ÖVSAFÜL-ƏŞRAF
 

İKİNCİ BAB

İKİNCİ BAB Seyri-süluk yolunda maneələrin aradan qaldırılması.
Bu bab altı fəsildən ibarətdir:
– Birinci fəsil – Tövbə.
– İkinci fəsil – Zöhd.
– Üçüncü fəsil – Fəqr.
– Dördüncü fəsil – Riyazət.
– Beşinci fəsil – Mühasibə və müraqibə.
– Altıncı fəsil – Təqva.


Birinci fəsil

Birinci fəsil

Tövbə

Tövbə Allah-taala tövbə barəsində buyurur: “Ey mö`minlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” Tövbənin mə`nası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür: 1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib) 2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram) 3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb) 4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh) 5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah) Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş tutan bütün fikri və əməli günahlar nəzərdə tutulur. Və amma üçüncü növ əməlin – yə`ni müstəhəb əməlin – tərki və dördüncü növ əməlin – yə`ni məkruhun – görülməsi «tərki-övla» adlanır. Mə`sumlar üçün övlanın tərki bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-süluk əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu işdən tövbə etməlidirlər. Deməli tövbə üç növdür: 1. Bütün bəndələrə şamil olan ümumi tövbə. 2. Mə`sumlara aid olan xas tövbə. 3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə. Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: “Həqiqətən də mənim qəlbimə qubar oturur və mən (buna görə) hər gün yetmiş dəfə istiğfar edirəm.” – üçüncü növdəndir. Ümumi tövbə Ümumi tövbə iki şərtə əsaslanır: 1. Bütün işlərdən agah olub, hansı işin kamala çatmağa, hansı işin nöqsana səbəb olduğunu bilmək. Əlbəttə, kamal şəxslərə nisbətdə cürbəcür olur; bə`ziləri üçün kamal əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın olmaqdır. Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə qismə bölünür; bə`ziləri cəzaya səbəb olur, bə`ziləri insanı savabdan məhrum edir və bə`ziləri də Allahın qəzəbinə səbəb olur ki, həmin Allahın lə`nətindən ibarətdir. 2. Kamalın faydalı olduğuna, yə`ni Allah rizasının bu işdə olduğuna və nöqsanın zərərli olduğuna, yə`ni Allahın qəzəbinə səbəb olduğuna vaqif olmaq. Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər birdən günah etmiş olsa da, tez tövbə edər. Tövbənin əldə edilməsinin keyfiyyəti Tövbə üç şəkildə həyata keçir: 1. Keçmiş zamanla müqayisədə tövbə; 2. İndiki zamanla müqayisədə tövbə; 3. Gələcək zamanla müqayisədə tövbə; Keçmiş zamanla müqayisədə tövbə Keçmiş zamana nisbətdə tövbə iki qisimdir: 1. Keçmişdə gördüyü günaha görə insanın həddən artıq peşmançılıq və təəssüf hissi keçirməsi. [Tövbənin] bu şəkli digərini icab edər. Bu səbəbdən Peyğəmbər (s) buyurur: “Peşmançılıq özü tövbədir.” 2. Keçmişdə gördüyü günahların əvəzini çıxmaq ki, bu da üç növə ayrılır: 1) Allahın əmrindən boyun qaçırmaqla nəticələnən günah iş (Allaha nisbətdə edilən günah); 2) İnsanın özünü Allahın qəzəbinə düçar etməklə, nöqsana sürükləməklə nəticələnən günah (Özünə nisbətdə etdiyi günah); 3) İnsanın dili və ya əməli üzündən başqasının zərəri ilə nəticələnən günah. (Başqasına nisbətdə edilən günah); Və amma, insan başqaları haqqında etdiyi günahın əvəzini ödəməlidir. Nə qədər ki, başqasının haqqını özünə qaytarmayıb süluk yoluna qədəm qoya bilməz. Əgər başqasının haqqını dili ilə tapdalamışsa, gedib ondan üzr istəməlidir və ya əvəzini ödəməlidir və ya bir yolla onu özündən razı salmalıdır. Əgər başqasının haqqını əməli olaraq tapdamışsa, onda haqqında günah etdiyi şəxsin haqqını – əgər sağdırsa – özünə, yox əgər dünyadan köçmüşsə onun varislərinə qaytarmalıdır və ya mümkün yolla onların razılığını əldə etməlidir və nəzərdə tutulan cəzanı çəkməlidir. Əgər bir kəsi öldürmüş olsa, ölü yiyəsinin razılığını əldə etməlidir, çünki ölmüş şəxsdən razılıq almaq qeyri-mümkündür. Əgər bu şərtləri və tövbənin digər şərtlərini əldə etsə, Allah-taalanın axirətdə onu öz hüdudsuz rəhmətinə şamil edəcəyinə ümidvar olsun. Və amma özü haqqında etdiyi günahın əvəzini ödəmək üçün tə`yin edilmiş dini və dünyəvi cəzaları ödəməlidir. Və amma Allahın haqqında etdiyi günahların əvəzini ödəmək üçün ağlayıb-sızlamaqla Allah dərgahına üz tutmalı, ibadətə və riyazətə məşğul olmalıdır. Əlbəttə, bu şərtlə ki, özü və başqaları haqqında etdiyi günahların əvəzini ödəmiş olsun. İndiki zamanla müqayisədə edilən tövbə İndiki zamanla nisbətdə tövbə iki cürdür: 1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət qəsdi ilə tərk etsin. 2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın əvəzini ödəsin. Gələcək zamanla müqayisədə edilən tövbə Gələcək zamanla da nisbətdə tövbə iki cürdür: 1. Etdiyi günahı gələcəkdə bir daha təkrarlamayacağına qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə [bir daha həmin günaha bulaşmamalıdır.] İstər öz ixtiyarı ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə razı olmamalıdır. 2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta sözünün üstündə dura bilməsi və bir daha həmin günaha düşməməsi üçün, həmin günaha qayıtdığı təqdirdə nəzir verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər. Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: “Günahdan tövbə edən kəs, heç bir günahı olmayan kəs kimidir” – zümrəsinə daxil olsun. Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi. Allah-taala bu camaat haqqında buyurub: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün.” Və həmçinin buyurmuşdur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.” Xas və əxəss tövbə Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: “Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.” Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur: 1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: “Sağ və sol – hər iki tərəf azdırıcıdır.” 2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: “Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur” Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar. “Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!”

