GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR
 

UYĞUNLAŞMA MƏFHUMU

UYĞUNLAŞMA MƏFHUMU Ailədə uyğunlaşma deyərkən hər bir ailə üzvünün, xüsusi ilə ərlə arvadın bə`zi məsələlərə münasibətini dəyişməsi və ümumi razılıq naminə bə`zi istəklərdən çəkinməsi nəzərdə tutulur. Deyildiyi kimi, ərlə arvadın bə`zi əxlaqi xüsusiyyətləri bir-biri ilə ziddiyyət təşkil edir. Ümumi razılıq xatirinə bu xasiyyəti tərk etməkdən başqa yol yoxdur. Müştərək bir həyatda ərlə arvad çalışmalıdır ki, bir-birlərinin bütün xüsusiyyətlərini, maraqlarını öyrənsinlər və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər. Bu həssaslıqların kökü çox vaxt insanların psixoloji xüsusiyyətlərində, aldıqları tərbiyədə olur. Əlbəttə ki, bu sahələrdə dəyişmək çətindir. Hər hansı fərdin qısa bir zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz. Ona görə də hər iki tərəf çalışmalıdır ki, qarşı tərəfin həssaslığını nəzərə alsın. Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir. Çünki həyat yoldaşını sevən kəs ailə həyatına əlaqəlidir. O, həyat yoldaşını incidəcək, müştərək həyat bağlarını qıracaq heç bir iş görmür. O, inadkarlıq və ya nadanlıq üzündən yoldaşı üçün sıxıntı yaradacaq işə yol vermir. Təəssüf ki, bə`zən zövcələr bir-birinə hörmət əvəzinə, inadkarlıq göstərərək biganələrin yanında qarşı tərəfi incidirlər. Bu sayaq rəftar göstərir ki, onlar ailə həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər. Bilməliyik ki, hər bir insanın xüsusi ruhiyyəsi, düşüncə tərzi var. Hər bir insan xüsusi yanaşma tələb edir. Başqa sözlə, ətrafdakılarla rabitə zamanı onların şəxsiyyətini nəzərə almamaq olmaz. İstənilən bir söz və rəftar qarşı tərəfin düşüncə və ruhuna uyğun olmalıdır. Çünki hər maye üçün münasib bir qab var və qaba tutumundan artıq bir şey tökmək olmaz. Bə`ziləri öz rəftarında ağıla əsaslandığından onlarla ağıl və məntiq dilində danışılmalıdır. Bə`ziləri isə emosionaldırlar. Belələri ilə ünsiyyətdə quru məntiqi dəlillərlə kifayətlənmək olmur. Onların həssaslığını nəzərə almaqla daha tez nəticə əldə etmək olmaz. Kimi istiqanlı, kimi isə soyuqqanlıdır. Kimi məsələlərə səthi yanaşır, kimi də məsələnin mahiyyətinə varır. Zövcələrdən hər biri qarşı tərəfin şəxsiyyətinə qapı açmaq üçün açar soraqlamalıdır. Qarşı tərəflə onun ruhiyyəsinə uyğun rəftar edilməlidir. Müsbət nəticə əldə etmək üçün sağlam və yetərli rabitələrin qurulmasında sədaqətlə təlaş göstərmək lazımdır.
HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ

HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ Mühüm məsələlərdən biri qadının ər evində dil tapmasıdır. Təəssüf ki, bu sahədə bir çox problemlər yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, həm həyat yoldaşı, həm də yaxınlarının haqlarını yerinə yetirsin. Hər halda onlardan heç birini digərinə fəda etmək olmaz. Bə`zi kişilər analarını çox sevdiklərindən özləri də bilmədən həyat yoldaşlarının haqqını tapdalayırlar. Onlar öz həyat yoldaşlarından analarına qarşı xüsusi bir münasibət umurlar. Hansı ki, qadın yalnız öz vəzifəsini yerinə yetirməli, yersiz tələblərin icrasında üzülməməlidir. Bə`ziləri isə evləndikdən sonra ana-bacısını, yaxınlarını yaddan çıxarır və onların hüquqlarına biganəlik göstərir. Evləndikdən sonra kişinin öz həyat yoldaşı, yaxınları ilə necə rəftar edəcəyindən çox şey asılıdır. Ailədə isti rabitələrin yaranması, bir çox problemlərin aradan qalxması üçün kişi düzgün müdiriyyət üsulu seçməlidir. Kişi tədbirli və agah olmadıqda ailədə xeyli problem yaranır. Digər tərəfdən, qadın da ərini əziyyətə salacaq rəftarlardan çəkinməli, ərin yaxınları ilə isti əlaqələr qurmağa çalışmalıdır. Cüz`i məsələlərdən ötrü dava-dalaş salmaq, səmimi rabitələri pozmaq düzgün deyil.
GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR.

GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR. Uyğunlaşma sözündə bir növ güzəşt, dözüm, göz yummaq mə`naları da var. Müdara etmək tə`biri də həmin mə`nanı bildirir. Müdara etmək odur ki, biz kollektiv yaşayışda ətrafdakıların bə`zi yersiz hərəkətlərinə dözək, onlara göz yumaq. Məsələn, əgər həyat yoldaşının rəftarında nöqsan varsa və nöqsanı aradan qaldırmaq üçün göstərilən sə`ylər nəticə vermirsə, dava-dalaş salıb ailə rabitələrini süstləşdirmək olmaz. Çünki hər birimizin zəif nöqtəsi var. Bə`zən bu nöqtəni islah etmək asan olmur. Bə`zi zəif nöqtələrin irsi kökləri olur. Qəbul etməliyik ki, müştərək həyatda bu sayaq çətinliklər labüddür. Axı heç birimiz mə`sum, günahsız deyilik. Özünü nöqsansız bilən şəxs hamıdan nöqsanlıdır. Əlbəttə ki, hər bir insan öz üzərində çalışıb eyiblərdən yaxa qurtarmalıdır. Belə bir sə`y mə`nəvi təkamül səbəbidir. Yalnız çalışmaqla Qur`ani-kərimin “pak həyat” adlandırdığı sağlam həyata yol tapmaq olar. Hər halda bu sayaq çətinliklər var və müdara edib, keçinməkdən başqa yol yoxdur. Elə bu səbəbdən də İslam tə`limlərində müdara etmək tə`kidlə tövsiyə olunur. İslam peyğəmbərindən nəql olunmuş rəvayətlərdə müdara imanın yarısı kimi təqdim olunur. Həzrət Peyğəmbərin (s) bu bəyanı insani rabitələrdə əxlaqi fəzilətin əhəmiyyətini göstərir. Bu mövzuda rəvayət çoxdur.
SAZIŞ HƏDDI

SAZIŞ HƏDDI Qarşı tərəflə saziş o demək deyil ki, insan qeyd-şərtsiz kiminsə istəyinə və ya mühitin tələblərinə təslim olsun, gerçək me`yarlardan əl çəksin. Bə`zi əxlaqi keyfiyyətləri o zaman tərk etmək olar ki, bu hərəkət prinsipial üsullara zərər vurmasın və haqq ayaq altına atılmasın. İnsan fərd və ya mühitlə uyğunlaşmaq üçün nə günaha yol verə bilər, nə də vacib vəzifələrini tərk edə bilər. İslam Peyğəmbərindən (s) nəql olunmuş bir rəvayətdə belə bir nöqtə aydın şəkildə bəyan olunmuşdur: “Öncə Allaha iman, sonra kimsənin haqqını tapdamadan xalqla müdara düşüncə göstəricisidir.” Qeyri-prinsipial məsələlərdə ixtilafdan çəkinib müdara yolunu tutmaq olar. Qeyri-mühüm məsələlərdə güzəşt başqaları ilə saziş şərtidir. Uyğunlaşmaq təslimçilik, ictimai mühitin rəngini götürmək, şəxsiyyəti əldən vermək yox, ixtilaflardan çəkinmək məqsədi ilə güzəştə getməkdir.
UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ

UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ Ailə həyatında uyğunlaşma şərti budur ki, ərlə arvadın hər biri qarşı tərəfdən umacağında orta həddi gözləsin, imkandan uzaq, qeyri-məntiqi istəklərdən daşınsın. Ailə həyatında bir çox problemlərin kökü istək və umacaqlarda orta həddin gözlənilməməsidir. Şübhəsiz ki, yalnız ailə həyatında yox, bütün insani rabitələrdə hər birimiz başqalarından nə isə gözləyirik. Əlbəttə ki, qarşı tərəfin də bizdən intizarı var. Ailə həyatımızdakı umacaqları bilmək üçün vəzifə və hüquqlarımızla tanış olmalıyıq. Əgər ailədə haqqımız olmayan bir tələb irəli sürsək, ailə rabitələrinə zərbə vurmuş olarıq. Yə`ni həyat yoldaşından vəzifəsi olmayan bir iş tələb etmək olmaz. Kişi də ummamalıdır ki, qadın öz ixtiyarında olanları və ya qazancını ailə üçün xərcləsin. Qadın da kişidən həddi aşan tələblər etməməli, eləcə də, onun qeyri-məntiqi istəklərinə təslim olmamalıdır.
ÖZ ISTƏKLƏRIMIZDƏ BƏSIRƏTLI OLAQ

ÖZ ISTƏKLƏRIMIZDƏ BƏSIRƏTLI OLAQ Hətta şər`i haqlarımızın tələbində belə bəsirətli olmalı, imkanları nəzərə almalıyıq. Bəsirətli olmaq, həqiqəti görmək bütün sahələrdə, eləcə də, ailə həyatında mühüm rol oynayan dəyərli bir xüsusiyyətdir. Həqiqətdən uzaq istəklər rabitələrdə xeyli problemlər yaradır. Unutmamalıyıq ki, imkanı istəyə uyğunlaşdırmaq mümkünsüzdür. İnsan öz istəyini imkana uyğunlaşdırmalı, öz istəklərində gerçəkliyi nəzərə almalıdır. İmkanı nəzərə almadan uzun-uzadı arzularla yaşamaq əslində yuxu və xəyal aləmində seyr etməkdir. Həyatda müvəffəqiyyətin ilkin şərti bəsirətli olmaqdır. Belə bir nöqtəyə diqqət qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Həyəcanlanmış hisslər bə`zən həqiqəti görməyə imkan vermir. Hissdən qaynaqlanan və ağıl ölçüsünə sığmayan istəklər də emosiyalardan doğur. Bu sayaq istəklər, adətən, ailə həyatında çətinliklər törədir. (Qadının diqqət yetirməli olduğu digər bir məsələ həyat yoldaşının proqramı ilə uyğunlaşmaqdır. Bə`zi kişilər əmək fəaliyyəti ilə bağlı boş vaxt tapmaqda çətinlik də çəkə bilər. Bə`ziləri evdə də idarə işi görməyə məcbur olur. Belə məqamlarda həyat yoldaşı vəziyyəti düzgün qiymətləndirməli, öz e`tirazları ilə ərini sıxıntıya salmamalıdır. Əlbəttə, kişi də imkan həddində öz vaxtının bir hissəsini ailəsinə həsr etməli və bunu özünə vəzifə bilməlidir.)
MÜQAYISƏ APARMAYAQ

MÜQAYISƏ APARMAYAQ Tərbiyə sahəsində tə`kidlə qeyd olunmuş gerçəkliklərdən biri fərqli səviyyənin mövcudluğudur. Öncə də işarə etdik ki, hər fərdin digər fərdlərdən fərqli xüsusiyyətləri var. İnsanların tutumları, qabiliyyətləri, gücləri eyni deyil. Buna görə də hamıya qarşı eyni tələb irəli sürmək olmaz. Belə ki, kişi öz həyat yoldaşını başqa qadınlarla müqayisə edə bilməz. Qadından başqa qadınların gördüyü işi tələb etmək yersizdir. Əgər qadın kişinin bə`zi istəklərini yerinə yetirə bilmirsə, kişi ondan inciməməli, məhəbbətini əskiltməməlidir. Bə`zən kişilər öz həyat yoldaşlarına başqa qadınların aşbazlığından, dərziliyindən ağız dolusu danışırlar. Bu sayaq söhbətlər təkrarlandıqda qadın tərəfindən təhqir kimi qəbul olunur. Başqa qadınların həddi aşan tə`rifi dilxorçuluq, bə`zən isə kin-küdurət yaradır. Bə`ziləri bir az da qabağa gedərək yeri gəldi-gəlmədi həyat yoldaşlarını başqaları ilə müqayisə edirlər. Onlara elə gəlir ki, bu yolla həyat yoldaşlarını təşviq edirlər. Belə bir üsul daha çox zərər gətirir. Adətən, fərdlərin bir-biri ilə müqayisə olunması yanlış olur və pis nəticələrlə sonuclanır. Ümumiyyətlə, fərdlərin müqayisəsində diqqətli olmaq, fərdi keyfiyyətləri nəzərdən qaçırmamaq lazımdır. Başqa bir şərt bu müqayisənin təhqirə çevrilməsinə yol verməməkdir. Başqalarının üstünlüyü haqqındakı söhbət qarşı tərəfin alçaldılması ilə müşayiət olunmamalıdır. İnsani rabitələrdə bir çox incə nöqtələrə diqqət yetirmək və ölçülü hərəkət etmək lazımdır. Həyat yoldaşının başqa qadınlarla müqayisə edilməsinin digər mənfi nəticələri də var. Bu nəticələrdən biri qadında başqa qadınlara qarşı mənfi emosiyaların yaranmasıdır. Qadın üçün ərin ətrafdakı qadınlara diqqətli olub, onların haqqında xoş sözlər deməsi cansıxıcıdır. Qadına elə gəlir ki, haqqında danışılan qadınlar onun ərinin diqqətini ondan yayındırırlar. Bir sözlə, yersiz müqayisələr ailənin ictimai rabitələrində xeyli problem yaradır və bu problemlər bə`zən ciddi qarşıdurmalarla nəticələnir.
ƏRDƏN MADDI TƏMƏNNA

