İMАM MӘHDİ (Ә.C.) İLӘ TАNIŞLIQ
 



İMАM MӘHDİ (Ә.C.) İLӘ TАNIŞLIQ

İMАM MӘHDİ (Ә.C.) İLӘ TАNIŞLIQ

ÖN SÖZ

ÖN SÖZ (Ey Sahibəz-zaman, fəryada çat!)
İmam Məhdi (əc.) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar” . İmam Zamanla (əc.) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.
"Sizi sevən Allahı sevmişdir" .
Hәzrәt Məhdiylə (əc.) tanışlıq cahiliyyət boyunduruğundan qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil. Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
"Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür" .
İmam Məhdiylə (əc) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir.
"İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram" .
İmam Zamanı (əc) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Məhdini (əc.) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır. Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir. O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır. Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin" müqəddiməsidirlər. O günün ümidiylə! NUR TƏVƏLLÜDÜ
Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu . O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi: و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين
"Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək" .
Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu. Məhdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Mov`ud, hədis, dua və tarix kitablarında İmam Məhdi (əc.) üçün göstərilən ən məşhur ləqəblərdir.

ATASININ FƏZİLƏTİ

ATASININ FƏZİLƏTİ Həzrət Əbu Məhəmməd İmam Həsən Əsgəri (ə) öz şərəfli ömrünün iki onilliyi ərzində əzab və çətinlikdən başqa bir şey görməmiş, zalım Abbasi xilafətinə qarşı apardığı mübarizədə daim həbs və sıxıntılara məruz qalmışdı. O, bərəkətli ömrünün iyirmi üçüncü ilində, özünün ilk və son övladının dünyaya gəlməsi ilə Allahın qəti vədəsinin həyata keçməsinə sevinərək, səhabələrinə buyurdu: "Zalımlar məni öldürməklə bu nəsli kəsəcəklərini düşünürdülər. İndi onlar Allahın qüdrətinə necə baxırlar?!" Həzrət Məhdinin (əc.) doğulmasıyla İmam Həsən Əsgərinin (ə) imamlığının ən həssas və həyəcanlı dövrlərindən biri başlandı. O həzrət hökumət məmurlarının güclü təzyiqinə baxmayaraq, ən tədbirli üsullarla və ən etibarlı səhabələrinin köməyi ilə bütün şiələri və Əhli-beyt dostlarını Məhdinin döğulmasından xəbərdar etməyə və müxtəlif münasibətlərdə onları özündən sonrakı imamla tanış etməyə çalışmışdır .

ANASININ KƏRAMƏTİ

ANASININ KƏRAMƏTİ Romanın ən böyük dini-ictimai şəxsiyyətlərindən ikisinin övladı olan Məleykə xanım həzrət Məhdi üçün ana olmaq şərəfinə nail olmuşdur. Onun atası Roma imperatorunun oğlu Yəşua, anası isə İsa peyğəmbərin canişini olan Şəm`unun nəvələrindən idi. Onun, imperatorun nəvələrindən biri ilə qərarlaşdırılan toy mərasimi çox qəribə surətdə dağıldıqdan sonra yuxuda Peyğəmbəri (s) görüb İslam dinini qəbul etdi. O, döyüşlərin birində romalı əsirlərin içinə girib, özünü Abbasi xilafətinin paytaxtına çatdırdı. Orada İmam Hadi (ə) tərəfindən göndərilən Bişr ibn Süleyman tərəfindən alınıb, imamın evinə gətirildi və İmam Həsən Əsgərinin (ə) həyat yoldaşı oldu. Onun adı Nərcis, Süsən, Reyhanə və Səqil kimi göstərilmişdir. Onun imanı, iffəti, paklığı, gözəl davranışı və əxlaqı elə bir həddə idi ki, imam övladı, imam bacısı və imam bibisi olan Həkimə xatun ona xüsusi hörmət göstərir və İmam Hadi (ə) həmişə onun haqqında gözəl sözlər söyləyərdi. Hələ çox öncə həzrət Əmirəl-möminin, İmam Sadiq (ə) və İmam Məhəmməd Təqi (ə) onu"خيرت الإ ماء" (kənizlərdən seçilmiş) və "سيدت الإماء" (kənizlərin sərvəri) adlandırmışlаr. Hamiləlik dövründə İmam Məhdinin (əc.) anasında heç bir əlamət müşahidə olunmadı. Yalnız sonuncu gecə İmam Həsən Əsgəri (ə) həzrət Həkiməyə buyurdu: "Ey bibi, bu axşam bizimlə iftar elə. Bu gecə Allah-taala öz höccətini dünyaya gətirməklə səni sevindirəcəkdir" .

İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI

İMAMLIQ DÖVRÜNÜN BAŞLANMASI İslam ümmətinin on birinci məsum rəhbəri 28 yaşında ikən zalım Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənib şəhid edildikdə, həzrət Məhdi (əc.) beş yaşlı bir uşaq idi . Onun uşaq ikən imamlığa başlaması isә, ilahi möcüzəni və Allahın bütün məsum imamların vücudunda qoyduğu heyrətamiz qüdrəti nəzərə almaqla, qətiyyən şübhəli və qəribə görünməməlidir. Tarixdə dəfələrlə buna bənzər hadisələr baş vermişdir. Hamının qəbul etdiyi bu nümunələrdən biri Yəhya peyğəmbərin haqqındadır. Allah-taala Qurani-kərimdə buyurur: ""و آتيناه الحكم "Və uşaq ikən ona peyğəmbərlik verdik" . Həzrət İsa peyğəmbərin beşikdə dil açıb danışması haqda isə belə buyurulur: قال انى عبدالله آتاني الكتاب وجعلنى نبيا
"Dedi: "Mən Allahın bəndəsiyəm. O mənə kitab vermiş və məni peyğəmbər etmişdir" .


KİÇİK QEYB DÖVRÜ

KİÇİK QEYB DÖVRÜ İmam Məhdinin (əc.) dоğulmasının düşmən və müxaliflərdən gizli qalmasına bais olan amillər, onun qeybə çəkilməsinə də səbəb olmuşdur.
Bəzi rəvayətlərdə İmam Məhdi (əc.) həzrət Musa peyğəmbərə bənzədilmişdir. Fironun adamları Musanı məhv etmək üçün o dövrün hamilə qadınlarına və südəmər körpələrinə hücum edib, bütün oğlan uşaqlarını vəhşicəsinə öldürmüşlər. Abbasilər də öz hakimiyyətlərini qorumaq və bütün zalımları məğlub edəcək son canişinin meydana çıxmasının qarşısını almaq məqsədilə istənilən cinayətə hazır idilər. Hicri 260-cı ildə həzrət Məhdi (əc.) öz hücrəsindən çıxıb, əmisi Cəfər-kəzzabı (kəzzab: yalançı) kənara itələyərək atasının meyit namazını qıldıqdan və bununla da öz imamlığının başlanmasını elan etdikdən sonra hökumət məmurları yeni planlar qurub, onu da şəhid etmək qərarına gəldilər. Allah-taala özünün sonuncu höccətini düşmənlərin məkrindən qorumaq üçün, öz tükənməz qüdrəti ilə onu elə imamlığının əvvəlindən qeybə çəkmişdir.
يريدون ليطفئوا نورالله بأفواههم والله متم نوره ولو كره الكافرون
"Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər xoşlamasalar belə, Allah öz nurunu kamala yetirəsidir!"

QONDARMA "SƏRDABƏ DASTANI"

QONDARMA "SƏRDABƏ DASTANI" Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın - İmam Hadi, İmam Həsən Əsgəri, və İmam Zamanın (ə) namaz qıldıqları yer olduğuna görə, şiələr tərəfindən müqəddəs yer kimi ehtiram olunur. Lakin təəssüf ki, əhli-sünnə məzhəbinin bəzi tarixçi və yazarları öz əsərlərində İmam Məhdinin (əc.) orada gizlənməsinə dair uydurma hekayə yazır və şiələri, öz imamlarının oradan çıxmasını gözləməkdə ittiham və məsxərə edirlər . Bu hörmətsizliklərə cavab olaraq, şiə alimləri dəlil-sübutlarla onların bu yanlış düşüncələrini rədd etmişlər. Biz burada yalnız mərhum Əllamə Əmininin "əl-Qədir" kitabında yazdığı cavabla kifayətlənirik: “...Sərdabə iftirası isə daha çirkin iftiradır. Ümumiyyətlə, şiələr imamın sərdabədə qeyb olması fikrində deyillər. Nə onlar imamı qeybə çəkiblər və nə onlar onu sərdabədən zühur etdirəcəklər! Əslində şiələr hədislərə əsaslanaraq, onun Məkkədə Kəbənin qarşısında zühur edəcəyinə inanırlar və heç kim zühurun sərdabədə baş verəcəyini söyləməmişdir... Heç olmasa, bu uydurmanı qoşanlar öz yalanlarında sözübir olsaydılar, onun qondarma olması əlamətlərinə görə bu qədər rüsvay olmazdılar. Belə ki, onların bəzisi оnun Bağdadda, bəzisi isə Samirədə olduğunu göstərmiş, bir qrup isə yerindən xəbərsiz olduğunu bildirmişdir.”

