GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR
 

III FƏSIL

III FƏSIL

ƏR-ARVAD RABITƏLƏRI

ƏR-ARVAD RABITƏLƏRI İnsan həyatının əsas yönümlərindən biri onun ətrafdakılarla rabitəsidir. Bizim ətrafdakılarla əlaqə növümüz ruhumuzun və şəxsiyyətimizin xüsusiyyətlərinin göstəricisidir. Buna görə də psixoloqlar insanları öyrənərkən onların rabitə növünü nəzərdən keçirirlər. İnsanların bir-birləri ilə əlaqələri müxtəlif yollarla gerçəkləşir. Əlaqədəki çatışmazlıq problemlər yaradır və əlaqələrin kəsilməsi ilə nəticələnir. İnsanlararası rabitələrdə mövcud olan çətinliklərin çoxu rabitə nümunələrindəki yetərsizlikdən qaynaqlanır. Bə`zilərimiz ətrafdakılarla rabitənin incəliklərindən bir o qədər də xəbərdar deyilik və hansı yolla sağlam rabitə qurmalı olduğumuzu bilmirik. Məsələn, danışıq və dinləmənin incəliklərindən xəbərsizlik. Öz qəlb istəklərimizi qarşı tərəfə necə çatdırmalıyıq, hansı üsulla qarşı tərəfi tənqid etməliyik, bəd gümanlara necə cavab verilməlidir, pis təsəvvürlərin qarşısı necə alınmalıdır, öz narazılığımızı qarşı tərəfə necə çatdırmalıyıq? Başqaları ilə sağlam rabitə qurmaqda nə qədər çox məharətli olsaq, həmin qədər də bu rabitələri müxtəlif sahələrdə dərinləşdirə bilərik. Bu yolla dostları qoruyub, ətrafdakılara məhəbbətimizi süstlükdən qorumaq mümkündür.

SÖZ RABITƏSI

SÖZ RABITƏSI Ən çox yayılmış rabitə növlərindən biri söz rabitəsidir. Biz danışmaq və dinləmək vasitəsi ilə ətrafdakılarla rabitə qurur və bu yolla mə`lumatlarımızı, hisslərimizi bölüşürük. Öncə nəzərə gəlir ki, sözlə rabitənin elə də böyük məharətə ehtiyacı yoxdur. Əslində isə: Söz vasitəsi ilə ətrafdakılarla sağlam rabitə qurmaq üçün xeyli məharət tələb olunur. Söhbətimizin davamında ailə rabitələri sahəsində bə`zi məharətləri nəzərdən keçirəcəyik.

AZ DANIŞMALI, YOXSA ÇOX?

AZ DANIŞMALI, YOXSA ÇOX? Bə`ziləri başqaları ilə ünsiyyətdə sözə ara vermir və onların qarşı tərəfi dinləməyə səbri çatmır. Onların bir növ dinləmə mədəniyyəti olmur. Belələri qarşı tərəfə öz hisslərini açıqlamağa imkan vermirlər. Onlar ara vermədən danışır, qarşı tərəfə macal vermir. Bu zümrədən olanlar hər hansı məclisə düşdükdə, adətən, natiq tək çıxış edir və ətrafdakıların sözünü ürəyində qoyurlar. Çoxdanışanların ziddinə olaraq başqa bir zümrə danışmaqdan yorulmuş kimi susur. Belələri qarşı tərəflə əlaqə qurmaqda acizdirlər. Bə`zi kişilər ailədə o qədər sakitdirlər ki, onların hüzuru ətrafdakıları da yorur. İstənilən bir səbəbdən ifrat sükut ədəb qaydalarına uyğun deyil. İnsan vəzifəlidir ki, başqalarına ehtiram göstərərək onlarla ünsiyyət saxlasın və bu yolla rabitə qursun. Belə bir rəftarla göstərilir ki, başqalarının vücudu və hüzuru insan üçün dəyərlidir. Bə`zən kişinin az danışmasının səbəbi anlaşma sahəsindəki ziddiyyət, qadının danışığının ərə xoş gəlməməsi olur. Unutmaq olmaz ki, ailə mühiti dərs otağı, elmi yığıncaq yox, səmimi rabitələr üçün bir məhəldir. Kişi öz həyat yoldaşından elmi və ya ictimai baxımdan nə qədər yüksək olsa da, ailə mühitində öz üstünlüklərini yaddan çıxarmalı, qarşı tərəflə eyni bir səviyyədən çıxış etməlidir. Başqa bir nöqtəyə də nəzər salmaq lazımdır: Ərlə arvadın söhbəti yalnız mə`lumat mübadiləsi üçün yox, həm də hisslərin bölüşdürülməsi üçündür. Yə`ni qadın söhbət vasitəsi ilə öz həyat yoldaşı ilə hisslərini bölüşür, onunla ünsiyyət saxlayır. Sağlam rabitə fəal və qarşılıqla rabitədir. Qarşı tərəfin sözlərinə diqqət və maraqla qulaq asmaq lazımdır. Bu yolla qarşı tərəfə anlatmalıyıq ki, onun dedikləri bizim üçün mühümdür. Qarşı tərəf danışdığı vaxt onun sözünü kəsmək, diqqəti başqa bir yerə yönəltmək bir növ biganəlikdir. Bundan əlavə müraciət edən tərəfi dinləməmək əxlaq qaydalarına ziddir. Beləcə, qarşı tərəfin sözlərinə diqqətsizlik mövcud rabitələrin zəifləmə səbəbidir. Hər iki tərəfin maraq dairəsində olan müştərək mövzuların nəzərdə tutulması, həmin mövzularda söhbət aparılması rabitələri gücləndirməklə yanaşı mə`lumat mübadiləsinə, düşüncələrin yaxınlaşmasına səbəb olur. Belə bir addım qarşılıqlı anlaşmada tə`sirlidir. Bütün bu söhbətlərə baxmayaraq, günbəgün qadınla kişi baxışı arasındakı fərq artır, qarşılıqlı anlaşma və həmrəylik azalır.