ƏRDƏN MADDI TƏMƏNNA Qadının öz ərindən təmənnalarından biri də maddi təmənnadır. Şübhəsiz ki, qadının dolanışıq xərcləri ərin öhdəsinədir. Kişi qadının şə`ni, öz imkanları ölçüsündə qadına həyat şəraiti yaratmalıdır. Onun həm rahatlığı tə`min olunmalı, həm də şəxsiyyəti qorunmalıdır. Təəssüf ki, bu sahədə də bə`zən orta hədd gözlənilmir, qadının təmənnaları ailənin və ərin imkanlarından çox-çox yuxarı olur. Ailələrdəki durumun araşdırması göstərir ki, ərlə arvad arasındakı bir çox problemlərin səbəbi maddiyyatdır. İslami rəvayətlərdə kişilərə tövsiyə olunur ki, imkanları daxilində qadının rifah və asayişini tə`min etsinlər. İmkanı olduğu halda ailənin ehtiyaclarını tə`min etməyən kişidə bir növ xəsislik görünür. Onlar unudurlar ki, var-dövlət ailənin ehtiyaclarının ödənməsi, şəxsiyyətin qorunması, xeyir işlər yolunda sərf olunduqda fayda verir. Əgər imkanlar sadalanan istiqamətdə yönəlməsə, onların heç bir dəyəri yoxdur. Rəvayətlərdə tövsiyə olunur ki, Allah sizin var-dövlətinizə bərəkət verdikdə siz də həmin artıma uyğun olaraq ailə-övladınızın şəraitini genişləndirin, açıq əl və ürəklə onların ehtiyaclarını tə`min edin. Bundan əlavə, kişi ailə ehtiyaclarının tə`mini üçün öz fəaliyyət dairəsini genişləndirməlidir. Bu yolla ailənin üzləşdiyi maddi problemlər aradan qaldırılmalıdır. Bə`zi kişilər ailə-övladın ehtiyaclarını tə`min etmək üçün lazımınca çalışmırlar. Bu səbəbdən onlar öz fəaliyyətlərini genişləndirməyə cəhd göstərmirlər. Başqa bir tərəfdən, dini rəvayətlərdə qadınlardan istənilir ki, həyat yoldaşlarının imkanlarını nəzərə alsınlar. Qadın həddi aşan istəklərdən çəkinməlidir. Təəssüf ki, bə`zi qadınlar bu məsələyə biganədirlər. Onlar öz xoşbəxtliklərini yalnız maddiyyatda axtarırlar. Belə qadınların təmənnasının həddi-hüdudu yoxdur, onlar hər gün yeni bir istəklə ərlərinə üz tuturlar. Belə qadınlar nə ərin imkanlarını, nə gələcəyi və nə də ailənin məsləhətini nəzərə alırlar. Onlar öz istəkləri üzərində möhkəm dayanıb tə`kid edir, müsbət cavab almadıqda ailə mühitini zəhərləyirlər. Belə qadınların itirdiyi ilkin şey ailə həyatındakı xoşbəxtlik hissləridir. Bə`zi qadınlar maddi istəklərin gerçəkləşməsi üçün o qədər sə`y göstərirlər ki, sanki pul xərcləmək üçün yaranmışlar. Ağır xərcli, adətən, bu kimi səriştəsiz qadınlar ailə iqtisadiyyatını ağır yükləyirlər. V. Dorantın tə`birincə: “Ər məcburdur ki, can qoyub, əsəb çürütsün, acı da olsa, qadına bir qul olduğunu qəbul etsin.” Bu hal dəbdəbəli həyat keçirən kübar ailələrdə daha çox müşahidə olunur. Belə ailələrin bərbəzək geyim, əyləncə xərcləri ağılsız həddədir və üzücüdür. Adətən, belə ailələrdə həqiqi xoşbəxtlikdən əsər-əlamət olmur. Xoşbəxtlik var-dövlətdə, bər-bəzəkdə, güc və məqamda yox, eşq və aramlıqdadır. Bu zümrədən olanlar elə bir yol tutmuşlar ki, bu yol onları daim aramlıqdan, xoşbəxtlik və həzdən uzaqlaşdırır. Aşağı və ya orta imkana malik bir çox ailələr qənaət və şükür səbəbindən olduqca xoşbəxtdirlər. Bu xoşbəxtlik kübar ailələrin dəbdəbəli saraylarda , ağır xərcli qonaqlıqlarda və səfərlərdə axtardıqları xoşbəxtlikdir. Onlar heç vəchlə bu xoşbəxtliyi əldə edə bilmirlər. Elə bu səbəbdən də qəm-qüssə, əxlaqsızlıq, boşanma kimi bir çox psixoloji və ictimai problemlərlə üzbəüzdürlər. Çox təəssüf ki, orta təbəqədən olan bə`zi qadınlar kübar zümrəni özü üçün ideal götürür və min bir əzab-əziyyətlə onlarla bir cərgədə dayanmağa sə`y göstərirlər. Onların imkanları kübar imkanlarla uzlaşmadığından üzüntüyə düçar olur, ailə həyatını özləri və ailələri üçün zəhərə döndərirlər. (Bu qadın zümrəsi ölkəmizə qərb mədəniyyətinin töhfəsidir. Xüsusi ilə ikinci dünya müharibəsindən sonra qərbə təqlidçilik cərəyanı gücləndi və cəmiyyətdə qərbpərəst bir zümrə formalaşdı.) Bu tip qadınlar anlamalıdırlar ki, ailə xoşbəxtliyi bərbəzəkdən, dəbdəbəli həyatdan asılı deyil. İnsanın xoşbəxtliyi hər şeydən öncə onun ruhundan və qəlbindən asılıdır. Ruhunda və qəlbində aramlıq olmayan insan nə qədər dəbdəbəli yaşasa da, həyatdan ləzzət almır. İnsan onu addım-addım bədbəxtliyə aparan yol seçməməlidir. Bu yolun sonunda üzüntü və bədbəxtlikdən başqa bir şey yoxdur. Düşünməliyik ki, həyatdan nə istəyirik? Başqaları ilə dəbdəbə yarışına girmək bizi xoşbəxtliyə aparırmı? Axı imkanlar fərqlidirsə, bu yarışda hansı səmərə ola bilər?! Hər birimiz ixtiyarımızda olan imkanları nəzərə alaraq, proqram hazırlamalı, imkanca bizdən yuxarı olanlarla rəqabətə girməməliyik. İnadkar, tələbkar qadınlarla yanaşı şəxsiyyətli, düşüncəli qadınlar da var. Onlar ailənin iqtisadi mənbələrini hifz edir, israfdan çəkinir, ailənin imkan çərçivəsindən kənar addım atmırlar. Xoşbəxtlikdən bu növ qadınlar cəmiyyətimizdə kifayət qədərdir. Onlar hər zaman həyat yoldaşları ilə çiyin-çiyinə ailənin gələcək həyatı üçün proqram cızırlar. Yaxşı olar ki, ata-analar öz qızlarını ər evinə yola salmazdan öncə onları bə`zi həqiqətlərlə tanış etsinlər. Xoşbəxtlik çox pul xərcləməkdə, ölçüsüz arzularda, azğın istəklərdə yox, həyat yoldaşı ilə qəlb bağlılığında, təkamül və yüksəlişə doğru sə`ydədir. Bu xoşbəxtliyi qiymətli libaslara, bər-bəzəyə satmaq olmaz. Qızlar öz analarının ağuşunda bu böyük dərsi yetərincə öyrənməlidir. Bu məqamda həzrət Fatiməni (s) bir ideal kimi xatırlamaq yerinə düşər. Bu xanımın fəzilət və təqva dolu həyatının qadınlarımıza ilham verəcəyinə ümid bəsləyirik. Həzrət Fatimənin (s) öz həyat yoldaşı, Həzrət Əliyə (ə) xitabən söylədiyi dəyərli bir kəlamı ilə sözlərimizi zinətləndiririk. Xanım buyurmuşdur: “Ya Əli! Mən öz Rəbbimdən həya edirəm ki, səndən imkanın çatmayan bir şey istəyəm.”
BAŞQALARININ YAXŞI DOLANIŞIĞINI HƏYAT YOLDAŞIMIZA NÜMUNƏ GÖSTƏRMƏYƏK

