİF MÜDDƏASINI QƏBUL EDƏ BİLMƏZ

ŞİƏ MƏZHƏBİ TƏHRİF MÜDDƏASINI QƏBUL EDƏ BİLMƏZ Şiə məzhəbi nəinki təhrif müddəasını qəbul etmir, prinsipcə onu qəbul edə də bilməz. Çünki Şiə məzhəbinin etiqadı ilə bağlı məsələlərin özülünü Quranın “Təthir” ayəsi təşkil edir. وَيُطَهِّرَكُمْ تَطْهِيرًا ﴾ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ ﴿
“Allah siz əhli-beytdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istəyir!”
Lazımi yerlərdə sübuta yetirilmişdir ki, bu ayə Əhli-beytin (ə) məsumluğuna aşkar dəlildir. Hansı ki, bu məsumluq xəlifəlik və rəhbərliyin başlıca şərtidir. Quranın təhrif olunduğunu iddia edən kimsə, artıq məsumluğun isbatı üçün bu ayəyə əsaslana bilməz. Bu ayənin əsl məqsədi, o zaman məlum olar ki, “Həmd” surəsi ilə başlanan, Peyğəmbər (s) dönəmində tərtib edilən, sonradan heç bir dəyişikliyə məruz qalmayan, hər bir ayəsi özünəməxsus lazımi yerdə yerləşən, belə ki, yeri dəyişdikdə məqsədinin də aradan getdiyi Quranı qəbul edək. Bu ayədə Allahın məqsədi budur ki, Peyğəmbərin (s) qadınlarının üzərinə düşən vəzifələri açıqlamaqla yanaşı məsum Əhli-beyt (ə) haqqında da xüsusi məsələni aydınlaşdırsın və onlara özünəməxsus vəzifələri olduğunu xatırlatsın. Hər halda bu kimi ayələrin təhrif olunduğu ehtimal olunarsa, artıq Şiə etiqadları üçün heç bir əsas, dəlil qalmayacaq.

