HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
 


İSLAM KOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O, İslam qoşunu və komandan üçün vəzifələr və səciyyələr tə’yin etdikdən sonra qoşun və komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır. Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan və qoşun qarşısında rəhbərin vəzifələri sadalanır, onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur: 1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər də komandanlarla mehriban olmalıdır; 2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir. 3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən, həyat durumundan xəbər tutmalı, onlara lütf və mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur və nəticədə səmimiyyətlə xidmət edib, can-qəlbdən çalışır. 4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli, zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət və məhəbbətini cəzb etməkdə çox tə’sirlidir. Komandanları rəhbərin böyük lütfləri kimi, kiçik lütfləri də sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur: ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَا يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَلاَ يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَلاَ تَحْقِرَنَّ لُطْفاً تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ. وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِعاً لاَ يَسْتَغْنُونَ عَنْهُ “Hərbiçilərə elə diqqət yetir ki, valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir. Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var, ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.” ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi, komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar bə’zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki, belə komandanlarla rəhbər arasında xüsusi təmaslar və səmimi rabitələr olur. Bu sayaq xüsusiyyət və imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş və ali komandanları sayılır. Başqa sözlə, vali və ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir, məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə, tam arxayınlıqla savaş və ordunun ixtiyarı onlara verilir. Həzrət Əlinin (ə) nəzərincə, bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir. 1.Yaşayış səviyyəsi, maddi imkanlar, ev və ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir, həm də komandan döyüşçülərin həyat problemlərini hiss edir. 2.Diqqət, canıyananlıq və proqram əsasında qoşunun ehtiyacları və çatışmazlıqları ilə məşğul olmaq. Belə ki, döyüşçü savaşa gedərkən öz ailə-övladının tə’minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür və ilahi məqsəd izləyir. 3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki, döyüşçü öz ailəsinin tə’minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir, yalnız ilahi hədəflə cihad edir. Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir: وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ “Sənin üçün ən üstün komandan o kəsdir ki, döyüşçülərinə bərabər həddə kömək edir, öz imkanlarından onlara daha çox əl tutur. Belə ki, onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir, onları sənə mehribanlaşdırır.” ƏDALƏTİN BƏRQƏRAR OLMASI, XALQLA DOSTLUQ Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Maliki təşviq edir ki, ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə, dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə, həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki, haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə, zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək, bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur: وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ لاَ تَظْهَرُ مَوَدَّتُهُمْ إِلاَّ بَسَلاَمَةِ صُدُورِهِمْ، وَلاَ تَصِحُّ نَصِيحَتُهُمْ إِلاّ بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ، “Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə, onların istəklərinə meydan ver.” TƏŞVİQİN ZƏRURİLİYİ VƏ ONUN ORDUNUN RUHİYYƏSİNƏ TƏ’SİRİ Döyüşçülərin ən mühüm ruhi və mə’nəvi ehtiyaclarından biri onların vali və hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən, bu qəbil təşviqlər tənbəl və süst insanların özünə gəlməsinə səbəb olur, onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur: وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ “Daim (qoşunu) təşviq et, onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla, tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah” AYRISEÇKİLİK BƏLASI Həzrət Əlinin (ə) nəzərincə, təşviq və qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək də böyük və tale yüklü əhəmiyyət daşıyır. Layiqli başçı bilməlidir ki, heç bir bəla ədalətsizlik və ayrıseçkilik kimi xalq arasında ümidsizlik və soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə, islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər də əhəmiyyətli iş görməyənlərin daha çox lütf və məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik və İslamdan uzaq bir iş olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur, çalışqan insanları süstləşdirib guşənişin edir. Buna görə də ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı, həddi aşanlara lütf və mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir və ədalətdən uzaqdır. Bu əsasla hakim vəzifəlidir ki, fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq və qədirdanlıqda insanların təlaş və ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın, böyük-kiçikliyin, məşhurluq və adsızlığın, varlılıq və yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur: ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَا أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَلاَ تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَا كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً “Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki, onun kiçik işi böyük sayılsın. Eləcə də, bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.” İSLAM CƏMİYYƏTİNDƏ QUR’AN VƏ SÜNNƏNİN YERİ İslam cəmiyyətində Qur’an və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Qur’an və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi, islami məsələlərdə Qur’an və sünnənin aparıcılığıdır. Başqa sözlə, Qur’an və sünnə əvvəla bütün ictimai-siyasi, iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi, ixtilaf və parçalanma zamanı Qur’an və sünnə haqqın batildən seçilmə me’yarı olur. Həzrət buyurur: وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ “Qarşına müsibət çıxdıqda, bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur: “Ey mö’minlər Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.” Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək, rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.” MÜHAKİMƏNİN ƏHƏMİYYƏTİ VƏ İSLAMDA QAZİNİN ŞƏXSİYYƏTİ Cəmiyyətdə zülm-sitəm və fəsad olmadıqda hökumətin əsasları möhkəmlənir və titrək olmur. Zülm-sitəmlə və fəsadın kökü o zaman kəsilir ki, ədalət və haq mühakimə bütün cəmiyyətdə möhkəmlənsin, istənilən bir təcavüz aradan qaldırılsın. Bəli, bütün bu məqsədlərə nail olmaq üçün məhkəmə orqanlarında saleh mühakimə hakim olsun. Layiqli və saleh qaziləri (hakimləri) olmayan hökumətin məhkəmə orqanları fəsada sürüklənir. Beləcə, hər yerdə zor, təcavüz və xilaf hakim olur. Qanunun hökmü aradan qalxır, hərc-mərclik cəmiyyətin bünövrəsini laxladır, fəsad baş qaldırır. Demək, qanunun işləməsi, sağlam məhkəmə sisteminin fəaliyyəti üçün hər şeydən öncə saleh qazilərə ehtiyac var. Bəs saleh qazi üçün hansı şərtlər nəzərdə tutulur? Həzrət Əlinin (ə) nəzərincə, ləyaqətli qazidə müəyyən şərtlərin olması zəruridir. O cümlədən: 1.Fərdlərin ən üstün və ən yaxşısı olsun; 2.Hövsələli və geniş qəlbli olsun. Düzgün mühakimə üçün tələb olunan bütün mə’lumatları hər tərəfdən əldə etsin; 3.Alicənablıqla öz səhvlərini qəbul etsin və onları aradan qaldırsın; 4.Tez qəzəblənməsin, xüsusi ilə ixtilafda olan tərəflərin təzyiqləri zamanı özünə nəzarət etsin; 5.Güclü ruhu olsun, güc sahiblərindən qorxmasın; 6.Nəfs izzəti və ali himmət sahibi olsun, dünyaya hərislik göstərməsin, varlılar tərəfindən tamaha salınmasın; 7.Həqiqəti axtaranlardan olsun, səhlənkarlıq göstərməsin, yetərincə mə’lumat toplamamış mühakimə yürütməsin, səthi və ilkin dinləmələr əsasında hökm çıxarmasın. 8.Dolaşıq, çətin işlərlə rastlaşdıqda ehtiyat və səbri əldən verməsin, qəti dəlillər əsasında həqiqətin müəyyənləşdirilməsində diqqətli və möhkəm olsun. 9.Mühakimədə tərəflərlə nikbin rəftar etsin, sözünü demək üçün hər iki tərəfə fürsət versin. 10.Hiyləgərlərə aldanmasın, yaltaqlıq və şirin dil müqabilində iradəsini əldən verməsin. 