XÜSUSİ NAİBLƏR

XÜSUSİ NAİBLƏR İmam Məhdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir . Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar: Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır. Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Məhdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur . Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Məhdi (əc.) onun barəsində buyurmuşdur: انه ثقتى و كتابه كتابى
“O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır" .
O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür.
Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.” O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu .
Əli ibn Məhəmməd Seymuri: Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Məhdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır. Ölümündən altı gün qabaq İmam Məhdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir .
Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur .

BÖYÜK QEYB DÖVRÜ

BÖYÜK QEYB DÖVRÜ 69 illik kiçik qeyb dövrü böyük qeyb dövrünə müqəddimə və insanların o dövrə hazırlaşması üçün qısa fürsət hesab olunur.
Təqribən 11 əsrdir davam etməkdə olan böyük qeyb dövrü müxtəlif cəhətlərdən kiçik qeyb dövrü ilə fərqlənir:
1.Kiçik qeyb dövründən olduqca uzunmüddətlidir.
2.Kiçik qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Məhdiylə (əc.) əlaqədə olan heç bir xüsusi naib yoxdur.
3.İmam Sadiq (ə), İmam Həsən Əsgəri (ə) və İmam Məhdinin (əc.) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər , İmam Zamanın (əc.) ümumi naibləri olaraq, bu dövrdə İslam hökumətinin idarəsinə, İslam və müsəlmanların mənafeyini qorumaq işinə məmur olunmuşlar. Bu dövrdə, həmçinin ilahi hökmlərin və cəza hədlərinin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai və iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür. 4.Bu dövr, xalqın və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona yetəcəkdir.ر 5.Bu dövrün müddət miqdarını Allahdan savayı heç kim bilmir və heç bir hədisdə onun vaxtı göstərilməmiş, onu təyin edənlər isə yalançı adlandırılmışlar.

QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ

QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ İmam Məhdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır . Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir: 1. İlahi qanun
İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir" . 2. İmamın canının qorunması
Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi. İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur" . 3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı
Həzrət Məhdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır" . 4. İnsanların imtahan olunması
Peyğəmbər (s) buyurmuşdur: "Məhdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır" . 5. İnsanların günaha aludə olması və zühura hazır olmaması
Həzrət Məhdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir . Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?

QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ İmam Məhdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik: 1. Bulud arxasındaki günəş kimidir: كما ينتفعون بالشمس اذا سترها سهاب))
2. O görünür, amma tanınmır:
(يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه)
3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:
(وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن)
4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:
(ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه)
5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar. 6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.
7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var. 8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir. 9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:
"...Cismən görünmür" (لا يرى جسمه) .
İmam Sadiq (ə) buyurmuşdur:
"Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه .
Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.
Məhəmməd ibn Osman Əmri deyir: (يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه)
ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ İmam Məhdi (əc.) Allahın bütün əzəmətli peyğəmbərlərinin və görkəmli övliyalarının varisi olmaqla, ən gözəl və kamil xüsusiyyətlərə malikdir. O, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı. 1. Elm
Əli (ə) buyurmuşdur: "O, sizin ən elmlinizdir" . İmam Baqir (ə) buyurmuşdur:
"Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Məhdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!" . 2. Zöhd və dünyaya etinasızlıq
İmam Rza (ə) buyurmuşdur: وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur" . 3. İnsanlarla ədalətli rəftar
İmam Baqir (ə) buyurmuşdur: يعدل فى الخلق الرحمن البر منهم و الفاجر "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq" . 4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək
Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək" . 5. Ehsan və səxavət
Peyğəmbər buyurmuşdur: "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Məhdi, mənə bir şey bağışla, əta et". Sonra Məhdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır" . 6. Dua və ibadət
İmam Məhdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir. Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil. 7. Şücaət və qorxmazlıq
Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq! 8. Səbir və mətanət
Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər? Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Məhdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Məhdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır. UZUNÖMÜRLÜLÜK İmam Məhdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki: 1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:
انما امره اذا أراد شيا أن يقول له كن فيكون Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır. Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı . 2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür . Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir.
3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.
4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Məhdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.
İNTİZAR
Nəhayət, İmam Məhdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.
İmam Məhdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.
Müqəddəs hədislərdə vəd olunmuş Məhdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir . Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.
İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir. MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ
*Məhdini tanıyıb, imamlığına inanmaq
İmam Məhdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur: ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان "Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar" . *Təqva və gözəl əxlaq İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir: ان اكرمكم عند الله اتقكم
Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır" . Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:
افضلكم ايمانا احسنكم اخلاقا "Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır". Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz. İmam Sadiq (ə) buyurmuşdur:
من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر "Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir" . *İtaət və tabelik Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır. İmam Sadiq (ə) buyurmuşdur:
طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره
"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər" . *Həzrət Məhdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Məhdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür. Peyğəmbər (s) buyurmuşdur: طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه "Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar" .

ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR

ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR Allah-taala həzrət Məhdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər. Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli. Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması . Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması. Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.

ZÜHUR

ZÜHUR Səmadan gələn nida bütün insanlara həzrət Məhdinin (əc.) zühur xəbərini verəcəkdir. İmam Məhdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır. İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar. Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Məhdiyə (əc.) iqtida edəcəkdir.
İmam Məhdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər. Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir. Həzrət Məhdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.

ZÜHURDAN SONRAKI DÖVR

ZÜHURDAN SONRAKI DÖVR Həzrət Məhdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur: 1-Ümumdünya İslam hakimiyyəti İmam Sadiq (ə) buyurmuşdur: "Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir" .
2-İlahi hökmlərin tam icrası İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur: "Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir." 3-Quran təlimlərinin dirçəldilməsi Həzrət Əli (ə) İmam Məhdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:
"İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir" . 4-Zülmün məhv və ədalətin bərqərar edilməsi Peyğəmbər (s) buyurmuşdur: "Məhdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir" . 5-İslamın yenidən başlanması
İmam Baqir (ə) buyurmuşdur: "Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır" . 6-İnsanlar arasında elmin kamilləşməsi İmam Sadiq (ə) buyurmuşdur: "Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır" . 7-Əqli inkişaf İmam Baqir (ə) buyurmuşdur: "Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir" .
8-Təhlükəsizlik İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur: "Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır" . Həmçinin, İmam Əli (ə) buyurmuşdur: "O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz" .
9-İnsanlar arasında birlik və məhəbbət Əmirəl-möminin Əli (ə) buyurmuşdur: لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد
"Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır" .
10-Yer üzünün günahdan paklanması İmam Sadiq (ə) həzrət Məhdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:
ولا يعصون الله عز وجل فى أرضه "İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər" .

SON SÖZ

SON SÖZ İmam Məhdiylə (əc.) tanışlıq öhdəlikli və məsuliyyətli bir tanışlıqdır.
Vilayət ipindən tutmaq, təqvalı olub, İmam Məhdiyə (əc.) qarşı durmaqdan çəkinmək, zühura zəmin yaratmaq üçün səy və mübarizə, o həzrətə məhəbbət və kömək göstərmək yolunda mətanət, zühurun yaxınlaşması və o həzrətin müqəddəs məqsədlərinin həyata keçməsi üçün davamlı dua etmək, heç bir müntəzir şiənin unutmayacağı vəzifə və məsuliyyətlərdəndir. İmam Məhdini (əc.), onun məqsəd və amallarını tanıdıqdan sonra sakit oturmaq, nəinki təkcə o həzrətin, hətta Allah-taalanın da istədiyi işlərə qarşı laqeydlik göstərmək, əsla mümkün deyil.