SƏDAQƏT VƏ AÇIQ RABITƏ

SƏDAQƏT VƏ AÇIQ RABITƏ Ətrafdakılarla sağlam rabitənin mühüm xüsusiyyətlərindən biri sədaqətli olmaqdır. Ərlə arvad öz rabitələrində yalnız sədaqət və düzlüyü gözləməlidirlər. Arada yaranan inciklik və kin-küdurət münasib məqamda açıqlanmalı və həllini tapmalıdır. Əgər ortada şübhə varsa, bu şübhə dərhal açıqlanmalıdır ki, mövcud qəlb rabitələrini qorumaq mümkün olsun. Hər halda ərlə arvad arasındakı rabitələr açıq olmalıdır. Qadın və ya kişi öz problemini qarşı tərəfə dərhal açıqlaya bilməlidir. Normal rabitədə hər iki tərəf qorxub çəkinmədən öz hisslərini qarşı tərəflə bölüşə bilir.

ANLAŞILMAZLIQ

ANLAŞILMAZLIQ İnsan aydın şəkildə danışmalıdır ki, anlaşılmazlığın qarşısı alınsın. Bu nöqtə diqqəti çox cəlb edir. Çox olur ki, deyilənlər eşidilənlərdən fərqlənir. Biz bir söz deyirik, qarşı tərəf başqa bir şey anlayır. Bu səbəbdən də danışarkən sözləri düzgün seçmək, uzun-uzadı təfsirlərdən çəkinmək lazımdır. Bə`ziləri xüsusi bir ruhiyyəyə malik olduqlarından anlaşılmazlığa hazırdırlar və onların düşüncəsi istənilən bir sözü başqa bir tərzdə qəbul edir. Bu zümrədən olan fərdlər xoşgümanlıq xüsusiyyətindən məhrumdurlar və onlarla rabitə saxlamaq çox çətin olur. Ərinin məhəbbətinə çox həssas olan qadın üçün o zaman anlaşılmazlıq şəraiti yaranır ki, əmin-amanlığı üçün təhlükə hiss etmiş olsun. Bu halda o qarışqadan fil düzəldir, ciddi psixoloji böhran keçirir. Kişi öz söz və rəftarında bu halı nəzərə almalıdır ki, anlaşılmazlıq üçün şərait yaratmasın. Qadınlar da öz növbəsində əsassız ehtimallardan, mənfi tə`bir və təfsirlərdən, vəsvəsələrdən çəkinməlidir ki, ailə rabitələri tamamilə qırılmasın. Bə`zi psixoloqlar ailə ixtilaflarının əsas səbəbi kimi anlaşılmazlığı göstərirlər. Onların bu sahədə bir çox tövsiyələri vardır. Onların nəzərincə, ailə ixtilaflarının əsas kökü tərəflərin bir-birinin məqsədini düzgün anlamamasıdır. (Bu mövzuda daha artıq mə`lumat əldə etmək üçün “Eşq heç zaman bəs deyil” kitabına müraciət edin)

GILEYLƏRIMIZIN BƏYANINDA IFRATA VARMAYAQ

GILEYLƏRIMIZIN BƏYANINDA IFRATA VARMAYAQ Sağlam bir rabitədə gileylər və razılıqlar mütənasib şəkildə bəyan olunmalıdır. Bə`ziləri söhbətə başlayan kimi gileylənib qarşı tərəfi incidirlər. Bə`zən giley lazım olsa da, bu işdə ifrata varılmamalıdır. Bu sayaq rəftar başqalarıyla rabitə, xüsusi ilə ailə üzvləri arasında ünsiyyət üçün münasib üsul deyil. İfrat, giley rabitələrdə soyuqluq yaradır. Digər bir tərəfdən giley üçün münasib məqam seçilməlidir. Əgər ər yorğun halda evə qayıtmışsa və ya ciddi bir işlə məşğuldursa, ona hansı problemləsə bağlı şikayətlənmək düzgün deyil. Hər sözün öz yeri, hər nöqtənin öz məqamı var.

DANIŞIQ TƏRZI

DANIŞIQ TƏRZI Söz rabitəsində danışıq tərzi böyük əhəmiyyətə malikdir. Hər hansı sadə cümləni müxtəlif tərzlərdə bəyan etmək olar. Hər danışıq tərzi cümləyə xüsusi bir mə`na verir. Nəzərdə tutulmuş mə`naya uyğun gəlməyən tərzdə sözün deyilməsi onu anlaşılmaz edir. Danışıq tərzində bə`zən sərtlik, bə`zən diqqətsizlik, bə`zən istehza bə`zən tənqid, bə`zən isə təhqir olur. Bə`zən də insan elə bir tərzdə danışır ki, onun danışığından məhəbbət, ədəb duyulur. Çalışıb dilimizi ağıl və iradəmizin ixtiyarına verməliyik. Dilə tüğyan imkanı verilməməlidir. Bə`zən xoşagəlməz bir sözün işlədilməsi olduqca pis nəticələnir və vəziyyətdən çıxmaq çətin olur. Xüsusi ilə ailə çevrəsində insanlararası rabitə qəlb rabitəsidir. İnsan qəlbi olduqca həssas və kövrəkdir. Bə`zən düşüncəsiz bir söz qarşı tərəfin qəlbini sındırır və həmin qəlbi əvvəlki halına qaytarmaq asanlıqla başa gəlmir.