11.Bütün bu şərtlər ödəndikdən sonra tam qətilik göstərsin, həqiqəti müəyyənləşdirdikdən sonra kimsəyə imkan verməsin ki, ədalətli hökmə mane ola. Yə’ni öz hökmünü tam qəti şəkildə, heç bir tərəfdarlıqsız e’lan etsin, hökmə mane olacaq heç nəyi və heç kimi nəzərə almasın. Sonra həzrət Malik və bütün digər hakimlərə xəbərdarlıq edir ki, bu xüsusiyyətlərə malik adamlar çox azdır. Layiqli və saleh qazi hakim üçün böyük hədiyyədir və onun qədrini bilmək lazımdır. Həzrət buyurur: ثُمَّ اخْتَرْ لِلْحُكْمِ بَيْنَ النَّاسِ أَفْضَلَ رَعِيَّتِكَ فِي نَفْسِكَ، مِمَّنْ لاَ تَضِيقُ بِهِ الاُْمُورُ، وَلاَ تُمَحِّكُهُ الْخُصُومُ، وَلاَ يَتَمادَى فِي الزَّلَّةِ، وَلاَ يَحْصَرُمِنَ الْفَيْءِ إِلَى الْحَقِّ إذَا عَرَفَهُ، وَلاَ تُشْرِفُ نَفْسُهُ عَلَى طَمَع،وَلاَ يَكْتَفِي بِأَدْنَى فَهْم دُونَ أَقصَاهُ، أَوْقَفَهُمْ فِي الشُّبُهَاتِ، وَآخَذَهُمْ بِالْحُجَجِ، وَأَقَلَّهُمْ تَبَرُّماً بِمُرَاجَعَةِ الْخَصْمِ، وَأَصْبَرَهُمْ عَلَى تَكَشُّفِ الاُْمُورِ، وَأَصْرَمَهُمْ عِنْدَ اتِّضَاحِ الْحُكْمِ، مِمَّنْ لاَ يَزْدَهِيهِ إطْرَاءٌ، وَلاَ يَسْتَمِيلُهُ إِغْرَاءٌ،أُولئِكَ قَلِيلٌ “Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun, mübahisə tərəfləri onu qəzəb və sərtliyə vadar etməsin, səhvə yol verdikdə inad göstərməsin, səhv etdiyini gördükdə haqqa qayıdış və e’tiraf ona çətin gəlməsin, qəlbində tamahkarlığa yola verməsin, bir məsələni anlamaq üçün cüz’i araşdırma ilə kifayətlənməsin, ən çox ehtiyat yolunu tutan olsun, dəilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin, müraciətlərin çoxluğu onu yormasın, işlərin açılmasında hamıdan dözümlü olsun, həqiqət mə’lum olduqda qəti hökm versin, həddi aşan tə’rif onu aldatmasın, həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli, belə insanlar çox azdır.” RƏHBƏRİN LAYİQLİ QAZİ QARŞISINDA VƏZİFƏLƏRİ Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə, qazi üçün zəruri olan bütün şərtlərə malik insanlar çox az tapılır. Rəhbərlər və hakimlər belə insanları tapıb üzə çıxarmaq üçün ciddi çalışmalıdır. Amma məsələ bundadır ki, hakimin işi layiqli hakimi tapıb tərbiyələndirmək və iş başına qoymaqla başa çatmır. Saleh qazi tapıldıqdan sonra rəhbərin qarşısında iki mühüm vəzifə dayanır. Qazi ilə necə rəftar etmək, onları vəzifədə saxlamaq onları tapıb üzə çıxarmaqdan da çətin məsələlərdir. Əvvəla, hakim qazini maddi cəhətdən sıxıntı keçirməyə qoymamalıdır. Maddi ehtiyacları ödənməyən qazi ya işdən kənarlaşacaq, ya işə soyuqluq göstərəcək, ya da rüşvətxorluğa düçar olub haqqı ayaq altına alacaq. İkincisi, rəhbər qazinin mövqeyini möhkəmləndirməli, ona öz yanında xüsusi məqam verməlidir. Belə ki, hakimiyyətdə kimsə qazidən üstün olub ona tə’sir göstərməyə, onu tamaha salmağa, onu işdən uzaqlaşdırmağa, ona qarşı xəbərçilik etməyə qadir olmamalıdır. Hamı bilməlidir ki, qazi saleh və ədalətlidir, rəhbərin himayəsi onu bütün pisliklərdən qoruyur. Həzrət Əli (ə) qazi qarşısında rəhbərin vəzifələrini sadaladıqdan sonra haqq-ədalət hökuməti üçün qazinin varlığını zəruri sayaraq müəyyən xəbərdarlıqlar edir. Həzrət ədalətin icrasında, hərc-mərcliyin qarşısının alınmasında, Allah hökmlərinin işə salınmasında saleh qazinin necə böyük rola malik olduğunu hakimin nəzərinə çatdırır. Həzrət uyğun məsələ ilə bağlı keçmişi yada salır, peyğəmbərin vəfatından çox keçməmiş din adı altında ən alçaq əməllərə yol verildiyi, xüsusi ilə məhkəmə sistemində alçaq məqsədlərin izləndiyini yada salır. Həzrət buyurur: ثُمَّ أَكْثِرْ تَعَاهُدَ قَضَائِهِ، وافْسَحْ لَهُ فِي الْبَذْلِ مَا يُزيِلُ عِلَّتَهُ، وَتَقِلُّ مَعَهُ حَاجَتُهُ إِلَى النَّاسِ، وَأَعْطِهِ مِنَ الْمَنْزِلَةِ لَدَيْكَ مَا لاَ يَطْمَعُ فِيهِ غَيْرُهُ مِنْخَاصَّتِكَ، لِيَأْمَنَ بِذلَكَ اغْتِيَالَ الرِّجَالِ لَهُ عِنْدَكَ. فَانْظُرْ فِي ذلِكَ نَظَراً بِلِيغاً، فَإِنَّ هذَا الدِّينَ قَدْ كَانَ أَسِيراً فِي أَيْدِي الاَْشْرَارِ، يُعْمَلُ فِيهِ بِالْهَوَى، وَتُطْلَبُ بِهِ الدُّنْيَا “Qazini seçdikdən sonra ona nəzarət et, hökmlərini araşdır, onu mükafatlandırarkən səxavət süfrəni aç ki, ehtiyacları aradan qalxsın və xalqa möhtac olmasın. Onun məqamını elə ucalt ki, ətrafındakılar ona tamah salmasın və qazi xəbərçilərin və qəlbi qaraların böhtanlarından amanda olsun. Sənə bu işlərdə diqqətli ol dedim! Çünki bu din keçmişdə şər adamların əlində əsir olmuş, onlar azğın nəfs istəklərinə əməl etmiş və dini dünya əldə etmək üçün vasitəyə çevirmişdilər.” DÖVLƏT MƏ’MURLARININ SEÇİMİNDƏ LƏYAQƏT ME’YARI Nümunəvi İslam cəmiyyətində ədalət, bərabərlik, ayrı seçkilikdən uzaqlıq, günün tə’birincə partiya mənsubunun nəzərə alınmaması, şəxsi meyllərə əsaslanmamaq cəmiyyət və hökumətin əsas və mühüm prinsiplərindəndir. Başqa sözlə, qeyri-islami cəmiyyətdə məqam və vəzifələrin bölgüsündə dəstəbazlıq və xüsusi münasibətlər nə qədər çox rol oynayırsa, İslam cəmiyyətində bunun əksinədir. Çünki İslam dinində şəxsi rabitə və meyllər yox, ləyaqət və qanun hakimdir. İslami ədalət prinsipi tələb edir ki, məqam və vəzifələr bölüşdürülərkən fərdlərin insani və İslami imtiyazları əsas götürülsün. Hər bir insan öz ləyaqəti, mütəxəssisliyi və təqvası əsasında vəzifə tutmalıdır. Həzrət Əlinin (ə) nəzərincə, rəhbərliyə o şəxs layiqdir ki, öz işində yalnız ədalət və haqqın bərpası barədə düşünür. Fərdlərin xüsusiyyət və imtiyazları nəzərə alınmadan onlar sınağa çəkilmədən kimsə dövlət mə’murluğuna seçilmir. Bu əsasla həzrət Əli (ə) Malik və bütün digər İslam rəhbərlərindən istəyir ki, mə’mur seçərkən yalnız İslam me’yarları əsas götürülsün, şəxsi meyllərə, dəstəbazlığa, xüsusi münasibətlərə istinad edilməsin. DÖVLƏT İŞÇİLƏRİNİN SEÇİM ME’YARLARI Həzrət Əlinin (ə) dövlət işçisi seçimində nəzərdə tutduğu me’yarlar xülasə şəkildə belə sadalana bilər: 1.Təcrübəli və işbilən olsun, çətinliklərlə üzləşdikdə özünü itirməsin. 2.Əsil-nəcabətli, pak, abır-həyalı olsun, çirkin sifətlərə yol verməsin. 3.Köklü, saleh, təqvalı və pak ailədən olsun, tərbiyə aldığı mühit xəyanət və fəsada aludə olmasın. 4.Müsbət keçmişə malik olsun, başqalarından öncə İslama qatılmış olsun. Yə’ni İslam qüdrətə çatmayan bir vaxtda Allah ayinlərinə tabe olsun. Bə’ziləri İslam qüdrətə çatdıqdan sonra qorxudan və ya tamahdan İslama qatılır. 5.Şəxsiyyətli olsun, daim paklığına diqqət yetirsin, istənilən bir xətadan qaçsın. 6.Müdiriyyət bacarığı, uzaq görənlik kimi sifətlərə sahib olsun, müxtəlif problemlərlə üzləşdikdə tədbir görməyi bacarsın. 7.Nəfsi tox olsun, maddi ne’mətlərə göz tikməsin. Həzrət Əli (ə) dövlət mə’murlarının xüsusiyyətlərini sadalayarkən mə’mur seçimində hakimin də vəzifələrini qeyd edir: 1.Hakim işçi götürərkən diqqətli olsun, yalnız dəqiq sınaqlardan sonra kiməsə iş tapşırsın. 2.Bu fərdlərin seçimində şəxsi rə’yə əsaslanmasın, başqaları ilə də məsləhətləşib onların fikirlərinə hörmət göstərsin. 3.İşçilərə fürsət versin ki, onlar öz iste’dad və ləyaqətlərini göstərə bilsinlər. 4.Nəzərdə tutulan işə uyğun gəlməyən insanı şəxsi rabitələr və ya bir fərddə olan xüsusiyyət əsasında işə tə’yin etmək olmaz. Sonra həzrət buyurur ki, əgər hakim islami me’yarları nəzərə almadan kiməsə iş tapşırarsa, onun bu işi zülm-sitəmlə müştərək kökə malik olan işlərdəndir. Həzrət buyurur: ثُمَّ انْظُرْ فِي أُمُورِ عُمَّالِكَ، فَاسْتَعْمِلْهُمُ اخْتِبَاراً، وَلاَ تُوَلِّهِمْ مُحَابَاةً وأَثَرَةً، فَإِنَّهُمَا جِمَاعٌ مِنْ شُعَبِ الْجَوْرِ وَالْخِيَانَةِ. وَتوَخَّ مِنْهُمْ أَهْلَ التَّجْرِبَةِ وَالْحَيَاءِ، مِنْ أَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالْقَدَمِ فِي الاِْسْلاَمِ الْمُتَقَدِّمَةِ، فَإِنَّهُمْ أَكْرَمُ أَخْلاَقاً، وَأَصَحُّ أَعْرَاضاً، وَأَقَلُّ فِي الْمَطَامِعِ إِشْرَافاً، وَأَبْلَغُ فِي عَوَاقِبِ الاُْمُورِ نَظَراً “Sonra kargüzarlarının işlərinə bax, onlara bəxşiş və rəğbət yolu ilə yox, sınağa çəkdikdən sonra iş tapşır. Çünki bu üsul (sınağa çəkmədən iş tapşırmaq) bir növ sitəm və xəyanətdir. Onları təcrübə əhli, həya-abır sahibləri arasından, ləyaqətli və İslamda öncül ailələrdən seç! Çünki onların əxlaqı daha gözəldir, ailələri daha pakdır, tamahları daha azdır. İşin sonunu görməkdə daha bəsirətlidirlər.” DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ Bundan öncə də müxtəlif mövzularda aparılan söhbətlərdə hazırkı mövzuya toxunuldu. İslam dini böyük insani məktəb və ilahi ayin olaraq fərdlərin rifahı və maddi ehtiyaclarının tə’mini məsələsinə də yetərincə diqqət göstərmiş, bu istiqamətdə tə’sirli tədbirlər müəyyənləşdirmişdir. Bir İslam hakiminin dövlət işçiləri qarşısında daşıdığı vəzifələrlə bağlı həzrət Əlinin (ə) dəqiq və incə yanaşmaları var. Həzrət maddi müşküllərin həllini, dövlət işçilərinin ehtiyaclarının tə’minini mühüm müdiriyyət üsullarından biri, mə’murların xəyanətinin qarşısını alan, onları beytül-mala təcavüzdən və rüşvətxorluqdan çəkindirən mühüm amil sayır. Həzrət xəbərdarlıq edir ki, işçilərin maddi ehtiyacları tə’min olunarsa, hətta xətakar fərdlər də oğurluq, xəyanət və rüşvət üçün bəhanə tapmaz. Onlar xilafa yol verdikdə isə hakim qarşısında özlərini müdafiə etməyə bəhanə tapmayıb, susacaqlar. Amma işçilərin maddi