ON YEDDİNCİ MƏQAM

ON YEDDİNCİ MƏQAM

TƏHRİFLƏ BAĞLI RƏVAYƏTLƏRƏ ÜMUMİ BAXIŞ

TƏHRİFLƏ BAĞLI RƏVAYƏTLƏRƏ ÜMUMİ BAXIŞ Təhrif müddəasını qəbul edənlərin ən mühüm dəlilləri Şiə və Əhli-sünnə kitablarında qeyd olunmuş rəvayətlərdir. Bu rəvayətlərin sayı bir çox tədqiqatçıların hesablamalarına görə, 1122-yə yaxındır. Bəziləri bunların “icmali” şəkildə “mütəvatir” olduğunu qəbul edirlər. Onların fikrincə, bu rəvayətlərin çoxunun sənəd baxımından zəif olduğuna baxmayaraq, hədislərin çoxluğuna görə onların içində “səhih” hədislərin olduğu da ehtimal olunur. Təhrif müddəasını qəbul edənlər bu hədislərə əsaslanaraq, Quran ayələrinin azaldıldığını iddia edirlər. Böyük alimlər bu rəvayətlərə cavab olaraq iki baxımdan irad tutmuşlar.
1.Sənəd və bu rəvayətlərin yer aldığı kitablar baxımından.
2.Mövcud hədislərin təhrif müddəasını təsdiq edib, yaxud etməməsi baxımından. İndi isə hər iki iradın izahına nəzər salaq:
Birinci iradın izahı:
Bu hədislərin çoxunun sənədində Əhməd ibn Məhəmməd Səyyari olduğu müşahidə olunur. “Rical” alimlərinin fikrincə, o, dinə əhəmiyyət verməyən və zəif hədislər nəql edənlərdəndir. Nəcaşi onu “ğülüvv” etməkdə (Peyğəmbər (s) və imamlara (ə) pərəstişdə ifrata varıb, bəzi ilahi xüsusiyyətləri onlara aid etmək) etməkdə ittiham edir. İbn Qəzairi isə onu yolunu azmış adlandırır.
Bu rəvayətlərin sənəd silsiləsində müşahidə olunan rəvayətçilərdən biri də Hüseyn ibn Zibyandır. “Rical” alimləri onun haqqında yazırlar: “O, (elm və iman baxımından) çox zəifdir, onun bütün kitablarında “xəlt” (qatqı) mövcuddur”. İbn Qəzairi onu “ğülüvv” edən, hədsiz yalançı və saxta hədis quraşdıran adlandıraraq məzəmmət edir.
Rəvayətlərin sənəd silsiləsində müşahidə olunan üçüncü şəxs Əli ibn Əhməd Kufidir. Rical alimlərinin fikrincə, o, (elm və iman baxımından) zəif, rəvayətlərdə dəyişiklik aparan, bir çoxlarına görə isə yolunu azmış “ğali”lərdən (Peyğəmbər (s) və imamlara (ə) pərəstişdə ifrata varıb, bəzi ilahi xüsusiyyətləri onlara aid edən) olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, bu hədisləri nəql edən rəvayətçilər (elm və iman baxımından) olduqca zəif olduqları üçün onlara etibar etmək olmaz. Bundan başqa, bu rəvayətlərin qeyd olunduğu kitabların böyük əksəriyyəti olduqca etibarsız kitablardır. Bu kitabları nəzərdən keçirək:
1.Bu rəvayətlərin bəzisi Səd ibn Abdullah Əşəriyə aid edilən kitabdan götürülmüşdür. Bu kitabın Noman və Seyid Mürtəzaya aid olduğu qənaətində olanlar da vardır. Kitab müəllifi dəqiq məlum olmadığından heç bir Rical alimi onu etibarlı hesab etməmişdir. 2.Bu hədislərin bir neçəsi Süleym ibn Qeys Hilalinin kitabından götürülmüşdür. Hansı ki, Şeyx Müfid bu kitab barəsində yazır:
“Bu kitaba heç bir şəkildə etibar etmək olmaz. Əksər hallarda ona uyğun şəkildə əməl etmək düzgün deyil. Sözügedən kitabda dəyişikliklər aparılmışdır. Dinə bağlı kimsələr bu kitabdan uzaq gəzməlidirlər”. 3.Üçüncü kitab “Kitabüt-tənzil vət-təhrif” və yaxud “Qiraətlər” kitabıdır. Bu kitabın müəllifi Əhməd ibn Məhəmməd Səyyardır. Öncə qeyd etdiyimiz kimi “rical” alimləri onun (elm və iman baxımından) zəif olduğunu bildirmişlər. 4.Bu rəvayətlərin bəzisi Əbil-Carudun bədii təfsirindən götürülmüşdür. Əbil-Carud İmam Sadiqin (ə) lənət oxuduğu şəxs olmuşdur. Bundan başqa, bu təfsirin sənədində Kəsir ibn Əyyaş müşahidə olunur. Hansı ki, onun da (elm və iman baxımından) zəif olduğu bildirilmişdir. 5.Belə kitablardan biri də Əli ibn İbrahim Qumiyə aid edilən təfsir əsəridir. Bu, onun öz şagirdi Əbülfəzl əl-Abbas ibn Məhəmməd Ələviyə dediklərinin yazılı formasıdır. Bundan başqa, Əbil-Carudun təfsiri ilə də qarışmışdır. 6.Bu rəvayətlərin istinadgahlarından biri də Əli ibn Əhməd əl-Kufinin “İstiğasə” kitabıdır. Hansı ki, İbn Qəzairi onun yalançı və ğali olduğunu bildirmişdir. 7.Bu rəvayətlərin bəzisi Təbərsinin “Ehticac” əsərindən götürülmüşdür. Hansı ki, bu kitabda qeyd olunan hədislərin əksəryyəti “mürsəldir”. Ona görə də bu kitaba bir hədis kitabı kimi əsaslanmaq olmaz. 8.Bu hədislərin əksəriyyəti “Üsuli-kafi” kitabında da qeyd edilmişdir. Lakin bu və ya digər hədisin yalnız hər hansı bir kitabda qeyd olunması, onun düzgün olduğuna dəlil ola bilməz. Bir çoxlarının iddiasına görə “Üsuli-kafi”də mövcud olan 16199 hədisin yalnız 5172-si “səhih”dir. Təqribən, 144 hədis “həsən” , 2128 hədis “müvəssəq” , 302 hədis “qüvvətli”, 7480 hədis isə “zəif” hədislər sırasındadır. İkinci iradın izahı:
Sözügedən hədislər məzmunca fərqlidirlər və bu baxımdan onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1.Bu hədislərin bəzisi “mənəvi təhrif”lə bağlıdır. Hansı ki, bizim mübahisə obyektimizdən xaricdir.
2.Bu rəvayətlərin bəzisi qiraətdə mövcud olan fərqlərlə bağlıdır. Ona görə də mövzu etibarilə təhrif məsələsinə heç bir aidiyyatı yoxdur.
3.Belə hədislərin bir qismi isə bir ayənin izahı və ya təfsiridir. Lakin bir çoxları ayənin izahını təfsir deyil, məhz ayənin bir hissəsi olduğunu güman etmişlər. Buna misal olaraq aşağıdakı hədisi göstərmək olar:
رَوی الکُلینی بأسنادِهِ عَنْ موسی بن جعفر - علیه السلام - فی قوله تعالی: ﴿ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا ﴾ إنه - عليه السلام – تلا هذه الآية الی قوله: ﴿ فَأَعْرِضْ عَنْهُمْ ﴾ و اضاف "فَقَدْ سَبَقَتْ عَلَيْهِمْ کَلِمَةُ الشَّفاءِ وَ سَبَقَ لَهُمْ الْعَذاب" وَ تَلا بَقية الآية
Mühəddis Nuri yazır:
“Hədisdə mövcud olan ümumi vəziyyət bu əlavənintəfsir deyil, məhz Quranın bir hissəsi olduğunu göstərir”. Əllamə Məclisi və s. alimlər bu əlavənin təfsir (açıqlama, izah) olduğu qənaətindədirlər.
4.Bəzi ayələrdə həzrət Əlinin (ə) və digər məsumların (ə) adlarının olduğunu iddia edən hədislər. Bu məzmunda olan hədislər də yalnız təfsir əhəmiyyəti daşıyır və əsla məsumların (ə) adının Quranın tərkib hissəsi olduğunu bildirmir. 5.Bəzi hədislər də Qüreyş qəbiləsindən olan bir neçə nəfərin adının Quranda olduğunu göstərir. Guya Quran təhrif olunaraq həmin adlar çıxarılmış, yalnız Əbu Ləhəbin adı saxlanılmışdır. Bu qrupa daxil olan hədislərdə iki irad özünü açıqca göstərməkdədir:
Birinci irad: Bu hədislər biri digərini inkar edəcək dərəcədə ziddiyyətlidir. Çünki çıxarıldığı iddia edilən adların sayı bəzi hədislərdə 70, bəzilərində isə 7 şəklində göstərilmişdir. İkinci irad: Bu hədislərin məzmununa diqqət yetirdikdə yalan olduğu üzə çıxır. Ümumiyyətlə, bu adlardan nə üçün yalnız Əbu Ləhəbin adı qalmalı idi? 6.Peyğəmbərin (s) vəfatından sonra Quranda bəzi sözlərin dəyişdirilməsini, başqa sözlə, Quranın həm azaldılma yolu ilə həm də əlavələr olunması yolu ilə təhrif olunduğunu göstərən hədislər. Bu qrupa daxil olan hədislər də müsəlmanların yekdil rəyi ilə ziddiyyət təşkil edir. Çünki müsəlmanlar bütünlüklə Qurana bir hərf belə artırılmadığı qənaətindədirlər. 7.Həzrət İmam Zamanla (ə) bağlı hədislər. Bu hədislərə görə, O, zühur etdikdən sonra camaatı həzrət Əlinin (ə) özündə saxladığı “müshəfi” (Quranı) oxumağa məcbur edəcək. Bu məzmunda olan hədislərin təhriflə heç bir əlaqəsi yoxdur. Çünki həzrət Əlinin (ə) tərtib etdiyi “müshəf”in hazırkı Quranla fərqliliyi danılmazdır, lakin bu fərqlər Quranın mətni ilə bağlı deyil, əksinə, onun tərtib olunmasında bəzi əlavə izah və açıqlamalarla bağlıdır. 8.Qurandan hər hansı bir sözün və ya ayənin çıxarıldığını göstərən hədislər. Bu hədisləri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1.Quran ayələrinin həqiqi sayının hazırkından daha çox olduğunu göstərən hədislər.
2.Quranda mövcud olan bəzi surə və ayələrinin sayının əslində olduğundan az olduğunu göstərən hədislər.
3.Bir sözün və ya ayənin azaldıldığını göstərən hədislər.
Bunlara cavab olaraq deməliyik ki:
Birincisi, bu hədislər Quranla ziddiyyət təşkil edir. Ona görə də onlara əsaslanmaq olmaz.
İkincisi, belə hədislər arasında biri digərini inkar edəcək dərəcədə ziddiyyətli hədislər mövcuddur.
Üçüncüsü, əgər bu hədislərin içində “səhih” hədis olsa belə, ona əsaslanmaq olmaz. Çünki bunlar “xəbəri-vahid” qisminə daxildirlər və belə mühüm məsələdə “xəbəri-vahid”ə əsaslanmaq məqsədəuyğun deyil. Dördüncüsü, bu hədislərin bəzisi məsumların (ə) adının Qurandan çıxarılmasından xəbər verir. Öncə qeyd etdiyimiz kimi, bu məzmunda olan hədislər yalnız təvil, təfsir və ya nümunələrin izahıdır.

SON

SON