HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
 


ZALIMLA KİM HESAB ÇƏKƏCƏK? Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur. Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.” Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir. Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?! ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir. O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq və dəlilə yox, quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür. ZALIMIN TÖVBƏSİ İslam zülmü qəti şəkildə məhkum edib, onu çirkin və günah əməllərdən saysa da, Allah özü dərhal zülmə cavab versə də, zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır, hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur. Bu səbəbdən həzrət buyurur ki, zalım şəxs Allaha qarşı qalxmış, özü eynən savaş ocağı olmuşsa da, onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir, Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi, Allah onun günahlarını bağışlayır, onunla düşmənçilikdən daşınır. Əlbəttə ki, tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki, bundan sonra həmin işi görməyəcək, bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı, Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir. MƏZLUM NALƏSİNİN TƏ’SİRİ İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir. Həzrət Əlinin (ə) nəzərincə, Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən, digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid), həm də dünyəvi ola bilər. Demək, bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib, onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur: وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ “Allahın ne’mətlərini zillətə çevirməkdə, Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.” HAKİMİN QƏRARINDA ƏN ÜSTÜN ME’YAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR. İslamda hakim İslam me’yarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında me’yar haqq-ədalətin bərqərar olması, ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir. Həzrət buyurur: وَلْيَكُنْ أَحَبَّ الاُْمُورِ إِلَيْكَ أَوْسَطُهَا فِي الْحَقِّ، وَأَعَمُّهَا فِي الْعَدْلِ، وَأَجْمَعُهَا لِرِضَى الرَّعِيَّةِ، فَإِنَّ سُخْطَ الْعَامَّةِ يُجْحِفُ بِرِضَى الْخَاصَّةِ، وَإِنَّ سُخْطَ الْخَاصَّةِ يُغْتَفَرُ مَعَ رِضَى الْعَامَّةِ “Haqda ən mö’tədil və ən orta, ədalətdə ən əhatəli, xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz, xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını tə’sirdən salır. Hansı ki, xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.” Haqq-ədaləti gözləmək o demək deyil ki, xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir, hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət “əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə, cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət buyurur ki, haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin, mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məs’uliyyətdən qaçmasın. XALQIN RAZILIĞINI BİR BU QƏDƏR ÖNƏ ÇƏKMƏYİN SƏBƏBİ NƏDİR? Hökm altında olan cəmiyyət iki zümrəyə bölünür: Əksəriyyət və azlıqlar. Cəmiyyətdə əksəriyyəti adi insanlar, başqa sözlə, ümumi xalq kütləsi təşkil edir. Bu zümrə rifah imkanlarından qismən bəhrələnir. Cəmiyyətdəki digər bir zümrə əksər maddi imkanlardan bəhrələnən azlıqdır. Onlar tutduqları məqam əsasında özlərini üstün və xüsusi sayırlar. Onların nəzərincə, onları xalq kütlələrindən hansısa imtiyazlar fərqləndirir. Heç bir hakim əksəriyyət və azlığın tam razılığını əldə edə bilməz. Çünki əksəriyyətin xeyirinə çıxarılan qərar azlığı, azlığın xeyirinə çıxarılan qərar əksəriyyəti narazı salacaq. Müqayisə etdikdə mə’lum olur ki, əksəriyyətin razılığını qazanmaq hökumət və hakim üçün daha faydalıdır. Azlığın narazılığı aparıcı rola malik deyil. ƏKSƏRİYYƏTİN VƏ AZLIĞIN XÜSUSİYYƏTLƏRİ, ONLARDAN HƏR BİRİNİN HÖKUMƏTDƏ ROLU Qeyd olundu ki, hiylə və fırıldaqsız həm əksəriyyəti, həm də azlığı razı salmaq