ehtiyacları tə’min olunmadıqda maddi sıxıntı onları yolundan azdırır, onların əmanətdarlıq ruhiyyəsini süquta uğradır. Belə bir halda hakimin də deməyə sözü olmur. Çünki onlar öz oğurluq və xəyanətləri üçün dəlil göstərir, hakimi qınayırlar ki, onları ehtiyac içində saxlayıb xalqın malını ixtiyarlarında qoyan hakimdir. Həzrət buyurur: ثُمَّ أَسْبِغْ عَلَيْهِمُ الاَْرْزَاقَ، فَإِنَّ ذلِكَ قُوَّةٌ لَهُمْ عَلَى اسْتِصْلاَحِ أَنْفُسِهِمْ، وَغِنىً لَهُمْ عَنْ تَنَاوُلِ مَا تَحْتَ أَيْدِيهِمْ، وَحُجَّةٌ عَلَيْهِمْ إِنْ خَالَفُوا أَمْرَكَ أَوْ ثَلَمُوا أَمَانَتَكَ “Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər, xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə, itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.” İSLAMDA MƏ’MURLARA NƏZARƏT VƏ BU İSTİQAMƏTDƏ RƏHBƏRİN ROLU Dövlət işçilərinə münasibətdə rəhbərin vəzifəsi təkcə onları seçib ehtiyaclarını ödəmək deyil. Rəhbər işə tə’yin etdikdən sonra ardıcıl şəkildə mə’murların əməl və rəftarlarına nəzarət etməlidir. Rəhbərin nəzarətdə saxlamalı olduğu sahələri sadalayaq: Mə’murların iş üsulu, onların xalqla rəftarı, işin gedişi və vəzifənin icrası ilə bağlı verilən mə’lumatların düzgünlüyü, xalqın mə’murlardan şikayətlərinin düzgünlüyü və onlarla başqa sahə. Bəli, bütün bunlar rəhbərin mühüm və aparıcı vəzifələrindəndir. Əgər rəhbər öz işçilərinin əməl və rəftarlarına nəzarət etməsə bə’ziləri bundan sui-istifadə edib xalqa sitəm qılacaq, xəyanətə əl atacaq, ədalətsizlik və fəsada yol verəcək. Beləcə, xalq mövcud hakimiyyətdən ümidini üzəcək, cəmiyyətin nizamı pozulacaq. Bu vəziyyətin qarşısını almaq üçün dövlət işçilərinə daimi nəzarət zəruridir. Dəqiq nəzarət mexanizminin qurulması, işçilər haqqında düzgün mə’lumatların əldə olunması mövcud nizamı möhkəmləndirən vəzifələrdəndir. Təbii ki, nəzarət mexanizmində çalışan işçilər rəhbərin ən yaxın və ən e’tibarlı adamları olmalıdır. Onların təqvalı, mö’min, allahpərəst, əmanətdar və sədaqətli olması mühümdür. Rəhbər yalnız belələrinin verdiyi mə’lumatlardan arxayın ola bilər. Rəhbər əmin olmalıdır ki, ona mə’lumat verənlərin məqsədi yalnız Allaha, İslama, İslam nizamına xidmət etməkdir. GİZLİ NƏZARƏT Nəzarət mexanizmi ilə bağlı bəyan olunmuş məsələlərdən biri budur ki, İslam dövlət nəzarətçilərini (təhlükəsizlik xidmətini) “dövlətin gözü” adlandırır. Doğrudan da, dövlət mə’murlarına nəzarət edən şəxs dövlətin və hakimin gözüdür. Düzgün nəzarət mexanizmi olmayan dövlət eybləri görməyən kor kimidir. Buna görə də həzrət Əli (ə) İslam hakiminə göstəriş verir ki, bu gözləri (xəfiyyəni) məxfi şəkildə ölkənin müxtəlif nöqtələrinə yönəlt. Gizli nəzarət dövlət mə’murlarını sui-istifadədən və xəyanətdən çəkindirir, onlar xalqla mehriban rəftar edir, süründürməçiliyə yol verməyib insanların problemini həll edir. Həzrət Əli (ə) bunu da nəzərə çatdırır ki, nəzarətçilər hakim tərəfindən e’timad qazanmalıdır. Onların verdiyi mə’lumat dəlil olmalı və bu mə’lumat əsasında tədbir görülməlidir. Əgər nəzarətçinin verdiyi mə’lumat şübhə altına alınarsa və tədbir görülməzsə bütün nəzarət mexanizmi e’timadını itirər və azğın insanlar qorxu-hürküsüz cəmiyyətdə fitnə-fəsada rəvac verər. XAİNLƏRİN CƏZALANDIRILMASI Həzrət Əli (ə) xainlərin cəzalandırılması ilə bağlı qeyd edir ki, hökumət işçilərindən, hətta hakimə ən yaxın adamlardan biri fəsad və xəyanətə əl atarsa və məxfi nəzarətçilər belə bir mə’lumat verərsə, xəyanətin sübutu üçün uyğun mə’lumat kafidir və tə’cili tədbir görülməlidir. Sonra həzrət Əli (ə) rəhbərin xain fərdlərlə necə rəftar etməli olduğunu açıqlayır: Xaini cəzasına çatdır! Günahına uyğun şər’i cəzanı əskildib-artırmadan ona tətbiq et! Xaini rüsvay edib zillətə sal! Onun alnına xəyanət dağı vur, bədnamlıq boyunduruğunu başına sal. Belə ki, xalq onu barmaqla göstərsin və onun aqibəti başqaları üçün ibrət olsun. Belə etsən, xalq arasında xəyanət və fəsad üçün fürsət və imkan tapılmaz. MƏXFİ MƏ’MURLARIN HƏMFİKİRLİYİ Həzrət Əli (ə) məxfi mə’murların dəqiq seçimi, onların ruhi və əxlaqi sağlamlıqlarının nəzərə alınması ilə bağlı tövsiyələrdən sonra hakimi də’vət edir ki, istənilən bir işi bir neçə yöndən araşdırsın. Əgər müxtəlif nöqtələrdən eyni bir mə’lumat gələrsə hakimdə verilən mə’lumatlara şəkk qalmaz. Məxfi mə’mur nə qədər diqqətlə seçilsə də yalnız onun tərəfindən verilən mə’lumat höccət (dəlil) sayılmır. Əgər bir məsələ ilə bağlı müxtəlif məxfi mə’murlar müxtəlif mə’lumat verərsə bu məsələ araşdırılmalıdır. Öz növbəsində yalan mə’lumat verən məxfi mə’mur cəzalandırılır. Həzrət buyurur: ثُمَّ تَفَقَّدْ أَعْمَالَهُمْ، وَابْعَثِ الْعُيُونَ مِنْ أَهْلِ الصِّدْقِ وَالوَفَاءِ عَلَيْهِمْ، فَإِنَّ تَعَاهُدَكَ فِي السِّرِّ لاُِمُورِهِمْ حَدْوَةٌ لَهُمْ عَلَى اسْتِعْمَالِ الاَْمَانَةِ، وَالرِّفْقِ بِالرَّعِيَّةِ. وَتَحَفَّظْ مِنَ الاَْعْوَانِ، فَإِنْ أَحَدٌ مِنْهُمْ بَسَطَ يَدَهُ إِلَى خِيَانَة اجْتَمَعَتْ بِهَا عَلَيْهِ عِنْدَكَ أَخْبَارُ عُيُونِكَ، اكْتَفَيْتَ بِذلِكَ شَاهِداً، فَبَسَطْتَ عَلَيْهِ الْعُقُوبَةَ فِي بَدَنِهِ، وَأَخَذْتَهُ بِمَا أَصَابَ مِنْ عَمَلِهِ، ثُمَّ نَصَبْتَهُ بِمَقَامِ الْمَذَلَّةِ، وَ وَسَمْتَهُ بِالْخِيانَةِ، وَقَلَّدْتَهُ عَارَ التُّهَمَةِ “Sonra doğruçu və vəfalı məxfi mə’murlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər. Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi mə’murlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib tə’xirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib oturt, alnına xəyanət damğası vur, boynundan rüsvayçılıq boyunduruğu as!” ƏKİNÇİLİYİN ƏHƏMİYYƏTİ VƏ XƏRACIN LÜĞƏT MƏ’NASI İlkin İslam dövründə sənət məhdudiyyətlər səbəbindən, dünyadakı ticari əlaqələrin nizamsızlığı, rabitələrin zəifliyi, ticarət yollarının pisliyi və təhlükəliliyinə görə cəmiyyətin iqtisadi əsaslarına tə’sir göstərə bilmirdi. Cəmiyyətin iqtisadiyyatı yalnız əkin torpaqları və əkinçilikdən götürülən məhsuldan asılı idi. Buna görə də vergi yalnız torpaqdan və əkin məhsullarından alınırdı. Bu sayaq vergi xərac adlanırdı. Əkçinçilik ona görə əhəmiyyətlidir ki, şəhər əhalisinin əksəriyyəti öz ehtiyaclarını əkin məhsulları ilə tə’min edir. Əgər əkinçilik rövnəq taparsa şəhər əhlinin də ehtiyacları ödənər. Əks-təqdirdə heç bir şəhərli qida məhsullarına olan ehtiyacını birbaşa tə’min etməyə qadir deyil. Buna görə də əkinçilik heç bir vaxt əhəmiyyətini itirəsi deyil və daim insanların ilkin ehtiyaclarının tə’minatçısı olaraq qalacaq. Digər bir tərəfdən, şəhər əhalisi öz ehtiyaclarını bilavasitə ödəyə bilmir. Ticari vasitələrlə onlar heyvan və bitki mənşəli məhsulları əldə edir. Əkinçilər də öz növbəsində geyim və məişət əşyalarını məhsuldan götürdükləri qazancla əldə edirlər. Belə bir alış-veriş cəmiyyətin iqtisadi çiçəklənməsinə səbəb olur. Uyğun mübadilələr isə ilk növbədə əkinçiliyə bağlıdır. Bu səbəbdən də əkinçiliyin tənəzzülü təkcə əkinçilərə ziyan vurmur. Belə bir tənəzzül bütün fəaliyyətlərə tə’sir göstərib cəmiyyəti iqtisadi böhrana, sonda isə məhvə aparır. Həzrət buyurur: وَتفَقَّدْ أَمْرَ الْخَرَاجِ بِمَا يُصْلِحُ أَهْلَهُ، فَإِنَّ فِي صلاَحِهِ وَصلاَحِهِمْ صَلاَحاً لِمَنْ سِوَاهُمْ، وَلاَ صَلاَحَ لِمَنْ سِوَاهُمْ إِلاَّ بِهِمْ، لاََنَّ النَّاسَ كُلَّهُمْ عِيَالٌ عَلَى الْخَرَاجِ وَأَهْلِهِ “Xərac məsələsini elə qaydaya sal ki, xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac isə qaydaya düşsə, cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozulur. Çünki xalq vergidən yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir.” ƏKİNÇİLİYİN İNKİŞAFINDA DÖVLƏT SƏ’YLƏRİNİN ZƏRURİLİYİ Əgər dövlət vergi və xərac intizarındadırsa, bundan ötrü zəmin hazırlamalıdır. Torpaqların mühafizəsi, su ilə tə’minat, suvarma sistemləri, quyuların qazılması, körpülər tikilməsi, bəndlərin çəkilməsi, əkinçilik məntəqələri arasında yollar salınması, zəhmətkeş kəndlilərə yardım, bir sözlə, əkinçiliyə rövnəq vermək dövlətin qarşısında duran vəzifələrdəndir. Yalnız bu işlərdən sonra hökumət xalqdan vergi gözləyə bilər. Əkinçiliyin rövnəq tapmadığı bir ölkədə istənilən bir vergi xalq üçün ağır yükdür. Çünki onlar yetərincə qazanıb öz ehtiyaclarını tə’min edə bilmirlər. Öz ehtiyacını ödəyə bilməyən kəndlilərə vergi tətbiq olunması xalqı narazı salır, ölkədə sabitliyi pozur. Nəhayət, hökumət üçün süqut təhlükəsi yaranır. Bu səbəbdən də həzrət Əli (ə) vergi toplanması üçün xalqa qazanc şəraiti yaradılmasını tövsiyə edib buyurur ki, hakim vergi ödəmək fikrinə düşməzdən öncə məmləkəti abadlaşdırmaq barədə düşünməlidir. Həzrət buyurur: وَلْيَكُنْ نَظَرُكَ فِي عِمَارَةِ الاَْرْضِ أَبْلَغَ مِنْ نَظَرِكَ فِي اسْتِجْلاَبِ الْخَرَاجِ، لاَِنَّ ذلِكَ لاَ يُدْرَكُ إِلاَّ بَالْعِمَارَةِ، وَمَنْ طَلَبَ الْخَرَاجَ بِغَيْرِ عِمَارَةأَخْرَبَ الْبِلاَدَ، وَأَهْلَكَ الْعِبَادَ، وَلَمْ يَسْتَقِمْ أَمْرُهُ إِلاَّ قَلِيلاً “Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş, Allah bəndələrini həlak etmiş