BAŞQALARININ YAXŞI DOLANIŞIĞINI HƏYAT YOLDAŞIMIZA NÜMUNƏ GÖSTƏRMƏYƏK Bə`zi xanımlar ardıcıl şəkildə başqalarının dolanışığını öz ərinə nümunə göstərir, bu yolla onu alçaldırlar. Belə bir hərəkət ağıl və ədəbdən uzaqdır. Qadın tərəfindən daim təhqirə mə`ruz qalan ərdən hansı əsasla səmimi və mehriban münasibət gözləmək olar?! Qadın və kişi birdəfəlik olaraq bu sayaq viranedici müqayisələrdən əl çəkməli, bu yolla qarşı tərəfi incidib təhqir etməməlidirlər. Ailədə bu sayaq ləyaqətsiz rəftarlara yer yoxdur. Ailə eşq, məhəbbət, mərhəmət fədakarlıq ocağıdır və səmimiyyət dolu bu ocaqda təhqirə yer verilməməlidir. Bə`zən bu müqayisə ərlə arvadın ata ailələrinə də gedib çıxır. Tərəflərdən hər biri öz ata evi ilə müqayisə aparır, öz ailəsinin imkanlarını və imtiyazlarını gözə çəkir. Qarşı tərəf də öz növbəsində yaxınlarının tə`rifinə başlayır və nəhayət, bu çəkişmə dava-dalaşla nəticələnir. Əslində bu sayaq rəftarlar tərəflərin şəxsiyyətini açıqlayır. Mə`lum olur ki, bu sayaq fərdlər hələ ki düşüncə və ruhi yetkinliyə çatmamışlar, müştərək həyatın qayda-qanunlarından xəbərsizdirlər. Tərəflərdən biri öz yaxınlarını tə`riflədikdə digər tərəf ona eyni cür cavab verməməli, mə`nalı bir sükutla onu düşündürməlidir. Yaxınlarından danışan həyat yoldaşına anlatmaq lazımdır ki, bu sayaq rəftar yanlış və yersizdir. Əgər hücuma mə`ruz qalmış tərəf eynən qarşı tərəf kimi cavab versə və ya həyat yoldaşının dediklərini inkar etsə, iş dava-dalaşa gedib çıxar və ailə savaş meydanına çevrilər. Belə məqamlarda ər və arvad münasib bir fürsətdə sağlam söhbət aparmaqla qarşı tərəfi yanlış mövqedən çəkindirə bilərlər.
AILƏDƏ KIŞININ MÜDIRIYYƏTININ ROLU

AILƏDƏ KIŞININ MÜDIRIYYƏTININ ROLU Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə də ictimai bir qurumdur. Əgər ailədə düzgün müdiriyyət olmazsa, onun işləri dolaşar, nizam-intizam aradan götürülər. Himayə və müdiriyyətin zəif olduğu ailələr müxtəlif baxımlardan problemə məhkumdurlar. Ailə qadının lətafətinə, hisslərinə, mərhəmətinə ehtiyaclı olduğu kimi, qüdrət, çətinlik, tədbir, müdiriyyət və rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri şəkildə kişidə daha güclüdür. Ailədə müdiriyyəti İslam dini kişinin öhdəsinə qoymuşdur. Qadın bu müdiriyyəti təmkinlə qəbul etməlidir ki, ailə işlərinin tənzimində problem yaranmasın. Burada zəruri bir nöqtəyə işarə etmək lazım gəlir: ailədə müdiriyyəti təhkim, zor, sərtliklə eyni tutmaq olmaz. Bütün ictimai qurumlar, o cümlədən ailədə müdiriyyət işlərin daha yaxşı idarə olunması və ixtilafların qarşısının alınması üçündür. Təəssüf ki, bə`zi kişilər özünü ailə-övladın mütləq hakimi kimi aparır və onların heç bir haqqını tanımır. Adətən, belə kişilər rəftarını dəyişmək istəmir. Onlar eqoizmə, kobudluğa o qədər yer vermişlər ki, bütün tövsiyələri qulaqardına vururlar. E`tiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə yaşamaq olduqca çətindir. Bə`zi ailələrdə, xüsusi ilə şəhərlərin modern zümrələrində vəziyyət tamam başqadır. Bu ailələrdə qadın kişinin rolunu əlinə almağa, ailənin idarəçiliyini öz öhdəsinə götürməyə çalışır. Belə bir ruhiyyə sağlam qadın üçün təbii deyil və fitrətin ziddinədir. Bə`zən də kişinin müdiriyyət zəifliyi qadında belə bir ruhiyyə yaradır. Hər halda belə bir vəziyyət nə təbiidir, nə də qadın və ailənin xeyrinədir. Belə rəftar qadının fizioloji və problem durumu üçün də zərərlidir. Ailə üçün yetərli ideal budur ki, qadın və kişi öz xüsusi vəzifəsini yerinə yetirsin və əl-ələ verərək ailə vəzifələrini öhdəyə götürsün. Ailə mübarizə və rəqabət meydanı yox, həmkarlıq və uyğunlaşma ocağıdır. Bə`zi ailələrdə isə kişi müdiriyyət rolunu əldən vermişdir və hər kəs azad şəkildə öz yolunu gedir. Belə ailələrdə böyüyən qızlar da azaddır. Onlar ailə həyatı qurduqdan sonra da azadlıqlarını qorumağa çalışırlar. Bu səbəbdən də əri saya saymır, onun istəklərinə məhəl qoymurlar. Elə bu məqamda ziddiyyət yaranır. Bu fərdlər öz ruhiyyələrini islah edib dəyişənədək uyğunsuzluq aradan qalxmır, əmin-amanlıq bərqərar olmur. Ailə işlərinin idarəçiliyində kişi elə bir üsul seçməlidir ki, qadının əks reaksiyasına səbəb olmasın. Yə`ni kişi qadının şər`i hüquqlarını qorumaqla onda belə bir inam yaratmalıdır ki, öz baxışlarını məcburi şəkildə qəbul etdirmək fikrində deyil. Adətən, kişinin səmimiyyəti, xoş niyyəti sübuta yetdikdə ailədə uyğun problemlər yaranmır. Qadın kişinin müdiriyyət rolunu qəbul edib ailə işlərinin idarəsində həmkarlıq göstərməklə ailə və övladların tərbiyəsi üçün möhkəm bünövrə qurmalıdır. Kişinin nəzərdən qaçırmamalı olduğu nöqtələrdən biri budur ki, qadın və ailənin ümumi mənafeyinə olan işlərdə onunla məsləhətləşsin. İmkan həddində ailənin məsləhəti nəzərə alınmalıdır. Gerçəkdə baxışlar arasında fərq olsa da məntiqi dəlillər arasında müşkülün həllinə çalışmaq lazımdır. Öz nəzərini ailəyə məcburi qəbul etdirməkdən çəkinmək lazımdır. Ailənin idarəsində məsləhətli müdiriyyət bəhrəlidir. Kişinin qəyyumluq rolu ailənin ümumi məsləhəti ilə rabitəlidir, və qadının xüsusi vəzifə çərçivəsinə aid deyil. Kişi evdarlıq işlərinə müdaxilə etməməli, bu sahədə qadını azad buraxmalıdır. İctimai bir vahid, o cümlədən ailədə müdiriyyətin fəlsəfəsi üstünlüyün tə`mini və müdirin hər şeyə müdaxiləsi yox, nəzərdə tutulmuş işlərin ən üstün şəkildə idarəsidir. Əgər kişi bütün bu nöqtələri nəzərdə saxlasa, yersiz müdaxilələrə, əmr və qadağalara yol verilməz. Ailə məhəbbət, fədakarlıq, anlaşma və həmkarlıq məhəllidir. Bu prinsipə zidd üsullardan istifadə etmək olmaz.
V. DORANTDAN BIR SITAT