DIL YARASI

DIL YARASI Bu gün müxtəlif millətlər arasında “dil yarası kimi bir tə`bir geniş yayılmışdır. Dil yarası yetərsiz, acı danışığın nəticələrindəndir. Dil yarası insanların bir-birləri ilə ünsiyyətdən mə`ruz qaldıqları əzab-əziyyəti göstərir. Təcrübədən görünür ki, bə`zilərinin dil yarası vurmaqda xüsusi məharəti var. Onlar hətta adi söhbət zamanı da qarşı tərəfi salamat buraxmırlar. Onlar öz ətrafındakı dostlarını və yaxınlarını ardıcıl şəkildə incidir, özlərinə qarşı nifrət oyadırlar. Onlar dil yarası vurmaqla qarşı tərəfin məhəbbətini itirir və nə üçün sevilmədiklərini anlamırlar. Bu məsələ ailə həyatında da bir çox problemlər yaradır, ailə rabitələrini zəiflədir. Doğurdan da, bə`zən ünsiyyətdə olan tərəf qəlbində yara varmış kimi normal davrana bilmir. Bu əxlaqi nöqtənin acı nəticələri təkcə bu dünyaya yox, həm də axirət aləminə aiddir. Kiminsə qəlbini sındırmaq, onun kefini pozmaq dini tə`limlərdə şiddətlə məzəmmət olunmuş günahlardandır. Ər və arvad bir-birlərinə dil yarası vurmaqdan ciddi şəkildə çəkinməlidirlər. Ərlə arvad rabitəsində acı sözə, məsxərəyə, təhqirə heç vəchlə yol verilməməlidir. Belə təzahürlər insanın mə`nəvi süqut nişanəsidir və axirət əzabı ilə nəticələnir. (Cəmiyyətimizdəki problemlərdən biri də yanaşı yaşayan qövmlərin bir-birinə qarşı təhqiramiz münasibətidir. Belə bir münasibət müxtəlif sahələrdə zərər-ziyan törətməklə yanaşı milli birliyi zəiflədir. Məsələn, bə`zi məzhəkə, komediyalarda hansısa məntəqənin və ya kəndin əhli, onların adət-ən`ənələri məsxərəyə qoyulur. Bu sayaq komediyalar əxlaq və ədəbə zidd olmaqla yanaşı şəriət ölçülərinə sığmadığından qadağandır. Belə bir münasibət ya nadanlıqdandır, ya da düşmənçilikdən. İki ayrı qövmdən, şəhərdən və ya kənddən olan gənclər ailə qurduqda diqqətli olmalıdırlar ki, öz rəftarlarında qarşı tərəfin təhqirinə yol verməsinlər. Xalqın tə`birincə, təhqirə dözmək aclığa dözməkdən çətindir. Necə ola bilər ki, insan bir dam altda yaşadığı ömür-gün yoldaşını təhqir edə?!) Bütün hallarda ər və arvad öz qəlb rabitələrini bu sayaq bəlalardan qorumalıdırlar. Onlar bir-birləri ilə mülayim davranmalı, insani üslubda danışmalı, səhvə yol verdikdə dərhal üzr istəməlidirlər.

ƏDƏB ÜÇÜN YARDIM DILƏYƏK

ƏDƏB ÜÇÜN YARDIM DILƏYƏK Mühüm məsələlərdən biri də ədəb qaydalarına riayət etməkdir. İnsanın daxili kamilliyi nə qədər artarsa, onun ədəbi, həyası və iffəti də artar. Ədəbdə Allahdan yardım diləyək. Ədəbsiz rəhmətdən məhrumdur bilək. Mövləvinin bu misraları əslində ruhi, mə`nəvi təkamül üçün rəmzi bir açardır. Dini rəvayətlərdə də bu sahə ilə bağlı tə`kidli tövsiyələr vardır. Din böyüklərinin iş üsulundan mə`lum olur ki, onlar heç vaxt ədəb çərçivəsindən kənara addım atmamışlar. Bəli, insani rabitələr ədəbə əsaslanmalıdır. İnsanlar arasında rabitələrin möhkəmliyində ədəbin xüsusi rolu var. Ədəbli rəftar bir çox bəlaları aradan qaldırır. Beləcə, ərlə arvad bir-birləri ilə ədəb qaydaları əsasında rəftar etdikdə bir çox problemlərin qarşısı alınır. Təcrübədən də görünür ki, ailə rabitələrindəki yaxınlıq səbəbindən bə`zən ədəb qaydaları pozulur. Bə`ziləri elə düşünürlər ki, yaxın rabitələrdə ədəb qaydalarını gözləmək səmimiyyətdən uzaqdır. Əslində isə belə deyil. Qeyri-münasib, kobud sözlərlə danışıq hər şeydən öncə insanın mə`nəvi məqamını aşağı salır və o əxlaqi baxımdan tənəzzül edir. Bə`zən də xüsusi məclislərdə insanlar əxlaq və ədəb qaydalarını ayaq altına alıb cinsi məsələlərlə bağlı iffətsiz söhbətlər edirlər. Bə`zən xanımların da xüsusi məclislərində bu hala təsadüf olunur. Bə`ziləri bu sayaq söhbətlərə o qədər vərdiş verirlər ki, çirkin sözlərin işlədilməsi onlar üçün adiləşir. Hansı ki, şəxsiyyətli xanımlar heç vaxt belə bir səviyyəyə alçalmırlar. Cinsi münasibətlər mövzusu əyləncə və zarafat mövzusu deyil. Təəssüf ki, bir çox lətifələrin və zarafatların məğzini cinsi münasibətlər mövzusu təşkil edir. İnsanlar üçün həyat nümunəsi olan ilahi şəxsiyyətlər heç vaxt bu sayaq rəftara yol verməmişlər. Həya, ədəb, iffət ölçülərini gözləmək insanın əxlaqi süqutunun qarşısını alan bir səddir.

MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK

MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK Bə`ziləri belə güman edirlər ki, məhəbbət qəlbdə olmalıdır və onu izhar etmək olmaz. Onlara elə gəlir ki, məhəbbəti bildirmək riyakarlıqdır. Əlbəttə ki, məhəbbət qəlbə aiddir və əməldə aşkar olur. Amma onu bəyan etməyin də öz yeri var. Bə`zən qadın ərinin onu sevib sevməməsi ilə bağlı şübhələrə düşür və rahatlıq üçün bir səbəb tapmır. Belə bir halda məhəbbəti bəyan etmək onun içində qalanmış alovun üzərinə su çiləmək kimidir. Məhəbbətin izharında yeganə şərt onun həqiqi olmasıdır, insanları aldatmaq məqsədi ilə belə rəftar etmək olmaz. Məhəbbət siyasətə yox, sədaqətə əsaslanmalıdır. Əlbəttə ki, bu sahədə də ifrata varmaq olmaz. Məhəbbətin bəyanında ifrata vardıqda onun dəyəri əskilir və adət şəkli alır. İslami rəvayətlərdə tövsiyə olunur ki, qarşılıqlı məhəbbət izhar olunsun. Məhəbbətin izharı ərlə arvad münasibətlərində olduqca mühümdür. Xüsusi ilə bu iş ər tərəfindən görülməlidir. İslam peyğəmbərlərindən nəql olunmuş bir rəvayətdə buyurulur: “Ərin öz həyat yoldaşına dediyi “sevirəm” sözü heç vaxt onun yadından çıxmır.” Bu göstəriş qadın ruhunun həssaslığını, onun məhəbbətə ehtiyacını göstərir. Ər öz həyat yoldaşının bu ruhi ehtiyacından xəbərsiz qalmamalıdır.

SIRSAXLAMA

SIRSAXLAMA Ər-arvad başqaları ilə eyni məclisdə oturarkən ailənin xüsusi söhbətlərini açıqlamamalıdırlar. Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dostluq zamanı kimsəyə mütləq e`timad göstərib bütün sirləri onunla bölüşmək olmaz. Belə bir münasibət e`timadsızlıq yox, bir növ gələcəyi nəzərə almaqdır. Çox olub ki, sirrini dostuna açan şəxs sonradan peşiman olub. Dostluq münasibətlərinin istisində açılan sirlər bu dostluq qırıldığı vaxt qarşı tərəfin əlində hücum vasitəsinə çevrilib. Ona görə də dini rəvayətlərdə tövsiyə olunur ki, dostlarınıza mütləq e`timad göstərməyin. Həzrət Əli (ə) buyurmuşdur: “Dostuna kamil məhəbbət yetir, amma mütləq e`timad göstərmə. Ona öz rəftarınla tam yardım göstər, amma bütün sirlərini ona açma.” Qadınların belə bir nöqtəyə diqqətli olması zəruridir. Çünki onların sirr saxlamaq tutumu azdır və öz sirlərini asanlıqla başqalarına açırlar. Digər bir tərəfdən, əgər bir şəxs bizə öz sirrini açmışsa və onun başqalarına deyilməsi ilə razı deyilsə, heç bir halda bu sirri faş etmək olmaz. Başqalarının sirrini açmaq haramdır və ilahi əzabla nəticələnir. Rəvayətdə deyilir: “Din qardaşı və ya din bacının sirrini açmaq xəyanətdir.” Digər bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs sizə dediyi sözə görə nigarandırsa (bu sözün yayılmasından qorxursa), onun dediyi söz əmanətdir.”