olur. Belə bir hökumət qısa bir müddət yaşaya bilər.” VERGİLƏRİN YÜNGÜLLƏŞDİRİLMƏSİ Əkinçilər bütün digər təbəqələrdən daha zəhmətkeş, daha çalışqandırlar. Onların həyatı təbii amillərdən asılıdır. Təbiət aləminə kiçik bir diqqətsizlik böyük zərərlərlə nəticələnir. Bu səbəbdən də əkinçi il boyu bütün günü vaxtını əkin sahəsinə sərf etməyə məcburdur. Amma baş və təbəqələrin nümayəndələri həyatlarını istədikləri kimi tənzimləyir, istədikləri formada iş qururlar. Əgər iş bir bu qədər üzücüdürsə, onun qazancı da münasib olmalıdır. Yaxşı qazanan və qazancının başqa ciblərə axmadığını görən əkinçi işindən möhkəm yapışır. Əkinçi torpağı özününkü bilməli, əmin olmalıdır ki, kimsə onun ruzisini əlindən ala bilməz. Bütün bu məsələlərlə yanaşı əkinçinin torpaq və torpağın məhsuldarlığı barədə fikirləri nəzərə alınmalıdır. Əgər əkinçi tə’yin olunmuş vergini qazancına uyğun saymırsa, hadisələr və məhsuldarlıqdan şikayətlənirsə, nəticədə tə’yin olunmuş vergini ödəmək imkanında olmadığını bildirirsə, hökumət məs’ulları onun çətinliklərini dərk etməli, vergini ya azaltmalı, ya da tamamilə dayandırmalıdır. Vergilərin azaldılması dövlətin öz xeyrinədir. Vergi az olduqda əkinçi həvəslə çalışır. Nəticədə məntəqə abadlaşır və cəmiyyət xeyir görür. Bu işin digər bir nəticəsi əkinçilərin qəlbində mövcud hökumətə məhəbbət yaradan arxayınlıq və razılıq hissidir. Belə ki, dövlət çətinliyə düşdükdə əkinçilər ona yardım edir, böhran vaxtı onun himayəsinə qalxır. Həzrət Əli (ə) buyurur: َإِنْ شَكَوْا ثِقَلاً أَوْ عِلَّةً، أَوِ انْقِطَاعَ شِرْب أَوْ بَالَّة، أَوْ إِحَالَةَ أَرْض اغْتَمَرَهَا غَرَقٌ، أَوْ أَجْحَفَ بِهَا عَطَشٌ، خَفَّفْتَ عَنْهُمْ بِما تَرْجُو أَنْ يصْلُحَ بِهِ أَمْرُهُمْ، وَلاَ يَثْقُلَنَّ عَلَيْكَ شَيْءٌ خَفَّفْتَ بِهِ الْمَؤُونَةَ عَنْهُمْ، فَإِنَّهُ ذُخْرٌ يَعُودُونَ بِهِ عَلَيْكَ فِي عِمَارَةِ بِلادِكَ، وَتَزْيِينِ وِلاَيَتِكَ، مَعَ اسْتِجْلاَبِكَ حُسْنَ ثَنَائِهِمْ، وَتَبَجُّحِكَ بِاسْتِفَاضَةِ الْعَدْلِ فِيهِمْ، مُعْتَمِداًفَضْلَ قُوَّتِهِمْ، بِمَا ذَخَرْتَ عِنْدَهُمْ مِنْ إِجْمَامِكَ لَهُمْ، وَالثِّقَةَ مِنْهُمْ بِمَا عَوَّدْتَهُمْ مِنْ عَدْلِكَ عَلَيْهِمْ فِي رِفْقِكَ بِهِمْ، فَرُبَّمَا حَدَثَ مِنَ الاُْمُورِ مَا إِذَا عَوَّلْتَ فِيهِ عَلَيْهِمْ مِنْ بَعْدُ احْتَمَلُوهُ طَيِّبَةً أَنْفُسُهُمْ بِهِ، فَإِنَّ الْعُمْرَانَ مُحْتَمِلٌ مَا حَمَّلْتَهُ “Əgər xalq xəracın ağırlığından, suyun kəsilməsindən, quraqlıqdan, sel və quraqlıq nəticəsində toxumun çürüməsindən şikayətlənsə, sən onların vergisini o qədər azalt ki, işlərini sahmana sala bilsinlər. Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı, məmləkətinin rifahı şəklində sənə qayıdasıdır. Bundan əlavə, onlarda özünə qarşı razılıq yaradarsan, onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan, onları öz ədalətinə öyrətmisən, onlarla mülayim rəftar etmisən. Çox olsun ki, müxtəlif cərəyanlarla bağlı baş vermiş hadisələrin həllini onlara tapşırsan, qəlbən qəbul edərlər. Çünki məmləkəti istədiyin qədər abadlaşdırmaq mümkündür.” ƏKİNÇİLƏRƏ DİQQƏTSİZLİYİN NƏTİCƏLƏRİ Həzrət Əlinin (ə) ötən buyuruqlarından anlaşılır ki, əkinçilərə ağır vergi tətbiq olunduqda, digər bir tərəfdən, əkinçiliyin inkişafı üçün dövlət tərəfindən addım atılmadıqda əkinçi qərara gəlir ki, o özü üçün işləmir, üzücü zəhmətlərindən qənaətbəxş əvəz götürmür, zəhmətindən başqaları bəhrələnir. Bu sayaq qənaətlər əkinçiləri yalana, fırıldaqçılığa, qaçaqçılığa, oğurluğa və digər azğın addımlara sövq edir. Nəticədə əkinçi öz ehtiyaclarını torpaqda işləməklə tə’min etmək əvəzinə cinayətə əl atır və ya insanların əlində olana göz tikir. Belə bir vəziyyətin nəticələrindən biri də fəal işçi qüvvələrin, gənclərin şəhərə üz tutmasıdır. Belələri şəhərdə adətən baş qatmaqla məşğul olur. Təbii sonluq işsiz gənclərin günah və fəsada aludə olmasından, dövlət və hökumətin tənəzzülündən ibarətdir. DÖVLƏTİN TƏNƏZZÜL AMİLLƏRİ Həzrət Əlinin (ə) nəzərincə, dövlətin süquta uğramasının üç amili var: Dövlət mə’murlarında sərvət toplamaq ruhiyyəsi, hakimiyyətin uzun sürməyəcəyi ilə bağlı bədbinlik, hadisələrdən nəticə çıxarılmaması. Əgər dövlət xadimləri hakimiyyətin möhkəmliyinə əmin olmasalar, onun müvəqqəti olduğunu düşünsələr, var-dövlət toplamaqla məşğul olsalar, qarşıya çıxan hadisələrdən ibrət götürməsələr, əslində dövlət və hökumətin süqutu üçün zəmin hazırlamışlar. Belə bir dövlət yaşayası və hökm verəsi deyil, istər-istəməz bir gün varlığı ilə vidalaşasıdır. Həzrət