V. DORANTDAN BIR SITAT Hazırkı söhbətin sonunda mühüm bir nöqtəyə işarə etmək lazım gəlir: Kişi toplumda şəxsiyyətini elə tanıtdırmalıdır ki, ailədə onun müdiriyyəti təbii şəkildə qəbul olunsun. Bu şərt gözlənilsə, bir çox qadınlar ər müdiriyyətinin qəbulunda problemə düçar olmaz. V. Dorant bu barədə deyir: “Qadın məhəllin komandanı olan kişiyə xoşluqla təslim olur. Əgər bu gün qadın itaətsizlik göstərirsə, bunun səbəbi kişilərin qüdrət və əxlaq baxımından keçmişə nisbətən zəif olmasıdır.”
AILƏDƏ IŞ BÖLGÜSÜ

AILƏDƏ IŞ BÖLGÜSÜ Qədim adət-ən`ənələrə əsasən, iş bölgüsündə evdarlıq, uşağa qulluq və bu kimi işlər qadının, öhdəsinə ailə ehtiyaclarını ödəmək üçün qazanc əldə edilməsi kişinin öhdəsinə düşmüşdür. Belə bir iş bölgüsü təbii bölgüdür və qadın ailə səngərində bu məsələlərlə məşğul olaraq ön cəbhədə ailə ehtiyaclarını tə`min etmək üçün vuruşan kişini bu sayaq işlərdən azad edir. Belə bir bölgü ailə həyatına səfa-səmimiyyət bəxş edir. Nəzərdə tutulan bölgüdə qadın övladların tərbiyəsi üçün münasib fürsət əldə edir, bütün güc və iste`dadını gələcək nəsillərin tərbiyəsinə yönəldir. Bu halda ailə gələcək nəslin qəbulu üçün isti bir ocağa çevrilir. Qadın qazanc əldə edilməsinin, bu işdən yaranan yorğunluğun sıxıntısından amandadır. O bütün fiziki və ruhi gücünü ailə-övladına həsr etmişdir. Onun daim evdə olması ər və övladlar üçün ailə cazibəsini artırır. Belə bir ailə daha möhkəm bünövrəyə malik olur. Modern dünyada bütün ictimai sahələr kimi ailə qurumu da dəyişikliyə mə`ruz qalmışdır. Belə ki, ən`ənəvi iş bölgüsü yenidən nəzərdən keçirilmiş, tamam başqa bir şəkil almışdır. Hazırda iqtisadi zərurətdən bir çox qadınlar ərlə çiyin-çiyinə, bə`zən isə ondan da artıq, evdən xaricdə əmək fəaliyyəti ilə məşğuldur. Onlar da eynən kişi kimi evə yorğun gəlir, qulluğa ehtiyac duyurlar. Evdən bayırda əmək fəaliyyəti ilə məşğul olan qadından evdarlıq gözləmək olmaz, eləcə də, ictimai ehtiyacları nəzərə alıb qadını evdən kənardakı fəaliyyətdən məhrum etmək olmaz. Axı evdən bayırda yalnız qadının ixtiyarına veriləsi işlər var. Yenə də bə`zi nöqtələri araşdırmaq lazım gəlir.
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR

İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR 1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın ailə büdcəsinin bir hissəsini tə`min edir. Demək, ev işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər qadın gücündən artıq yüklənərsə onun psixoloji durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm də ailənin problemidir. Nəzərdə tutulan halda ər və övladlar ev işlərində qadına kömək göstərməlidir. Təəssüf ki, bə`zən təqaüdə çıxmış, yetərincə boş vaxtı olan kişilər adət-ən`ənə prizmasından «ayıbdır» deyə qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar səmavi tə`limlərə tam ziddir. İslam dini ev işlərini, hətta körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki, qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə edilməməlidir. İslami tə`limlər baxımından kişinin evdə iş görməsi bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük günahlarının bağışlanması ilə nəticələnir. İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur. Bizim dini adət-ən`ənələrimizdə də qeyd olunur ki, kişi öz imkan və gücü həddində ev işlərində iştirak etməlidir. 2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan bə`ziləri ictimai faydalı işlərlə məşğul olub ailə iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz. Belələri adətən qadın üçün münasib olmayan yerlərdə çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar: Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən verməməlidir. (Təəssüf ki, bə`ziləri yeni mədəniyyətin müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir həqiqətdir.) 3. Bə`zi qadınlar ev işlərini özləri üçün əskiklik sayır, onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan, övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür. Əslində isə: Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə, hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki evin dam-divarı canlıdır və bütün bunlara ruhən bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu” kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır. Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı görünmür, öz ailə övladına can-başla qulluq edir. İkincisi, səmavi tə`limlər baxımından ev işləri, övlad tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı qulluqdadır.” Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir qurtum su verməsi onun üçün bir ilin ibadətindən üstündür.” Qadın evdarlığının böyük dəyərə malik olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər, həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik, amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət (s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən bütün qadınlara e`lan et ki, sizin ərə yaxşı qulluq etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı qədərdir.” Demək, evdar qadınlar bilməlidirlər ki, onların gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı evdarlıqla məşğul olan kişilər onları lazımınca dəyərləndirməlidirlər. Evdarlıq əhəmiyyətsiz sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır. (Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar. Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı, öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək, müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı əyləncədir, Allah işsiz bəndəni sevmir.”
QADININ IQTISADI MÜSTƏQILLIYI