HÖCƏTLƏŞMƏDƏN ÇƏKINƏK

HÖCƏTLƏŞMƏDƏN ÇƏKINƏK Başqaları ilə rabitədə, xüsusi ilə ailə münasibətlərində höcətləşmələrdən çəkinmək lazımdır. Bu sayaq tünd mübahisələrin olduqca böyük mənfi tə`sirləri olur. Hətta bu söhbətlər nəticəsində insanlar bir-birindən inciyir, ayrılır. Onu da qeyd etmək lazımdır ki, bu sayaq çəkişmələrin əksəri insanın dünya və axirəti üçün faydası olmayan məsələlər mövzusundadır. Çox vaxt görürük ki, qadın və ya kişi öz fikrini bildirib. Onu başqalarına qəbul etdirmək istəyir. Qarşı tərəf isə ona qarşı çıxaraq müqavimət göstərir. Məhz bu məqamda hücum və müdafiə əhatəsi genişlənir və iş savaşla nəticələnir. Bə`ziləri umurlar ki, bütün hallarda onlar haqlı sayılmalıdır. Onlar öz müddəalarını nə üçün-niyəsiz qarşı tərəfə qəbul etdirmək istəyirlər. Əlbəttə ki, belə bir istək yersiz qürurdan qaynaqlanır. Bə`ziləri də öz yanlış və ya düz müddəalarını istənilən bir vasitə ilə başqalarına qəbul etdirməyə çalışır və qarşı tərəfin deyilənləri qəbul etməsini onun üçün vəzifə sayır. Belələrində məntiqi və aram söhbət hazırlığı olmur. Onlar tez qızışır, üsyankarlıq göstərirlər. Bə`ziləri də adət ediblər ki, hər deyilənə müxalif çıxsınlar. Guya qarşı tərəfin sözünü qəbul etmək təslimçilikdir. Belə bir düşüncə ilə inadkarlıq göstərib, qarşı tərəfin dediyi haqlı sözləri də inkar edirlər. Təcrübədən mə`lum olur ki, əksər vaxt belə söhbətlərdə məqsəd haqqın yox, şəxsiyyətin qəbul etdirilməsi olur. Eqoistlik xəstəliyindən xəbərdar olanlar, bu çirkin sifətdən qoruna bilənlər bu sayaq mübahisələrdən çəkinirlər. Onlar hətta haqlı olduqları zaman səmərəsiz çəkişmələrə yol vermir, dartışmaya qatılmırlar. Onlar bilirlər ki, ilk addımda məqsəd haqqın sübutu olsa da, mübahisə gedişində haqqın yerini şəxsiyyət tuta bilər. Bu sayaq söhbətlərin arxasında, adətən, inadkarlıq və kin-küdurət dayanır. Beləcə, əgər tərəflərdən biri inadkarlıq göstərirsə, qarşı tərəf onunla mübahisədən çəkinməli, söz sükutu ilə söhbətin davamına maraq göstərmədiyini anlatmalıdır. Hər birimiz öz zehnimizi islah etməli və unutmamalıyıq ki, bizim baxışımız yanlış da ola bilər. Axı insanın malik olduğu mə`lumatlar düzgün olmaya da bilər. Bütün deyilənləri nəzərə alaraq, mülayimliklə, məntiq əsasında söhbət aparmalı, inadkarlıqdan qaynaqlanan höcətləşmələrdən çəkinməliyik. Dini rəvayətlərdə bu mövzu ilə bağlı bir çox tövsiyələr var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan inadkar, düşmən axtaran kəsdir.” Həzrət Əli (ə) buyurur: “Düşmənçilikdən çəkinin bu (xüsusiyyət) qardaşların qəlbini xəstələndirir, nifaq cücərdir.”

TÜND XASIYYƏTDƏN ÇƏKINƏK

TÜND XASIYYƏTDƏN ÇƏKINƏK Zövcələrin xoşbəxtliyinin tə`minində ən tə`sirli amillərdən biri gözəl əxlaqdır. Dini tə`limlərimizdə də bu nöqtəyə əsas amil kimi yanaşılmış, tövsiyə edilmişdir ki, pis əxlaqlı fərdlə izdivac edilməsin. Pis əxlaqlı insan ailə həyatını səfa-səmimiyyətdən məhrum edir, bə`zən onu özü və həyat yoldaşı üçün yandırıcı cəhənnəmə döndərir. Yersiz sərtliklər, danışıq və rəftarda tündlük, güzəşt və sazişdən uzaqlıq, kin-küdurət və bu kimi digər xasiyyətlər müştərək həyatı təbii axarından çıxaran amillərdəndir. Səmavi tə`limlərə əsasən aramlıq və səfa-səmimiyyət hakim olan evlər Allahın diqqət və mərhəmətindən bəhrələnir. Mələklər yolunu belə evlərdən salır, mərhəmət bərəkət və aramlıq gətirir. Bu sayaq həyat axirətdə behiştlə sonuclanır. Qur`an ayələrinə əsasən behişt əhli arasında heç bir kin-küdurət və düşmənçilik yoxdur. Behiştdə olanlar tam səfa-səmimiyyət içindədirlər və bu səbəbdən behiştə “darus-səlam” deyilmişdir. Xoş rəftar, qarşılıqlı anlaşma həm də behişt əhlinə məxsus sifətlərdəndir və insanın üzünə behişt qapılarını açır. Çəkişmə, ixtilaf, keşməkeşlər meydanı olan evin əhli isə cəhənnəm astanasında dayanmışdır. Belələrində cəhənnəm əhlinin xüsusiyyətləri var. Qur`an tə`limlərinə əsasən belə fərdlər yırtıcı itlər tək bir-birlərinə hürməkdədir. Belə evə şeytanın gəliş-gedişi var. Onlar ilahi rəhmət və bərəkətdən məhrumdurlar. Məşhur bir rəvayətdə İslam peyğəmbərinin belə buyurduğu nəql olunur: “İt olan evə mələklər daxil olmaz.” Rəvayətin zahiri mə`nasına əsasən evdə it saxlamaq olmaz. Amma rəvayətdən başqa iki mə`na da anlaşılır: Birinci mə`naya əsasən ev deyərkən insanın qəlbi nəzərdə tutulmuşdur. Əgər insanın qəlbində tamah, xəsislik, kin-küdurət, eqoistlik kimi məzəmmət olunmuş sifətlər varsa, mələklər bu qəlbə daxil olmaz. Belə bir qəlb şeytan yuvasıdır. İkinci mə`naya əsasən rəhmət mələkləri çəkişmə, dava-dalaş, ixtilaf olan evə daxil olmazlar. Belə bir ev ilahi lütfdən məhrum olduğundan onda ilahi diqqət əlaməti olan aramlıq, səfa-səmimiyyət tapılmaz. Belə bir ev daim iztirab qəm-qüssə içindədir. Bir sözlə, belə ev mə`nəvi bərəkət və xeyirdən uzaqdır. Ona görə də belə bir ailədə ərlə arvad sağlam və layiqli övlad intizarında olmamalıdır.