buyurur: وَإِنَّمَا يُؤْتَى خَرَابُ الاَْرْضِ مِنْ إِعْوَازِ أَهْلِهَا،إِنَّمَا يُعْوِزُ أَهْلُهَا لاِِشْرَافِ أَنْفُسِ الْوُلاَةِ عَلَى الْجَمْعِ، وَسُوءِ ظَنِّهِمْ بِالْبَقَاءِ، وَقِلَّةِ انْتِفَاعِهِمْ بِالْعِبَرِ “Torpağı xaraba qoyan onun üzərində işləyənlərin yoxsulluğudur. Dövlət mə’murları var-dövlət toplamaq fikrində olduqda, hadisələrdən ibrət götürmədikdə torpaq əhlinin (əkinçilərin) vəziyyəti pisləşir.” MÜAVİN SEÇİMİ ME’YARLARI İslamın əsas və ali məqsədlərindən biri ümmət arasında, İslam cəmiyyətində haqq-ədalətin bərpası, tarazlığın gözlənilməsidir. Əgər hakim müavin seçimində ədalətli olmaq istəsə, ən əxlaqlı, ilahi sifətlərə malik insana üstünlük verər. Təbii ki, ilahi əxlaqı qulağında sırğa etmiş insanda aşağıdakı sifətlər də olasıdır: Elm və düşüncə, əmanətdarlıq, güc, mütəxəssislik, hesab-kitablılıq, diqqət və yaradıcılıq, kamil ədəb və tutum, yaxşılarla dostluq, sitəmkarlardan uzaqlıq, təvazökarlıq. Bir sözlə, bütün insani fəzilətlər və kamilliklər nəzərdə tutulmalıdır. Bunlardan bə’zilərinə imamın buyuruqlarında işarə olunmuşdur: ثُمَّ انْظُرْ فِي حَالِ كُتَّابِكَ، فَوَلِّ عَلَى أُمُورِكَ خَيْرَهُمْ، وَاخْصُصْ رَسَائِلَكَ الَّتِي تُدْخِلُ فِيهَا مَكَائِدَكَ وأَسْرَارَكَ بِأَجْمَعِهِمْ لِوُجُودِ صَالِحِ الاَْخْلاَقِ مِمَّنْ لاَ تُبْطِرُهُ الْكَرَامَةُ، فَيَجْتَرِىءَ بِهَا عَلَيْكَ فِي خِلاَف لَكَ بِحَضْرَةِ مَلاَ،وَلاَ تُقَصِّرُ بِهِ الْغَفْلَةُ عَنْ إِيرَادِ مُكَاتَبَاتِ عُمَّالِكَ عَلَيْكَ، وَإِصْدَارِ جَوَابَاتِهَا عَلَى الصَّوابِ عَنْكَ، وَفِيَما يَأْخُذُ لَكَ وَيُعْطِي مِنْكَ، وَلاَ يُضعِفُ عَقْداً اعْتَقَدَهُ لَكَ، وَلاَ يَعْجِزُ عَنْ إِطْلاَقِ مَا عُقِدَ عَلَيْكَ، وَلاَ يَجْهَلُ مَبْلَغَ قَدْرِ نَفسِهِ فِي الاُْمُورِ، فَإِنَّ الْجَاهِلَ بِقَدْرِ نَفْسِهِ يَكُونُ بَقَدْرِ غَيْرِهِ أَجْهَلَ “Sonra müavinlərinə diqqət yetir, işlərini onların ən ləyaqətlisinə tapşır. Sənin siyasət və sirlərinin qeyd olunduğunu məhrəmanə məktubları onların əxlaq baxımından ən salehinə e’tibar et. O elə bir kəs olsun ki, sonralar tutduğun mövqe onu xudpəsəndliyə sövq etməsin, heç vaxt xalqın gözü qabağında sənə qarşı çıxmasın. Hakimlərin məktubunu sənə çatdırmaqda və sənin məsləhətin əsasında onları cavablandırmaqda qəflətə uğramasın. Əhd-peymanların tənzim qaydasını bilsin, sənin ziyanına olan müqavilələrin qarşısını almaqda aciz olmasın, həm də öz dəyər və mövqeyini yaxşı dərk etsin. Çünki öz dəyərini bilməyən insan başqalarını dəyərləndirə bilməz və naçar qalıb onlardan çəkinər.” İSLAM NİZAMINDA SEÇİM ME’YARLARI Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə müavin seçimində ən üstün me’yar insanın ilahi rəngdə olmasıdır. Həzrət Əli (ə) müavinin seçim me’yarını bəyan etdikdən sonra diqqəti digər bir nöqtəyə yönəldib özünəməxsus dahiyanə bir baxışla insan vücudundakı gizli səciyyələrdən qaynaqlanan bir sirr üzərindən pərdəni qaldırır. Hamımız bilirik ki, vəzifə başına keçən şəxsin ətrafında xeyli adam toplanır. Bu növ dostların əksəri zahirən gözəl əxlaq sahibi olur. Bəli, onlar bə’zən zahid libasında yaxınlaşıb ibadətdən dəm vurur, bə’zən ağız dolusu şücaətdən danışıb İsfəndiyar və Rüstəmin qəhrəmanlığını məsxərəyə qoyur. Onlar bə’zən özünü Hatəmtək səxavətli sayır, bə’zən əsrin dahisi kimi təsəvvür edir. Əslində isə bu qəbil sözlər diqqəti cəlb edib vəzifəyə çatmaq üçün cızılmış planlardandır. Bu səbəbdən həzrət Əli (ə) Malikə tövsiyə edir ki, yalnız şəxsi tanışlığı seçim me’yarı götürməsin, başqa nöqtələrə də nəzər salsın. Həzrət buyurur: ثُمَّ لاَ يَكُنِ اخْتِيَارُكَ إِيَّاهُمْ عَلَى فِرَاسَتِكَ وَاسْتِنَامَتِكَ وَحُسْنِ الظَّنِّ مِنْكَ، فَإِنَّ الرِّجَالَ يَتَعَرَّفُونَ لِفِرَاسَاتِ الْوُلاَةِ بِتَصَنُّعِهِمْ وَحُسْنِ خِدْمَتِهِمْ، لَيْسَ وَرَاءَ ذلِكَ مِنَ النَّصِيحَةِ وَالاَْمَانَةِ شَيْءٌ، وَلكِنِ اخْتَبِرْهُمْ بِمَا وَلُوا لِلصَّالِحِينَ قَبْلَكَ، فَاعْمِدْ لاَِحْسَنِهِمْ كَانَ فِي الْعَامَّةِ أَثَراً، وَأَعْرَفِهِمْ بِالاَْمَانَةِ وَجْهاً، فَإِنَّ ذلِكَ دَلِيلٌ عَلَى نَصِيحَتِكَ لله وَلِمَنْ وَلِيتَ أَمْرَهُ “Müavin seçimində sırf öz nikbinliyinə və e’tibarına əsaslanmamalısan. Çünki bə’ziləri yaltaqlıq və xidmətkarlıqla özünü hakimlərə tədbirli və mütəxəssis tanıtdırmaq istəyir. Hansı ki bu görüntülərin arxasında düzlük, əmanətdarlıq, canıyananlıqdan əsər-əlamət yoxdur. Onları özündən qabaqkılarla həmkarlıqları əsasında qiymətləndir, xalq arasında doğruçu və pak kimi tanınanlarını seç. Bu iş sənin Allaha və öz imanına itaətinin dəlili olacaq.”