QADININ IQTISADI MÜSTƏQILLIYI Ailə qurumunda mühüm məsələlərdən biri qadının iqtisadi müstəqilliyidir. İslam qanunları qadının iqtisadi müstəqilliyini tanıyır. Qadının iş, xidmət, mülkiyyət hüquqları vardır. Qadının gördüyü iş onun özü üçündür. İslam dini qadın və onun övladlarının dolanışıq xərcini tam şəkildə kişinin öhdəsinə qoymuşdur. Bu səbəbdən də qadın evdə gördüyü işlərin müqabilində kişidən zəhmət haqqı tələb edə bilər. Adətən, qadınlar böyük həvəslə ev işlərinə məşğul olur, bu sahədə fədakarlıq göstərir və heç bir zəhməthaqqı ummur. Onlar belə bir tələbi ailə birliyinə zidd sayırlar. Əlbəttə ki, ailənin şə`ni də tələb edir ki, iş səmimiyyət və vəhdət amillərinə əsaslansın. Ailə mühiti iqtisadi mərkəzə çevrilməməlidir. Ərlə arvadın rabitələri sırf işçi rabitəsi olmamalıdır. Burada belə bir sual yaranır ki, əgər qadın bütün haqlarına göz yumub mülkiyyətini kişinin ixtiyarına verərsə, kişi bu fədakarlığa necə cavab verməlidir? Məgər ər əxlaqi baxımdan qadının bu fədakarlığını cavabsız qoya bilərmi? Hər hansı fədakarlığı sadəcə vəzifə hesab etmək nə dərəcədə düzgündür? Əgər fədakarlıq və isar gözəldirsə, uyğun əməli qiymətləndirmək də gözəldir. Kişinin əxlaqi vəzifəsi budur ki, o, qadının hədiyyəsini cavabsız qoymasın. Kişi qadının hədiyyəsi qədər və ya ondan da artıq bağışlamalıdır. Qur`ani-kərimdə buyurulur: “Yaxşılığın əvəzi yaxşılıq deyilmi?” ; “Sizə salam veriləndə onu olduğu kimi və ya daha yaxşı şəkildə qaytarın. Həqiqətən Allah hər şeyin hesabını çəkəndir.” Vəfalı kişilər arasında belə bir qayda var ki, qadının fədakarlıqlarına hədiyyə ilə cavab verilsin. Xüsusi ilə qadın ev işlərindən əlavə başqa bir işlə məşğul olduqda və qazancını ailəyə sərf etdikdə kişinin vəzifəsi onu yetərincə dəyərləndirməkdir. Belə bir qayda həm şəriət və ədalət prinsiplərinə uyğundur, həm də qadının gələcəyini tə`min edir.
SEVINCIMIZI HƏYAT YOLDAŞIMIZLA BÖLÜŞƏK

SEVINCIMIZI HƏYAT YOLDAŞIMIZLA BÖLÜŞƏK Söhbətimizin əvvəlində toxunduğumuz bə`zi nöqtələri bir daha yada salırıq. Belə ki, qadın və kişi üçün ailə həyatı və zövcəlik vəzifələri qədər mühüm bir şey yoxdur. Başqa heç bir iş ərlə arvadı bu vəzifələrdən ayırmamalıdır. Çünki insanın fərdi və ictimai həyatında ailə misilsiz əhəmiyyətə malikdir. Bə`ziləri bu nöqtəyə diqqətlə yanaşmır, ailə həyatı və zövcəlik vəzifələrini digər vəzifələrlə eyni tuturlar. Adətən, bu zümrədən olanlar ailə həyatında problemlərlə rastlaşır, ən azı bu həyatdan lazımınca bəhrələnmirlər. Bu problem qadınlardan çox kişiləri əziyyətə salır. Çünki kişinin evdən bayırda məşğul olması uyğun büdrəmə üçün zəmin hazırlayır. Təbii ki , hər bir kişinin dostları, həmkarları var. Kişi vaxtının bir hissəsini öz dost-tanışı ilə keçirmək istəyir. Bə`zən kişidəki bu istək həddi aşır, öz dostları ilə əyləncəyə başı elə qarışır ki, ailə-övladın hüquqları yaddan çıxır. Təəssüf ki, bir çox kişilərin həyatında bu sayaq problemlə rastlaşırıq. Onlar vaxtını ailə-övlad kənarında keçirmək əvəzinə, adətən, evdən çöldə dostları ilə əylənirlər. Dostlarla görüş, idmanla məşğulluq, səyahətlər kişinin boş vaxtını elə doldurur ki, ailə üçün pay qalmır. Belələri anlamırlar ki, qadın da kişinin evdə olmasına ehtiyac duyur. Qadının heç olmasa həftədə bir saat öz həyat yoldaşı ilə gəzintiyə çıxıb istirahət etməsi onun qanuni haqqıdır. Belə bir gəzinti qadının fiziki və psixoloji yorğunluğunu aradan götürür. Evdarlıqla, övladların tərbiyəsi ilə məşğul olan qadının vaxtı, demək olar ki, evdə keçir. Əgər qadın ev işlərindən əlavə çöldə də məşğuldursa, təbii ki, onun istirahətə ehtiyacı var. Əgər kişi bütün boş vaxtını dostları ilə keçirirsə, ailə-övlad nə etməlidir?! Şübhəsiz ki, belə bir rəftar xoşagəlməzdir. Kişi bir şeydən ləzzət almamış həyat yoldaşı üçün də bu şəraiti nəzərdə tutmalı və onu unutmamalıdır. Bu həm insanlıq prinsipidir, həm də kişi ləyaqətinin tələbi. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir ki, kişinin öz həyat yoldaşının yanında əyləşməsi Allah üçün onun peyğəmbər məscidində e`tikafından əzizdir.” Bə`zi kişilər həyat yoldaşının razılığını qazanmamış əyləncə və ziyarət səfərlərinə gedir. Belə vaxtlarda, adətən, qadınlar öz körpələri ilə evdə tək qalırlar. Həmin vaxt ər evdən kənarda xoş dəqiqələr keçirir. Ailə-övladın asayişinə bu sayaq diqqətsizlik İslam prinsiplərinə uyğun deyil. Belə bir hərəkəti ədalətli saymaq olmaz. Belə ki, qeyri-zəruri səfərlərə çıxmazdan öncə həyat yoldaşından razılıq almaq İslam qaydalarındandır. Övliyalarımızın həyatında ailə münasibətləri ilə bağlı ibrətamiz nöqtələr çoxdur. Onların həyatından nümunə götürmək lazımdır. Bu sayaq rəftarlar qadına dərin hörmət hissindən doğur. Və göstərir ki, ərlə arvad arasındakı rabitə, eləcə də, həyat yoldaşının hüququna riayət nə dərəcədə mühümdür. Həyat yoldaşının rifahına, asayişinə və təbii ehtiyaclarına diqqətsizlik din övliyalarının həyatında müşahidə olunmayan bir haldır. Bu o demək deyil ki, qadın bütün səfərlərdə kişinin yanında olmalıdır. Əsas məsələ budur ki, kişi, əvvəla, öz həyat yoldaşının ehtiyaclarına diqqətsiz olmasın, ikincisi, bu hallarda onun razılığını alsın. Əgər qadın ailə həyatında öz ərindən razı olarsa, onun səfərlərini səmimi qəlbdən qəbul edər və ərinin öz vaxtını xoş keçirməsindən ləzzət alar. Demək, ölçü qadının qəlb razılığıdır. Ər müştərək həyatın bütün mərhələlərində bu razılığı nəzərə almalıdır. Ailə rabitələrinin davamında ən mühüm amil zövcənin qəlb razılığıdır. Məhz bu qəlb razılığı sayəsində qadın bir çox problemlərə və məhrumiyyətlərə dözə bilər. Təcrübə göstərir ki, bə`zi ərlər evdən kənarda məşğulluq səbəbindən ailə-övlad yanında yetərincə ola bilmirlər. Belə hallarda evin bütün işləri qadının öhdəsində qalır. Qadın bütün bu çətinliklərin öhdəsindən o zaman gəlir ki, kişi ona lazımınca ehtiram göstərsin, hətta e`tiraf etsin ki, xanımının fədakarlığı olmasaydı, bir bu qədər ictimai vəzifənin öhdəsindən gəlməzdi.
CINSI EHTIYACLARIN TƏ`MIN OLUNMASININ ƏHƏMIYYƏTI