mümkünsüzdür. Çünki bir zümrənin razı salınması o birinin narazılığı ilə şərtlənmişdir. Bəs həzrət Əli (ə) bu zümrələri necə xarakterizə edir, onların hökumətdə hansı rola malik olduğunu bildirir? Həzrət buyurur: وَلَيْسَ أَحَدٌ مِنَ الرَّعِيَّةِ، أَثْقَلَ عَلَى الْوَالِي مَؤُونَةً فِي الرَّخَاءِ، وَأَقَلَّ مَعُونَةً لَهُ فِي الْبَلاَءِ، وَأَكْرَهَ لِلاِْنْصَافِ، وَأَسْأَلَ بِالاِْلْحَافِ، وَأَقَلَّ شُكْراً عِنْدَ الاِْعْطَاءِ، وَأَبْطَأَ عُذْراً عِنْدَ الْمَنْعِ، وَأَضْعَفَ صَبْراً عِنْدَ مُلِمَّاتِ الدَّهْرِ مِنْ أَهْلِ الْخَاصَّةِ “Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir.” ÜMUMİ TOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ Yuxarıdakı bəyanatlardan ümumi toplu və cəmiyyətdəki müstəzəflərin (haqqı ödənməyənlərin) xüsusiyyətləri mə’lum olur: 1. Ağırlığı az, köməyi çox Adi insanların və cəmiyyətdəki müstəzəflərin ilkin xüsusiyyəti daim orta həddə qida, geyim və sair imkanlarla kifayətlənməsidir. Onlar qənaət əhlidir, az xərcləyir və dolanışıqlarını idarə edirlər. Bu baxımdan adi rəiyyət hökumət və vali üçün ağır yük olmur. Hansı ki cəmiyyətin rifah içində yaşayan xüsusi zümrəsi öz dəbdəbələrinə uyğun ehtiyacları ilə hakim üçün yük olur. Onlar öz israfçılıqlarının tə’mini üçün hökuməti və valini sıxıntıya salır. Bəla və savaş vaxtı müstəzəflərdən daha çox və daha tez meydandan qaçırlar. Hansı ki müstəzəflər savaş və çətinlik zamanı daha səbrli, daha müqavimətli, daha qənaətçildirlər. Onlar öz kömək və yardımlarını əsirgəmirlər. 2. Ədalət və insafın qəbulu Xalq arasında ədalətin mövcudluğu ilahi, İslami və insani dəyərlərdən biridir. Hər bir hakim Qur’an əmri əsasında ədalətə diqqət yetirir, cəmiyyətdəki təbəqələr arasında insafı gözləyir. Müstəzəflər və məhrumlar fitrətlərinin və İslamın hökmü ilə ədalətin icrasından xoşhaldırlar. Rifah içində yaşayanları isə ədalətin icrası razı salmır. Onlar bilirlər ki, ədalətin icrası və bərabərliyin tə’mini ilə bütün israf və dəbdəbəçilik yolları bağlanasıdır. 3. Ne’mətlər müqabilində təşəkkür İnsan öz fitrətinin hökmü ilə ehsan və ne’mətə görə təşəkkürü özünə vəzifə bilir. Məhrumlar fitrətlərini dinləyərək şükr edir, hakimin ehsanı müqabilində qədrdanlıq edir, heç bir yaxşılıq və ən’amı unutmurlar. Rifah içində yaşayanlar üçün isə böyük intizar müqabilində hakimin ehsanları əhəmiyyətsizdir və hər hansı təşəkkürü öz şə’nlərinə sığışdırmırlar. 4. Üzürün qəbulu və isrardan uzaqlıq Hökumətdə xalqın dolanışıq xərclərinin tə’mini hakim və İslam dövlətinin vəzifəsidir. Təbii ki, bu vəzifə fərqli şəraitlərdə fərqli şəkildə icra olunasıdır. Böyük imkanlar və münasib şərait olduqda dövlət öz vəzifəsini daha sür’ətlə və daha yaxşı yerinə yetirəcək və xalqı razı salacaq. Bə’zən isə müəyyən çətinliklər və böhranlar səbəbindən hökumət öz vəzifəsini layiqincə yerinə yetirə bilmir. Bəli, dövlətin qarşısına proqnozlaşdırılmamış çətinliklər çıxa bilər. Belə məqamlarda özünü xalqınkı sayan dövlət xalqı vəziyyətdən xəbərdar etməklə üzr diləyir. Bu sayaq çətin şəraitlərdə cəmiyyətin məhrum təbəqəsi adətən dövlətin üzrünü qəbul edir və çox tə’kid göstərmir. Rifah içində yaşayanlar isə dövlətin üzürünü qəbul etmir, öz tələbləri üzərində israr göstərirlər. 5. Bəlalar qarşısında səbir və dözüm Hər bir millət öz ictimai həyatında bir mərhələ rifah və əmin-amanlıq, digər bir mərhələ çətinliklər içərisində yaşayır. Heç bir millət və heç bir hakim iddia edə bilməz ki, heç vaxt çətinlik görməyəcək və daim rifah və əminamanlıqda yaşayacaq. Cəmiyyətin məhrum təbəqəsi daim çətinlik içində yaşadığından bəlaları səbr və dözümlə qarşılayır. Amma daim rifah və asayişdə olmuş təbəqə çətinlik qarşısında dözümsüzlük göstərir. Bütün bu deyilənlər dövlət və hakimi müstəzəflərə, məhrurmalara yaxınlaşdıran xüsusiyyətlərdir. Bu nöqtələri nəzərə alan hakim məhrumların xeyiri, onların razılıq və asayişi üçün addım atır. Həzrət buyurur: وَإِنَّمَا عَمُودُ الدِّينِ، وَجِمَاعُ الْمُسْلِمِينَ، وَالْعُدَّةُ لِلاَْعْدَاءِ، الْعَامَّةُ مِنَ الاُْمَّةِ، فَلْيَكُنْ صِغْوُكَ لَهُمْ، وَمَيْلُكَ مَعَهُمْ “Dinin arxası müsəlman toplumu, düşmən üçün ehtiyat qüvvə yalnız xalq kütləsidir. Beləsə, üzünü xalqa tut, onlara yaxınlaş.” XƏBƏRÇİLƏRİN RƏDD OLUNMASI HÖKUMƏTİ DAVAMLI EDİR. İslamda xəbərçilik sifəti ən alçaq və ən çirkin sifətlərdəndir. Bildiyimiz kimi, yalnız mə’sumlar bütün eyb və nöqsanlardan uzaqdır. Adi insanda az-çox nöqsan müşahidə olunur. Xəbərçilik sifəti olan insan həm insanlar arasındakı, həm də xalqla dövlət arasındakı rabitələrə kölgə salır. Çirkin əməllərinin mühakiməsindən qorxmayan xəbərçi insanda kiçik bir nöqsan müşahidə etdikdə bu nöqtəni dərhal onun dostuna çatdırır. Belə bir xəbər dostluğun qırılmasına, arada kin-küdurət yaranmasına, dostluğun düşmənliyə çevrilməsinə səbəb olur. Xəbərçi fərd dövlət aparatına yol tapdıqda, dövlət işçiləri ilə yaxınlıq etdikdə öz çirkin xəbərləri ilə hakimdə xalqa, xalqda hakimə qarşı bədbinlik yaradır. Nəticədə xalqın e’timadını və xalqa e’timadını itirən hakim çarəsiz bir vəziyyətə düşür. Bütün bunları nəzərə alan həzrət Əli (ə) e’timad və əminlik fəzası yaratmaq üçün Malikə tapşırır ki, xəbərçiləri rədd etsin. Həzrət buyurur: وَلْيَكُنْ أَبْعَدَ رَعِيَّتِكَ مِنْكَ، وَأشْنَأَهُمْ عِنْدَكَ، أَطْلَبُهُمْ لِمَعَائِبِ النَّاسِ، فإنَّ في النَّاسِ عُيُوباً، الْوَالِي أَحَقُّ مَنْ سَتَرَهَا، فَلاَ تَكْشِفَنَّ عَمَّا غَابَ عَنْكَ مِنْهَا، فَإنَّمَا عَلَيْكَ تَطْهِيرُ مَا ظَهَرَ لَكَ، وَاللهُ يَحْكُمُ عَلَى مَا غَابَ عَنْكَ، فَاسْتُرِ الْعَوْرَةَ مَا اسْتَطَعْتَ يَسْتُرِ اللهُ مِنْكَ ما تُحِبُّ سَتْرَهُ مِنْ رَعِيَّتِكَ. أَطْلِقْ عَنِ النَّاسِ عُقْدَةَ كُلِّ حِقْد، وَاقْطَعْ عَنْكَ سَبَبَ كُلِّ وِتْر، وَتَغَابَ عَنْ كلِّ مَا لاَ يَضِحُ لَكَ، وَلاَ تَعْجَلَنَّ إِلَى تَصْدِيقِ سَاع، فَإِنَّ السَّاعِيَ غَاشٌ، وَإِنْ تَشَبَّهَ بِالنَّاصِحِينَ “İnsanlarda daha çox eyb axtaran rəiyyət səndən ən uzaqda dayanmalıdır. Aydın məsələdir ki, (mə’sumlardan savay) hamının eybi var. Eybləri örtmək daha çox hakimə layiq olan sifətdir. Xəbərsiz qaldığın eybləri üzə çıxarmağa çalışma. Sənin vəzifən yalnız üzdə olan eybləri aradan qaldırmaqdır. Səndən gizlin qalan işlər haqqında Allah özü hökm verəcək (Qiyamət günü günahkarların örtülü qalmış günahları mühakimə olunacaq.) Bəli, bacardığın qədər xalqın eyblərini ört. Belə etsən, Allah da gizli qalmasını istədiyin eyblərini örtər. Xalqın qəlbində olan kin düyününü aç, daxilində tənhalıq amillərini qır, sənə aydın olmayan məsələdən özünü xəbərsiz göstər, hər xəbərçinin sözünü təsdiqləməyə tələsmə. Xəbərçi nəsihətçi və xeyirxah libasında gəlsə də xaindir.” SİR SAXLAMAQ VƏ EYBİ ÖRTMƏK Sir saxlamaq və insanların eyblərini örtmək İslamın həyatverici və insanpərvər üsullarından biri, hakimin vəzifələrindəndir. Həzrət Əli (ə) bu İslami prinsipi bəyan edərkən eyblərin örtülməsini vali üçün zəruri sayır. Malik tabeçiliyində olanların eyblərini örtməyə çağırılır. Həzrət Əli (ə) Maliki eyb axtarmaqdan çəkindirərək buyurur ki, öz sirlərinin açılmasını istəmədiyin kimi xalqın da sirlərini ifşa etmə. İmam Sadiq (ə) həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Mö’minlərin nöqsanlarını araşdırma. (Din) qardaşında eyb axtaran kəsdə Allah eyb axtarar. Allahın eyb axtardığı kəs isə hətta evinin içində rüsvay olar.” FƏSAD VƏ GÜNAH TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ Müxtəlif cəmiyyətlərdə fəsad və günahın genişlənməsi imperializmin ən bariz təlaşlarındandır. Materializm və kommunizm də xalqı dindən ayırmaq istəmiş, Allahsızlığı yaymaq üçün sə’y göstərmişdir. Onların son məqsədi dini və insani dəyərləri aradan qaldırmaqdır. Dünya imperializmi də iffət və paklığı aradan qaldırmaqla fəsad və günahı yaymaq, müstəzəf, məhrum xalqları mə’nəviyyatdan ayırmaq əzmindədir. Bəli, dünya imperializmi insanların şəxsiyyətini puça çıxartmağı qarşısına məqsəd qoymuşdur. Onlar insanları o qədər biganələşdirirlər ki, heç bir inanc yeri qalmasın və bəşəriyyət özünü zəhərli fəsad və günah girdabına atsın. Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Amma bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır. Son 2-3 əsrdə təcrübədə sübuta yetmişdir ki, millətlərin biganələr qarşısında ən möhkəm sipəri onların iffət və paklığıdır. İffət və paklığını itirmiş millət azğın nəfs istəkləri və şəhvətə məğlub olub insani şəxsiyyətini itirir. Nəticədə dini və mə’nəvi əsaslar laxlayır və möhkəm bir qala uçulub tökülür. Bundan sonra imperializm üçün nüfuz yolu açılır. İslam bu sayaq fəsadların qarşısını almaq üçün ciddi mübarizə aparır. Aşkar şəkildə günaha yol verənlər və gizli şəkildə günah yaymaqla məşğul olanlar ən sərt şəkildə cəzalandırılır. Həzrət Əli (ə) Maliki günah təzahürləri ilə mübarizəyə, çirkin işlərin qarşısının alınmasına çağırır. Yalnız bu şərtlər ödəndikdə İslam cəmiyyəti süqutdan yaxa qurtara bilir. PROBLEMLƏRİN HƏLLİ VƏ XALQIN ÇƏTİNLİKLƏRİNƏ DİQQƏT Həzrət Əlinin (ə) “ətliq ənin-nasi uqdətə kulli hiqd” buyuruğundan mə’lum olur ki, problemlərin həlli, maddi və mə’nəvi ehtiyacların tə’mini hökumətin vəzifələrindəndir. Aydın məsələdir ki, insanlar öz bəşəri fitrətlərinə uyğun olaraq, istəklərinə nail olmadıqda hökumət mə’murlarını müqəssir sayırlar. Onlar elə düşünürlər ki, hökumət problemləri aradan qaldırmaq, onların istəklərini tə’min etmək gücündədir. Təbii ki, hökumət xalqın istəklərini ödəyə bilmədikdə məs’ullara qarşı kin-küdurət baş qaldırır və belə bir münasibət hökumətin bünövrəsini süstləşdirir. Hakim xalqın istəklərini yerinə yetirə bilmədikdə islami ədəb və əxlaqla xalqın qarşısına çıxmalı, onları mövcud imkansızlıqlarla tanış etməlidir. O problemlərin həlli üçün xalqdan məsləhət istəməli, bir sözlə, istənilən bir yolla onların razılığını qazanmalıdır. İSLAMDA MƏSLƏHƏT–MƏŞVƏRƏT İslam dinində istibdadın, fərdiyyətçiliyin və təkəbbürün qarşısını almaq üçün, həm də başqalarının ağıl və düşüncəsindən faydalanmaq məqsədi ilə müşavirə və məşvərət nəzərdə tutulmuşdur. Qarşıda dayanan məsələ ciddiləşdikcə həmin məsələ ətrafında müşavirə də həssas və zərif olacaq. Məsləhət və əməldə məşvərətə əməl edilməsi iki baxımdan zəruri görünür: Həyatın müxtəlif sahələrində siyasi, mədəni, əxlaqi, iqtisadi problemlərin tenpi onların mahiyyətcə qavranmasında çətinlik yaradır. Belə ki çox vaxt mütəxəssislərlə məsləhətləşməkdən başqa yol qalmır. İnsan fiziki və əqli baxımdan nə qədər üstün olsa da o bir insandır və bir düşüncəyə sahibdir. Məsləhətləşən insan isə ətrafdakıların da düşüncəsindən bəhrələnib daha e’tibarlı və daha qənaətbəxş nəticə əldə edir. İslamın müşavirə prinsipinə riayət etməyin zəruriliyini bildikdən sonra kiminlə məsləhətləşməli olduğumuzu müəyyənləşdirək. Görən rastlaşdığımız hər şəxslə məsləhətləşə bilərikmi? MÜŞAVİRİN ƏXLAQİ KEYFİYYƏTLƏRİ Bu gün dünyanın müxtəlif nöqtələrində ətrafdakıların təcrübəsindən faydalanmaq üçün müşavirələr keçirilir. Amma bir nöqtəyə yetərincə diqqət olunmur ki, müşavirin xüsusi əxlaqi səciyyələri olmalıdır. Qeyri-islami məmləkətlərdə dərin elm və biliyi, təcrübə və bacarığı olanlar yaxşı müşavir sayılır. İslam məktəbində isə ağıl və təcrübədən əlavə əxlaqi me’yarlar da var. Müşavirin şərtləri ilə ətraflı tanış olmaq üçün İslam baxımından müəyyənləşdirək ki, müşavir hansı sifətlərə sahib, hansı sifətlərdən uzaq olmalıdır. ZƏRURİ VƏ QEYRİ-MƏQBUL ŞƏRTLƏR Qısa şəkildə qeyd edə bilərik ki, müşavirdə aşağıdakı keyfiyyətlər olmalıdır: İslam, əql, helm, nəsihət, təqva, təcrübə. Şərtlərdən aydın olur ki, İslam müsəlman, aqil, xoşxasiyyət, nəsihətçi, təqvalı və təcrübəli müşaviri bəyənir və qeyri-müsəlman, günahkar, nadan, paxıl, tamahkar, qaba, təqvasız, münafiq, axmaq, qorxaq, inadkar, təcrübəsiz insanla müşavirədən çəkindirir. Həzrət buyurur: وَلاَ تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيلاً يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ، وَيَعِدُكَ الْفَقْرَ، وَلاَ جَبَاناً يُضعِّفُكَ عَنِ الاُْمُورِ، وَلاَ حَرِيصاً يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ، فَإِنَّ الْبُخْلَ وَالْجُبْنَ وَالْحِرْصَ غَرَائِزُ شَتَّى يَجْمَعُهَا سُوءُ الظَّنِّ بِاللهِ “Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər, yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə. O sitəmkarlıqla sənin nəzərində tamahı bəzəyər. Xəsislik, qorxaqlıq, tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir.” GÜNAHKARLARIN DÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə, həm də süquta apara bilər. Hökumətin e’tibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən, onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki, hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır. Aydın məsələdir ki, belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə e’tibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır, çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət buyurur: شَرُّ وُزَرَائِكَ مَنْ كَانَ لِلاَْشْرَارِ قَبْلَكَ وَزِيراً، وَمَنْ شَرِكَهُمْ فِي الاْثَامِ، فَلاَ يَكُونَنَّ لَكَ بِطَانَةً، فَإِنَّهُمْ أَعْوَانُ الاَْثَمَةِ، وَإِخْوَانُ الظَّلَمَةِ، وَأَنْتَ وَاجِدٌ مِنْهُمْ خَيْرَ الْخَلَفِ مِمَّنْ لَهُ مِثْلُ آرَائِهِمْ وَنَفَاذِهِمْ، وَلَيْسَ عَلَيْهِ مِثْلُ آصَارِهِمْ وَأَوْزَارِهِمْ وَ آثَامِهِمْ، مِمَّنْ لَمْ يُعَاوِنْ ظَالِماً عَلَى ظُلْمِهِ، وَلاَ آثِماً عَلَى إِثْمِهِ “Sənin üçün ən pis nazir o nazirdir ki, səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı, sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə, onlar günaha batmayıb, sitəmkarlarla həmkarlıq etməyib, günahda onlara şərik olmayıb.” Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim mə’murlarının münasibətini son incəliyinədək araşdırıb Malikə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə, Malikin diqqəti inqilabi, nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki, uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir. ALLAHPƏRƏSTLƏRİN DÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ Həzrət Əli (ə) Maliki əmin edir ki, sabiq rejimin günahkar mə’murları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir: أُولئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً، وَأَحْسَنُ لَكَ مَعُونَةً، وَأَحْنَى عَلَيْكَ عَطْفاً، وَأَقَلُّ لِغَيْرِكَ إِلْفاً، فَاتَّخِذْ أُولئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَحَفَلاَتِكَ “Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün, sənə məhəbbətləri artıq, biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et, nazir seç.” ÜSTÜN İNSANLARIN SEÇİMİ Qeyd olundu ki, sabiq rejimin qalıqlarını uzaqlaşdırıb, allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəst insanlar zalım rejim mə’murlarından üstün olsalar da, onların da arasında məs’uliyyət hissi eyni deyil. Həzrət Əli (ə) allahpərəst qüvvələrin də müəyyən me’yarlarla, tutumlarına uyğun vəzifələrə seçilməsini zəruri sayır. Elə olmamalıdır ki, ləyaqətli insanlar kənarda qalsın, layiq olmayanlar vəzifə tutsun. Həzrət buyurur: ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ، وأَقَلَّهُمْ مُسَاعَدَةً فِيَما يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللهُ لاَِوْلِيَائِهِ، وَاقِعاً ذلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ. وَالْصَقْ بِأَهْلِ الْوَرَعِ وَالصِّدْقِ، ثُمَّ رُضْهُمْ عَلَى أَلاَّ يُطْرُوكَ وَلاَ يُبَجِّحُوكَ بِبَاطِل لَمْ تَفْعَلْهُ، فَإِنَّ كَثْرَةَ الاْطْرَاءِ تُحْدِثُ الزَّهْوَ، وَتُدْنِي مِنَ الْعِزَّةِ “(Allahpərəstlər arasından), meylin istəsə də, istəməsə də, hamıdan tez haqqı deyən, Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver. Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki, səni hədsiz tə’rifləməsinlər, pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tə’rif xudpəsəndlik gətirir və insanı təkəbbürə yaxınlaşdırır.” Görən həzrətin bu göstərişlərinə əməl olunsa mə’mur seçimində ləyaqət yox, yaxınlıq əsas götrülərmi? Hakimiyyətdə yaltaqlığa, özünü nümayişə, riyakar qayğıkeşliyə yer qalarmı? Münafiqlər, yalançılar, fırıldaqçılar vəzifə kürsüsünə qalxarmı? Pak və məs’uliyyətli insanlar guşənişin olarmı? Əlbəttə ki yox! Belə bir hökumətdə mühakimə və dəyərləndirmələrdə mehvər hakimin yox, Allahın razılığıdır. Uyğun nizamda acı da olsa