XƏTMİ-KƏLAM

XƏTMİ-KƏLAM İmam Məhdidən (əc.), kiçik qeyb dövründə yazdığı və şiələrin suallarına cavabdan ibarət olan məktublardan savayı, bəzi xüsusi dua və ziyarətlər nəql olunmuşdur. Bunlarla məşğul olmağın möminlərin mənəvi yüksəlişi və hacətlərin qəbul olunmasında xüsusi təsiri vardır. Bu qısa kitabçanın sonunda həmin duaların "Həzrət Məhdiyə (əc.) istiğasə" adlı birisini qeyd edirik.
Mərhum Seyid Əli Xan özünün "əl-Kəlimüt-təyyib" kitabında buyurmuşdur: Bu, həzrət Sahibəz-zamana (əc.) istiğasə və ondan kömək diləməkdir. Harada olsan, bir həmd və istədiyin daha bir surə ilə iki rəkət namaz qıl və sonra açıq səma altında üzü qibləyə dayan və de: Səlamullahil-kamilut-tamm, əş-şamilul-`amm, və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tammətu `əla hüccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi `əla xəlqihi və `ibadih, və sulalətin-nubuvvəti və bəqiyyətil-`itrəti vəs-səfvəti Sahibizzəman, və muzhiril-iman, və muləqqini əhkamil-Quran, və mutəhhiril-ərzi və naşiril-`ədl, fit-tuli vəl-`ərz, vəl-huccətil-Qaimil-Məhdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-əimmətit-tahirin, əl-vəsiyyibnil-əusiyail-mərziyyin, əl-hadil-mə`sumibnil-əimmətil-hudatil-mə`sumin. Əssəlamu `ələykə ya Muizzəl-momininəl-mustəz`əfin! Əssəlamu `ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin! Əssəlamu `ələykə ya məulayə ya Sahibəzzəman! Əssəlamu `ələykə yəbnə Rəsulillah! Əssəlamu `ələykə yəbnə Əmiril-mominin! Əssəlamu `ələykə yəbnə Fatimətəz-Zəhra, səyyidəti nisail-`aləmin! Əssəlamu `ələykə yəbnəl-əimmətil-hucəcil-mə`sumin, vəl-imami `ələlxəlqi əcməin! Əssəlamu `ələykə ya məulayə, səlamə muxlisil-ləkə fil-vilayəh. Əşhədu ənnəkəl-imamul-Məhdiyyu qəulən və fi`lən, və əntəlləzi təmləul-ərzə qistən və `ədlən bə`də ma muliət zulmən və cəura. Fə`əccələllahu fərəcək, və səhhələ məxrəcək, və qərrəbə zəmanək və kəssərə ənsarəkə və ə`vanək, və əncəzə ləkə ma və`ədək, fəhuvə əsdəqul-qailin: "Və nuridu ən-nəmunnə `ələlləzinəstuz`ifu fil-ərzi və nəc`ələhum əimmətən və nəc`ələhumul-varisin". Ya məulayə, ya Sahibəz-zəman, yəbnə Rəsulillah, hacəti... (burada öz hacətini dilə gətir). Fəşfə` li fi nəcahiha fəqət-təvəccəhtu iləykə bihacəti li`ilmi ənnə ləkə `indəllahi şəfa`ətən məqbuləh, və məqamən məhmuda. Fəbihəqqi mənixtəssəkum biəmrihi vərtəzakum lisirrih, və biş-şənilləzi ləkum `indəllahi bəynəkum və bəynəh, səlillahə tə`ala fi nuchi təlibəti və icabəti də`vəti və kəşfi kurbəti. Bundan sonra hacətini istə, inşallah qəbul olar.
Mərhum müqəddəs Qumi "Məfatihul-cinan" kitabında yazır:
"Yaxşı olar ki, bu namazın birinci rəkətində "Həmd" surəsindən sonra "Fəth", ikinci rəkətində isə "Nəsr" surəsi oxunsun".

MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ

MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ Müqəddəs Cəmkəran məscidi həzrət İmam Məhdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:
Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: "Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Məhdi (əc.) səni istəyir". Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu: "Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir". Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Qul huvəllah" surəsi deyilir. Rükunun ("Subhanə rəbiyyəl-`əzimi və bihəmdih") və səcdələrin ("Subhanə rəbiyyəl-ə`la və bihəmdih") zikrləri də 7 dəfə təkrar olunmalıdır. Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsini oxuyarkən, "İyyakə nə`budu və iyyakə nəstə`in" ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da "Qul huvəllah" surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə "La ilahə illəllah" deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.

GÖRKƏMLİ MÜASİR MÜCTƏHİDLƏRİN CƏMKƏRAN MƏSCİDİ BARƏSİNDƏ FİKİRLƏRİ

GÖRKƏMLİ MÜASİR MÜCTƏHİDLƏRİN CƏMKƏRAN MƏSCİDİ BARƏSİNDƏ FİKİRLƏRİ Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım".
Ayətullah Mər`əşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam".
Ayətullah Xaməneyi: "Müqəddəs Cəmkəran məscidi, bəhrələnməli olduğumuz tükənməz xəzinədir".
Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi kimi məscidlər xüsusi tanıtdırmaya ehtiyaclı deyillər. Onların ən yaxşı tanıtdıranı özləridirlər".
Ayətullah Safi Gülpayiqani: "Ümidvarıq, nə qədər ki, ömrümüz var, Allah-taala bizi bu məscidə getmək şərəfindən məhrum etməz".
Ayətullah Məkarim Şirazi: "Bu məscidin ilahi fəzasında olanlar qəribə ruhani hiss və qeyri-adi mənəvi cazibə duyurlar".
Ayətullah Fazil Lənkərani: "Tələbə olarkən Cəmkəran məscidinə çox getmiş, orada çoxlu kəramətlər görmüş və eşitmişəm".