CINSI EHTIYACLARIN TƏ`MIN OLUNMASININ ƏHƏMIYYƏTI İzdivac yolu ilə tə`min olunası ehtiyaclardan biri də cinsi ehtiyacdır. Yaxınlıq ehtiyacı ailə həyatının əsas ehtiyaclarındandır. Çünki bəşər nəslinin davamı bu ehtiyacın tə`min olunmasından asılıdır. Bu ehtiyac o qədər güclüdür ki, bütün problemlərə baxmayaraq, insan ailə həyatına can atır. Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət yaxınlıqdan duyulan ləzzətdir. Bu, sadə bir meyl deyil. Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu meylin başqa meyllərlə qatışması ona tamam başqa bir mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla tə`min olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar. Bu meyl ailə həyatı çərçivəsində tə`min olunmalıdır. Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də bu məsələdir. Bə`ziləri bu meyli çirkin saymış, onunla mübarizə aparmışlar. Amma islami tə`limlər baxımından bu meyl nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu istək ailə çərçivəsində tə`min olunduqda müqəddəs bir iş olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa, o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı tərəfin fiziki və ruhi tə`mini üçün çalışmalıdır. Bə`zən məhz bu ehtiyacın ödənməməsi müştərək həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı vəzifələrdən xəbərsizliyi onların bu yaxınlıqdan lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan sonra elmi mənbələrdən lazımi mə`lumatlar əldə etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar olar. Bə`zən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa, iş bu yerə gəlib çatmaz. İslami tə`limlərdə uyğun məsələ ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən xəbərdar olması zəruridir. Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu meylin tə`minində ifratçılıq həyat qüvvəsini azaldır, insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam tə`limlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar.
EV MÜHITINDƏ QADININ BƏZƏNMƏSI

EV MÜHITINDƏ QADININ BƏZƏNMƏSI Dini tə`limlərdə tapşırılır ki, qadın ev mühitində özünü əri üçün bəzəsin, cazibəli görünsün. Kişi də zahiri görkəminə fikir verməlidir. Zahirə bu sayaq diqqətin səbəbi tərəflərin bir-birinə daha çox rəğbətli olmasıdır. Bə`zi qadınlar və bir çox kişilər bu məsələyə lazımınca diqqət yetirmir. Hətta qadının tələblərinə baxmayaraq bə`zən kişi öz səliqəsinə fikir vermir. Zövq əhli üçün bu nöqtəyə diqqətsizlik dözülməzdir. Bu nöqtələrə e`tinasızlıq qadın və kişi arasındakı rabitələrə mənfi tə`sir göstərir. İmam Rizadan (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, nə qədər ki Bəni-İsrail kişiləri zahirlərinə diqqət yetirirdi, Bəni-İsrail qadınları yolunu azmamışdı. İslam tə`limlərində ümumi şəkildə tövsiyə olunur ki, zahiri görkəmə diqqət yetirilsin. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Özünü bəzəmək mö`min əxlaqındandır.” Bu zəruri nöqtəyə diqqət ictimai rabitələrə tə`sir göstərir, insan ruhunun ehtiyaclarından birinə cavab verir. (Qadın özünü bəzəməklə yanaşı, ev mühitini təmiz saxlamalıdır. Təəssüf ki, bə`zi qadınlar səliqəyə fikir vermir, onların ev mühiti daim tör-töküntü olur.)
QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI

QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI Qadın ərinin hüzurunda bəzənməli olduğu kimi, biganə kişilərin qarşısında bəzənməkdən çəkinməlidir. Qadının biganələr üçün bəzənməsi dini baxımdan haramdır. Belə bir hərəkətin zərərlərindən biri budur ki, evdən bayıra çıxan kişiləri biganə qadınların gözəlliyi cəzb edir. Belə bir cazibə kişinin öz həyat yoldaşına əlaqəsini azaldır. Kişi özündən asılı olmayaraq həyat yoldaşını gördüyü gözəl qadınla müqayisə edir. Əlbəttə ki, heç bir qadın öz zahiri görkəmi ilə bütün qadınlara üstün gələ bilməz. Qadının biganə kişilər önündə bəzənməsinin haram edilməsinin səbəbi ailə rabitələrinin qorunmasıdır. İslamın bu hökmündən qadınlar daha çox faydalanır. Harada qadınlar bu şərtə əməl etmirlərsə, həmin cəmiyyətdə ailə qurumu süquta uğrayır. Çünki kişinin diqqətini öz həyat yoldaşından yayındıran istənilən bir amil zərərlidir. Prinsipcə, qadın və kişi ailə həyatı qurduqdan sonra biganələrə diqqət yetirməməlidir. Onlar bağladıqları əhd əsasında başqaları ilə maraqlanmamalı, günah şəraitindən çəkinməlidirlər. Yalnız bu şərtə əməl olunduqda ailə rabitələri güclü olur. Demək, kişi başqa qadınlara diqqət yetirməməli, qadın isə öz növbəsində başqa kişilərin diqqətini cəlb etməməlidir. Qadının özünü göstərmək, biganə kişinin qəlbini ovlamaq üçün imkanı daha böyükdür. Bu imkan nəzarət altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir. Belə bir sual yaranır ki, nə üçün bə`zi qadınlar hətta ərə getdikdən sonra öz gözəlliklərini nümayiş etdirmək istəyirlər? Mütləq bir qanun var ki, qadın kişidən gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb edir. Kişi isə qadının təslimçiliyinə nifrət bəslədiyi kimi, onun e`tinasızlığını qiymətləndirir. Kişinin ehtiyac və eşqi o zaman zirvə həddinə çatır ki, qadın ehtiyacsız, ciddi görünsün. Qadının mətanəti, gizliliyi, əlçatmazlığı kişinin məhəbbətini alovlandırır. Qadın təbiət e`tibarı ilə iffətlidir, bu iffəti itirdikdə isə birinci özünə zərər vurur. Daha sonra kişi və cəmiyyət zərər çəkir.
QEYRƏT KIŞILIK SIMVOLUDUR

QEYRƏT KIŞILIK SIMVOLUDUR Təəssüf ki, bə`zi kişilər öz həyat yoldaşının gözəlliyini başqalarına göstərməyə daha çox meyillidir. Onlar kişilik simvolu olan qeyrətdən məhrumdur. Hansı ki, qeyrət ailə məkanını qorumaq üçün kişiyə verilmiş təbii hissdir. Kişidə belə bir fitri hiss var ki, namusunu başqalarından qorusun. Kişinin insani kamilliyi artdıqca qeyrəti da artır. Kişi o qədər kamilləşə bilər ki, yalnız öz həyat yoldaşını yox, bütün qadınları öz namusu saysın və kiminsə namusuna təcavüzlə razılaşmasın. Qeyrət cəmiyyətin paklığına münasibətdə insani bir həssaslıqdır. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Qeyrətli insan heç vaxt zina etmir.” Digər tərəfdən, şəhvət hisslərini başına buraxan insanda iffət, təqva və əxlaqi keyfiyyətlər zəifləyir, qeyrət də sair kamilliklər kimi süquta uğrayır. Belə bir vaxtda kişi başqalarının onun qadınından ləzzət almasına adi baxır. Bə`zən isə belə bir haldan ləzzət alır.
ÇIRKIN BAXIŞLAR