haqqına danışan mə’mur mö’təbərdir. Uyğun şəraitdə yaltaq və riyakar yox, sədaqətli və pak işçi qabağa çəkilir. Bu səbəbdən də hakimin vəzifəsi pak və haq yola yaxın insanları araşdırıb üzə çıxarmaqdır. TƏŞVİQ VƏ TƏNBEHİN ZƏRURİLİYİ VƏ ME’YARLARI İslam ayinləri ədalət prinsipinə əsaslanır. Ədalət hər şeyin öz yerində qərar tutmasıdır. Bu əsasla düzgün və İslami müdiriyyətdə əvvəla sadiq işçi ilə xain işçiyə eyni gözlə baxılmayacaq, xain tənbeh ediləcək, sadiq təşviq olunacaq. İkincisi, fərdlərin təşviq me’yarı yalnız onların işi və işin nəticəsidir. Əgər bir müdiriyyətdə təşviq olmasa, sadiqlərlə xainlərə eyni gözlə baxılsa, onlar eyni maaş alsa, bir müddət sonra işçilər arasında elə bir təsəvvür yaranacaq ki, yaxşı işləyən lazımınca dəyərləndirilmir. Beləcə, iste’dadların iflic olması ilə nizam süquta uğrayacaq. Yox əgər təşviqlər ədalətə yox, hansısa münasibətlərə əsaslansa tabeçilikdə olanlar müdiriyyətə qarşı e’tinasız olacaq və səmimiliyini itirəcək. Həzrət buyurur: وَلاَ يَكُونَنَّ الْـمُحْسِنُ وَالْمُسِيءُ عِنْدَكَ بِمَنْزِلَة سَوَاء، فَإِنَّ فِي ذلِكَ تَزْهِيداً لاَِهْلِ الاِْحْسَانِ فِي الاِْحْسَانِ،تَدْرِيباً لاَِهْلِ الاِْسَاءَةِ عَلَى الاِْسَاءَةِ، وَأَلْزِمْ كُلاًّ مِنْهُمْ مَا أَلْزَمَ نَفْسَهُ “Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən, bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver!” XALQA E’TİMAD Zalım hökumətlərin əsasını xalqa e’timadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında mə’lumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir. Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa e’timad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa sə’y göstərmir. Həzrət buyurur: وَاعْلَمْ أَنَّهُ لَيْسَ شَيْءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ وَال بِرَعِيَّتِهِ مِنْ إحْسَانِهِ إِلَيْهِمْ، وَتَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ، وَتَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لهُ قِبَلَهُمْ، فَلْيَكُنْ مِنْكَ فِي ذلِكَ أَمْرٌ يَجَتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ، فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلاً، وَإِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْحَسُنَ بَلاَؤُكَ عِنْدَهُ، وَإِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلاَؤُكَ عِنْدَهُ “Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən tə’sirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər. Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.” Xalqa e’timadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan, dolanışıq xərclərinin yüngülləşdirilməsi, məcburi işlərin qarşısının alınması. Növbəti fəsillərdə bu üç tədbirdən hər biri haqqında ayrıca danışacağıq. Buna görə də təkrardan çəkinirik. ŞƏR’İ (QANUNİ) VƏ QEYRİ-ŞƏR’İ (QEYRİ-QANUNİ) SÜNNƏLƏR (QAYDA-QANUNLAR) İslam xalq arasındakı sünnə və adət ən’ənələri iki qismə bölür: Şər’i sünnələr və qeyri-şər’i sünnələr. İslam əsaslarına və me’yarlarına zidd olan sünnələr qeyri-şər’i sünnə adlanır. Hakim qeyri-şər’i sünnələrlə mübarizə aparmalıdır. Həzrət Peyğəmbərin (s) risalətinin başlanğıcında xalq arasında bütpərəstlik rəvac tapmışdı. Bütpərəstlik İslam prinsiplərinə və tövhidə zidd olduğundan həzrət Peyğəmbər (s) Qur’anın “deyin yoxdur Allahdan başqa bir mə’bud və qurtulun” buyuruğunu şüar edib bütpərəstliklə mübarizəyə başladı və bu yolda şəhadətdən də çəkinmədi. İslam əsaslarına zidd olmayan sünnələr şər’i sünnələr adlanır. İslam hökuməti bu sayaq sünnələrlə mübarizə aparmamalı, əksinə onları qoruyub müsbət ən’ənələri istiqamətləndirməlidir. Həzrət buyurur: وَلاَ تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَا صُدُورُ هذِهِ الاُْمَّةِ، وَاجْتَمَعتْ بِهَا الاُْلْفَةُ، وَصَلَحَتْ عَلَيْهَا الرَّعِيَّةُ،لاَ تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيء مِنْ مَاضِي تِلْكَ السُّنَنِ، فَيَكُونَ الاَْجْرُ بِمَنْ سَنَّهَا، وَالْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا “Ümmət böyüklərinin əməl etdiyi, ülfət və birliyə səbəb olan, millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq, sünnəni pozduğun üçün sənə günah yazılacaq.” DÖVLƏT XADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından və vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq və bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar. Bu bəla o vaxt zirvə həddinə çatır ki, dövlət mə’muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rə’yə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə, dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq, həm də şəxsi, ibadi məsələlərinə e’tinasız qalacaq. Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur: وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ “(Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.” İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK? Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə də tanış olur. Bu gün İslam cəmiyyətində bə’ziləri ixtisasdan dəm vurur və mütəxəssisliyi seçim me’yarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) “əksir mədarəsətəl-uləma” cümləsi ilə Maliki İslam alimləri və din biliciləri ilə ünsiyyətə də’vt edir. Amma “munafəsətəl-hukəma” cümləsində ixtisas və təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki, həzrət dövlət işlərinə tə’yinatda din və ixtisası birlikdə me’yar götürməyi tövsiyə edir. CƏMİYYƏTDƏKİ FƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur və müştərək taleyə malikdir. İstər-istəməz onların əməlləri bir-birinə tə’sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə də onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər də onların işığından faydalanır. Bəli, istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir. Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı, hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki, hər təbəqəni dəqiq tanısın və onların sağlamlığına diqqət yetirsin. O buyurur: وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ لاَ يَصْلُحُ بَعْضُهَا إلاَّ بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَا عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَا الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَا مَحْفُوظاً “(Ey Malik) bil ki, xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu, ümumi və xüsusi yazarlar (katiblər), ədalətli qazilər, kargüzarlar və qulluqçular, cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir, sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış, onu Qur’an və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu, bir əhd olaraq bizdə hifz olunur.” Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı və rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı və peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur. İCTİMAİ TƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ Fərdlərin cəmiyyətdə müştərək taleyindən və ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki, həzrət Əlinin (ə) nəzərincə, cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə, heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki, onun varlığı başqalarının məhvindən asılıdır. Əfsus, dərdimizin əsil dəvası, Pərişanlıqların əsil şəfası Bir əllərdədir ki, güman edirlər Xeyir tapacaqlar məhv olsaq əgər. Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət və əkinçilik süquta uğrayar. Ticarət və əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin də büdcəsi boş qalır. Hakimlər və qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər. Cəmiyyətin bir hissəsi də yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki, fərd yoxdursa cəmiyyət də yoxdur. Buna görə də həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki, bir təbəqə məhv olub getsə digər təbəqə də zərər görəcək. Həzrət buyurur: فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِلاَّ بِهِمْ. ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَا يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَما أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ. ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِلاَّ بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا. وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِلاَّ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَما يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّا لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ. ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ “Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası, keşikçisidir. Onlar hakimlərin zinəti, dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini tə’min etmək mümkünsüzdür. Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki, qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır. Bu iki dəstə hakim və dövlət mə’murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir, vergi toplayır, xüsusi və ümumi işlər qeydiyyatında onlara e’timad göstərilir. Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə tə’min edir. Başqalarında bu işi görmək gücü yoxdur. Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir.” LƏYAQƏT ƏSASINDA GÜC SEÇİMİ VƏ İŞ BÖLGÜSÜ Qeyd etdik ki, bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə tə’min olunur. Belə ki, cəmiyyət və ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa iş bölgüsü və güc seçimi İslam hakiminin zəruri və mühüm vəzifələrindəndir. Şübhəsiz ki, iş istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar və müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli, ikincisi, ləyaqət əsasında iş bölgüsü aparmalıdır. Nəticədə me’yar hansısa münasibətlər yox, ləyaqət olasıdır. Düzgün iş bölgüsü və güc seçimi hakimin ən mühüm və ən çətin məs’uliyyətlərindəndir. O yalnız ardıcıl təlaş və Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur: وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَا يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَا أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ “Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa, çətin də olsa, özünü, haqqın müdafiəsinə, səbr və dözümə hazırlamalıdır.” İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli, İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər. Başqa sözlə, insan yalnız imanlı, pak, təqvalı, fədakar, mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun tə’yinində dəqiq və incə şərtlər ödənməli, bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil. İslam qoşununa komandan tə’yin olunmuş insan iman, təqva, şücaət, fədakarlıq, iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh, vüqar, mətanət, səbr və dözüm, tutum, əxlaqi mö’tədillik, yerində hiddət və qəzəb, yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa, o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz, ixtiyarına verilmiş gücdən sui-istifadə etməz, yersiz qətillər törətməz. Əhdnamədən mə’lum olur ki, həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur: 1. Allahın hökmlərinə, peyğəmbər, imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət, rəhbərə itaət və səmimi yardım; 2. Qəlbigenişlik və ruhi aramlıq; 3. Paklıq, təqva; 4. Müsbət keçmiş; 5. Çətinliklər qarşısında səbir və dözüm; 6. Həlimlik, nəfsə ağalıq, qəzəb və əsəbiliyi biruzə verməmək; 7. Əfv ruhiyyəsi, peşiman olmuş xətakarların bağışlanması; 8. Savaş meydanında şücaət və öncüllük; 9. Səxavət; 10. Qeyri-ilahi hər nəyi kiçik saymaq; 11. Dərin ağıl və düşüncə; 12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət, azğınlara qarşı sərtlik. Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq: فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْماً مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ لاَ يُثِيرُهُ الْعُنْفُ، وَلاَ يَقْعُدُ بِهِ الضَّعْفُ. ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ “Ordu komandanlığına elə birini tə’yin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər və imamlara hamıdan xeyirxah, daha pak və daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin. Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh və müsbət keçmişli ailələrlə, şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”