İBRƏTAMIZ BIR ƏHVALAT

İBRƏTAMIZ BIR ƏHVALAT Nəql olunur ki, Peyğəmbərin (s) yaxınlarından olan Sə`d ibn Məaz Ənsari dünyasını dəyişmişdi. Həzrət Peyğəmbər (s) onun dəfnində iştirak edirdi. Göstərdiyi fədakarlıqlara görə ona xeyli hörmət vardı. Peyğəmbərin (s) Məaza diqqət və ehtiramını görən ana övladına xitabən dedi: “Behişt sənə şirin olsun.” Həzrət Peyğəmbər (s) buyurdu: “Aram ol və Allahın işləri haqda qəti söz danışma. O (Məaz) hazırda sıxıntı və əziyyətdədir.” Peyğəmbərin bu sözləri ətrafdakıları heyrətə gətirdi. Onlar bunun səbəbini soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: “O öz ailəsi ilə sərt rəftar edirdi.” Bu əhvalat ailədə pis rəftarın acı nəticələrini göstərir. Əlbəttə ki, deyilənlər təkcə kişilərə aid deyil. Əgər qadın da öz əri ilə pis rəftar edərsə, uyğun aqibətlə üzləşər. Bu məqamda bir nöqtəni də xatırlatmaq faydalı ola bilər ki, qadınlar fitri və təbii hazırlıq zəminəsinə əsasən sərt rəftara daha meyillidirlər. Qadın məzəmmət olunmuş belə bir xüsusiyyətin özünü büruzə verməməsi üçün sə`y göstərməlidir. Təəssüf ki, bir çox xanımlar bu sahədə kişiləri ötüb keçmişlər. Onlar öz tünd xasiyyətləri ilə ailə həyatını həm özləri, həm də ailələri üçün əzaba çevirmişlər. Sanki fitrətən qadın batinində əmanət qoyulmuş duyumlar səmərəsiz qalmışdır. Olsun ki, bə`zi qadınlar fitrətlərindəki mərhəmət sərmayəsini tədricən itirmiş, psixoloji xəstəliyə tutulmuşlar. Əslində qadının fitrətindəki mərhəmət hissi onu mehribanlığa, fədakarlığa, mülayimliyə çağırır. Qadında bu sayaq müsbət xüsusiyyətlərin təzahürü təbii bir işdir. Qadın üçün hər şeydən önəmli odur ki, öz daxili dəyərlərini tanısın, agahlıq və bəsirətlə onları qorumağa çalışsın.

XOŞ RƏFTAR IMAN NIŞANƏSIDIR

XOŞ RƏFTAR IMAN NIŞANƏSIDIR Dini tə`limlərdə kişilərə və qadınlara tövsiyə olunmuşdur ki, öz həyat yoldaşları ilə yaxşı rəftar etsinlər. Əgər bir şəxs İslam prinsipləri əsasında tərbiyə almışsa, onun şəxsiyyəti iman və təqva əsasında formalaşmışsa, xoşrəftar, qarşı tərəfin hüquqlarını gözləmək, mülayimlik və müdara onun təbii əxlaqi xüsusiyyətləri olacaq. İman iddiasında olub pis rəftar edən şəxs öz imanına yenidən nəzər salmalı, boş-boş iddialarla qürrələnməməlidir. İmanı onun xüsusiyyətləri ilə tanımaq olar. Xalqla xoş rəftar, ətrafdakıların mə`nəvi və maddi haqlarını pozmaq qorxusu imanın ilkin nişanələrindəndir.

QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK!

QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK! Dini tə`limlərdə qəzəb və əsəbiliyin qarşısının alınması barədə bir çox tə`kidli göstərişlər vardır. İmam Zeynəl-Abidindən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, udulmuş qəzəb damlasından dəyərli bir damla yoxdur. Həzrət Əli (ə) buyurmuşdur: “Qəzəbinə hakim olmayan bizdən deyil.” Qəzəbə nəzarət üçün iki nöqtəyə diqqət yetirməliyik. Birinci nöqtə odur ki, qəzəbin nəticələrinə diqqətli olaq. Belə bir agahlıq qəzəblə mübarizədə insanı gücləndirir. Digər nöqtə budur ki, qəzəbi cilovlamaq üçün hazırlığa ehtiyac var. Şübhəsiz ki, qəzəb və əsəb insanın fiziki və psixoloji sağlamlığına dağıdıcı tə`sir göstərir və ağır xəstəliklərlə nəticələnir. Bundan əlavə, qəzəb bizim başqaları ilə rabitələrimizə zərbə vurur, şəxsiyyətimizi alçaldır. Bir an əsəbiləşmək elə bir problem yaradır ki, həmin problemi aradan qaldırmaq çox çətin olur. Bundan əlavə, əsəbilik zamanı insanın hərəkətləri ağıl və məntiqdən yox, psixoloji həyəcandan qaynaqlanır. Adətən, əsəbilikdən sonra peşmanlıq gəlir. Bə`zən bu peşmanlıq o qədər şiddətli olur ki, əsəb sarsıntısına gətirib çıxardır. Digər bir tərəfdən, qəzəb və əsəb başqaları üçün narahatlıq yaradıb onların hüquqlarının tapdanmasına səbəb olduğundan, onun ağır axirət cəzaları da var. Uyğun zərər-ziyanı nəzərə alan əsəbi fərd öz əxlaqındakı bu zəif nöqtəni aradan qaldırmalı, ən azı hisslərini nəzarət altına almalıdır. Dini tə`limlərimizdə tövsiyə olunmuşdur ki, əsəbi halda qərar çıxarmayın, əsəbinizi soyutmaq üçün vəziyyətinizi dəyişin. Məsələn, əyər ayaq üstəsinizsə oturun, əgər oturmusunuzsa durun. Əsəbiləşən zaman dəstəmaz almaq da tövsiyə olunmuşdur. Yə`ni dərhal reaksiya verməyin, arada fasilə yaradın. Bu fasilə qəzəbin nəzarət altına alınmasında tə`sirlidir. Əlbəttə ki, bə`zilərinin əsəbi bir anlıqdır. Onlar tez qəzəblənib, tez də təbii hallarına qayıdırlar. Amma bə`zilərində qəzəb şəxsiyyətin bir çalarına çevrilmiş və vücuda hopmuşdur. Belələrinin islahı asan olmur. Onların uzun müddət ciddi mübarizəyə ehtiyacı var. Belələri ilə yanaşı yaşamaq olduqca çətindir. Onlar, adətən, özlərini təqsirkar bilmir və buna görə də islaha sə`y göstərmirlər. Onlar daim günahı başqalarının boynuna atır və çox vaxt ətrafdakıların xeyirxah nəsihətlərinə qulaq asmırlar. Əgər zövcələrdən biri əsəbi olsa, ikinci tərəf çalışmalıdır ki, onun əsəblərini qıcıqlandırmasın və öz dözümü ilə ona əsəbini nəzarətə almaqda yardımçı olsun. Qəzəb soyuduqdan sonra münasib bir məqamda həyat yoldaşı ilə danışıq, ona əsəbləşməməyi tövsiyə etmək olar. Adətən, əsəbi insanlar yorğunluq zamanı daha tez əsəbiləşirlər. Belə məqamda onları yola vermək zəruridir.

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR

QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR Həzrət Peyğəmbər (s) və mə`sum imamların həyatına nəzər saldıqda görürük ki, onlar öz həyat yoldaşları ilə mülayim və mehriban rəftar etmişlər. Bu böyük insanlarda mərhəmət elə bir həddə olmuşdur ki, hətta bə`zi zövcələri onların bu xüsusiyyətlərindən sui-istifadə etmişdir. Amma yerə də onların səbr kasası dolmamış, sərt rəftara yol verməmişlər. Nəql olunur ki, bir gün Əbu-Bəkr peyğəmbərin evinə gəldikdə qızı Ayişənin (peyğəmbərin həyat yoldaşı) peyğəmbərlə mübahisə etdiyini gördü. Onlar mübahisənin həlli üçün Əbu-Bəkri hakim tə`yin etdilər. Ayişə danışır və öz danışığında Peyğəmbərin (s) hörmətini gözləmirdi. Əbu-Bəkr Ayişənin bu hərəkətinə dözməyib ona bir sillə vurdu. Ayişə Peyğəmbərə (s) sığınıb onun arxasında gizləndi və yardım istədi. Həzrət Peyğəmbər (s) buyurdu: “Biz səni buna görə çağırmamışdıq, səndən belə rəftar istəməmişdik.” Nəql edirlər ki, bir gün peyğəmbərin zövcəsi onunla tünd davrandı. Anası onun bu hərəkətini görüb tənbeh etdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu rahat buraxın, bildiyini etsin.” Peyğəmbərin (s) yaxınları onun haqqında demişlər: “Peyğəmbər (s) qadınları və uşaqları bağışlamaqda xalqın ən üstünü idi.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman baxımından xalqın ən kamili onların ən xoş xasiyyətlisi və zövcəsinə ən mehriban olanıdır.” Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi xatırlatmışdır: namaz, əl altında olanlarla xoş rəftar, qadınların yanında Allahdan qorxub onlarla gözəl rəftar etmək. Digər bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları girami tutur, rəzil insanlar onları əskik sayır.” Dini bir rəvayətdə deyilir: Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir: “Bilin ki, Allah və peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.” Qur`ani-kərim kişilərə belə göstəriş verir: “Həyat yoldaşlarınızla yaxşı və xoş rəftar edin.” Qur`an ayələrində buyurulur ki, əgər müştərək həyatı davam etdirmək imkanınız yoxdursa, zövcənizin haqqını ödəyin, onunla yaxşılıqla ayrılın və elə etməyin ki, həyat ona sıxıntılı olsun; ona zərər-ziyan yetirməyin və Allah bəyənən tərzdə bir-birinizdən ayrılın.” İslamın qadınlarla rəftar haqqındakı buyuruqları göstərir ki, ailələrimizin bir çoxu İslam normalarından nə qədər uzaqdır. Bə`zi kişilər din öncüllərinin tam ziddinə olaraq bayırda xoş rəftar edir, evə qayıtdıqda ailə mühitini öz davranışı ilə zəhərləyir. Təəssüf ki, ailə ilə bağlı bir çox ən`ənələrimiz İslam tə`limindən uzaqdır, bə`zən isə ona ziddir. Deyilənlərə əsasən müsəlman ailələrindəki bu günkü gerçəkliyi İslamın ailə prinsipləri ilə eyni tutmaq olmaz. Qadınlara hörmət, onların girami tutulması, onlarla sərt rəftardan çəkinmək İslam qanunlarının gerçək prinsiplərindəndir. Haqqında danışdığımız məsələ ilə bağlı ayələr və rəvayətlər çoxdur. Bizim xatırladıqlarımız isə yalnız dəryadan bir damla idi.

ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI

ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI İslam tə`limlərini nəzərdən keçirdikdə mə`lum olur ki, qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş yoxdur. Yə`ni kişi qadına hörmət göstərib, onunla xoş rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını tə`min etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş rəftarı və onu razı salması cihad sayılmışdır. İslam tə`limlərinə əsasən kişinin qadın öhdəsində daha çox haqqı var. Qiyamət hesabında qadın üçün ərin razılığından böyük şəfaətçi yoxdur. Həzrət Fatimə (s) dünyasını dəyişdiyi vaxt Həzrət Əli (ə) dedi: “Pərvərdigara! Mən sənin peyğəmbərinin qızından razıyam.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xoş o qadının halına ki, əri ondan razıdır; vay o qadının halına ki, ərini qəzəbləndirmişdir.” İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, ərini incidən, qəm-qüssəyə qərq edən qadın məl`undur (lə`nətlənmişdir). Ərini əziz tutub onu incitməyən, ona itaət edən qadın isə xoşbəxtdir.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir qadın ərini incitsə, onu razı salanadək namazı və digər xeyir işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir. Arvadını incidən, ona zülm edən kişi cəzalanır.” Həzrət Fatimə (s) buyurmuşdur: “Həyat yoldaşı ilə mehriban rəftar edib onu bağışlayanlar insanların ən dəyərliləridir.” Bir şəxs həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı rəftarı haqqında danışıb dedi: “Evə qayıtdığım vaxt zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim mehriban rəftar edir.” Həzrət Peyğəmbər (s) buyurdu: “O, şəhid mükafatının yarısını almışdır.” Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu vəzifələrə əməl edilsə, ailə rabitələrində ciddi bir problem yaranmaz.

UYĞUNLAŞMA

UYĞUNLAŞMA İstənilən bir ictimai mühitdə, o cümlədən ailədə əsas prinsiplərdən biri uyğunlaşma prinsipidir. Hər bir toplumda, eləcə də, ailədə olan fərdlər fərqli xüsusiyyətlərə malikdir. Həyat yoldaşı seçimində nə qədər diqqətli olsaq da, seçdiyimiz fərddə fərqli xüsusiyyətlərin olması qaçılmazdır. Fərqli mədəniyyətlərin tərbiyə etdiyi şəxslər arasında düşüncə, psixologiya, əxlaq baxımından fərqlər olur. İki ailə mədəniyyət, adət-ən`ənə baxımından bir-birlərinə nə qədər yaxın olsalar da, onlar arasında fərqlərin mövcudluğu qaçılmazdır. (Ayrı-ayrı millətdən olan iki fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola bilər. Təbii ki, kökündən fərqli mədəniyyətlərdən bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır. Təcrübə göstərir ki, xarici vətəndaşla ailə quran şəxslərin xüsusi problemləri olur və onların izdivacı, adətən, uzun çəkmir. Əlbəttə ki, istisnalar da var. Hətta bu istisna hallarda da tərəflərdən biri o birinin əqidəsini və mədəniyyətini qəbul edir.) Bütün bu səbəblərdən ailə qurmuş tərəflər arasındakı fərqlər bizi təəccübləndirməməlidir. Həyat yoldaşı seçərkən belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz və bu seçimdə çalışmalıyıq ki, prinsipial məsələlərdə tərəflər bir-birinə uyğun olsunlar. Prinsipial fərqləri olan iki nəfərin qurduğu ailə çox çətin uyğunlaşır, bə`zən isə uyğunlaşmır. Əlbəttə ki, bə`zən ailədə prinsipial yox, xırda məsələlər ixtilaf yaradır. Hər halda, fərqlər azaldıqca rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir qismi onların iste`dadları ilə bağlıdır. İste`dad fərqi isə fərqli maraqlar, istəklər yaradır. Zövcələr arasındakı fərqlərdən bir qismi də onların uzun illər boyu formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir. Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa çarə yoxdur. Bütün toplumların, zümrələrin, eləcə də, ailənin uyğunlaşma prinsipinə ehtiyacı var.