ÇIRKIN BAXIŞLAR Qadın iffət və həya yolunu seçməli, biganə kişiləri cəzb etməməlidir. Kişi də öz həyat yoldaşına baxmaqla kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir. Kişilərin çirkin baxışları qadınlarda özünü göstərmək hissini gücləndirir. Demək, qadın və kişi rabitələri birtərəfli yox, qarşılıqlıdır. Yə`ni həm qadın özünü göstərməkdən çəkinməli, həm kişi öz gözünü qorumalıdır. Əgər hər iki tərəf sə`y göstərməsə və kişi bu məs`uliyyəti qadının çiyninə qoysa, ailə rabitələrində problem qaçılmazdır. Öz qəlbinə və gözünə nəzarət etməyən kişilər ilkin olaraq eşq və səmimiyyət ləzzətini itirirlər. Başqalarına nəzər salmaq kişinin qəlbini öz həyat yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi aradan götürülür. Bu halda qadın daim ərinin vəfasızlığından nigaran qalır. Bə`zi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən atılmış ox kimi təqdim olunur. Bu tə`bir naməhrəmə baxışın təhlükələrindən danışır. İnsan bu səhnələri nə qədər seyr etsə də, onun gözü doymur. Əlbəttə ki, nəticədə qəlb də gözün ardınca gedir. Göz hara baxırsa–könül yanında, Baxış bir kəmənddir könül boynunda. Kişilər arasında bu sayaq büdrəmələrin artması pak qadınlar üçün mühitdə sıxıntı yaradır. Belə bir cəmiyyətdə qadın hara gedirsə, kişinin çirkin baxışlarını hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir. Qadının öz iffət və həyasını, kişinin öz baxışlarını qoruması bir pul sikkəsinin iki üzü kimi qarşılıqlı rabitədə hakim olmalıdır.
ÖVLADI OLMAYAN ZÖVCƏLƏR

ÖVLADI OLMAYAN ZÖVCƏLƏR Bə`zi ailələrin problemi onların övladlarının olmamasıdır. Belə bir problem bə`zən kişi, bə`zən isə qadınla bağlı olur. Övlad insanın fitri ehtiyaclarından olsa da, övladsızlıq məhrumluq kimi qəbul olunmamalıdır. Həyatda bütün insanlar üçün məhrumiyyət var. Bu məhrumiyyətlərin bir çoxu insan iradəsindən asılı deyil. Bə`ziləri uşaqkən ata-anasını əldən verir və ya yoxsulluğa düçar olur. Kimi də əzab-əziyyətlə boya-başa çatdırdığı övladını itirir. Allah və qiyamət gününə e`tiqadı olan insan üçün bu məhrumiyyətlərə dözmək çətin deyil. İmanlı insan əmindir ki, bütün çətinliklərə səbirlə dözüb Allahın razılığını əldə etmək olar. Bu mövzuda ayə və rəvayətlər çoxdur. Bildirilir ki, məhrumiyyətlə rastlaşmış insan öncə Allaha təvəkkül, səbir və razılıq yolunu seçməli, bilməlidir ki, Allah onların bu fədakarlığına əbədi həyatda cavab verəsidir. Övladı olmadığı halda xoşbəxt yaşayan ailələr az deyil. Bə`zən isə ailə uzun illər ötdükdən sonra övlad sahibi olur. Son dövrün tibbi araşdırmalarına əsasən uyğun problemlə rastlaşmış ailələrin övlad sahibi olması ehtimalı böyükdür. Bundan əlavə, övladı olmayanlar ata-anasını itirmiş körpəni övladlığa götürə bilərlər. Belə bir iş böyük ilahi savabla nəticələnir. Bu kimi ailələrin bə`ziləri övladı olan ailələrdən daha xoşbəxtdir.
İXTILAFLARA NECƏ YANAŞAQ?

İXTILAFLARA NECƏ YANAŞAQ? Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri də ortaya çıxan ixtilafların həllidir. Xüsusi ilə ailə həyatının ilk illərində tərəflər zəruri təcrübəyə malik olmadığından əhəmiyyətsiz məsələlərlə bağlı ixtilaflarla üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir təsəvvür yaradır ki, onların arasında heç bir ziddiyyət yoxdur. Amma vaxt ötdükcə gənc ailə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu problemlər agahlıqla həll olunmadıqda ərlə arvad arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki nəfərin arasından çıxanadək asan həll olur. Problem ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir. Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı məsələlər çoxdur. Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Bir şeyi sevmək insanı kor və kar edir.” Bu səbəbdən də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə güzəşt və fədakarlıq yolunu tutmalıdırlar. Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması zövcələrin düşüncə nişanəsidir. Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə, günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi savabı da o əldə edər. Problem ailə çərçivəsində həll olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan fərdə üz tutmalıdır. Təəssüf ki, bə`ziləri problemin həlli üçün e`tibarlı bir fərddən məsləhət almağı əskiklik sayır. İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.
ATA-ANALARA TÖVSIYƏ

ATA-ANALARA TÖVSIYƏ Ailə münasibətlərinin araşdırılması göstərir ki, mövcud ixtilafların əsas səbəbi tərəflərin düzgün tərbiyə almamasıdır. Bu gün ailə təşkil edən gənc zəruri tərbiyə almamışsa, hökmən problemlə qarşılaşasıdır. Ailə qurmaq astanasında olan bir çox gənclər öz vəzifələrindən xəbərsizdirlər. Ata ailəsindəki vəzifə ilə ər ailəsindəki vəzifə fərqlidir. Ata ailəsində öz vəzifələrini bilən gənc öz ailəsində də vəzifələri ilə də tanış olmalıdır. Müştərək həyatın öz qanunları var. Qarşı tərəflə uyğunlaşma, qarşı tərəfin diqqətini cilb etmə, istəkləri tarazlaşdırma kimi məsələlər zəruri təhlil tələb edir. Ata-analar övladlarının tərbiyəsində bu nöqtələri nəzərə almalıdırlar. Yə`ni ailə həyatının qanunları övlada tə`lim olunmalı, övlad ailə qurduqdan sonra da ona zəruri məsləhətlər verilməlidir. Ata-ana öz övladının ailə həyatına birtərəfli yanaşmamalı, ədalət prinsipinə riayət etməlidir. Odu üfürmək yox, onun üzərinə su çiləmək lazımdır. Bəli, düşüncəli ata-analar məhz belə edir.
SON SÖZ

SON SÖZ Ailə rabitələri mövzusunda, əlbəttə ki, bu kitabdakından daha geniş danışmaq və bir çox digər nöqtələrə toxunmaq olar. Biz isə deyilənlərlə kifayətləndik və güman edirik ki, ailə həyatına sədaqətlə qədəm qoyan kəs yeni həyat üçün çox təhlükəli olan eqoistlikdən çəkinəcək, qarşı tərəfin də istək-arzularına hörmətlə yanaşacaq. Kitabda qeyd olunmuş nöqtələrə əməl etməklə sağlam və müvəffəq bir ailənin bünövrəsini qoymaq olar. Hər halda, nutmamalıyıq ki, ailə həyatında qarşı tərəfin haqlarını tapdamaq, onu incitmək Allah dərgahında bağışlanası hərəkət deyil və belə rəftarın dünya və axirət cəzası var. Digər bir tərəfdən, daxili həyatında aramlıq və razılıqdan məhrum kəs başqa sahələrdə də yetərincə bəhrələnə bilmir. Buna görə də insan səadətinin əsaslarından biri ailə həyatını nizamlamaqdır. Belə bir nizam isə agahlıq, dərin düşüncə, sədaqətli təlaşdan asılıdır. Bütün bunlara əməl olunduqda ailə ocağı ər-arvad və övladlar üçün təkamül və yüksəliş məhəlli olur. Əlhəmdulillahi Rəbbil aləmin.