İkinci fəsil

İkinci fəsil

Zöhd

Zöhd Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bə`zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) “Zöhd” rəğbətsizlik mə`nasındadır. Zahid o kəsdir ki, dünyaya aid olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə – rəğbəti olmasın. Əlbəttə bu rəğbətsizlik imkansızlıq və yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu deyilənlərə dünyəvi olduqları üçün e`tinasız olsa zahid adlanır. Amma “Həqiqi zahid” o kəsdir ki, yuxarıda deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat tapmaq və cənnət savabına çatmağa da tamahı olmasın. Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır. Mələkənin, yə`ni hansısa sifətin insanın vücudunda adətə çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan özünü nəfsani istəklərdən saxlamalıdır və nəfsini çətin işlərlə məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi onda möhkəmlənsin. Zahidlərdən biri haqqında hekayət Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: “Bir gün ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə qulaqburması olsun deyə kəllə-paça satmağı özümə peşə seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl göstərməyim.” Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki, qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə qarışmasın və hədəfdən yayınmasın.

Üçüncü fəsil

Üçüncü fəsil

Fəqr

Fəqr Allah-taala fəqr barədə buyurur: “Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur” “Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu “fəqr”, həqiqətdə “zöhd”ün bir şö`bəsidir. Peyğəmbəri-əkrəm (s) buyurur: “Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: “Bəli.” Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.” O Həzrətə (s) deyəndə ki: “Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək.” Cavabında buyurdu: “Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.”

Dördüncü fəsil

Dördüncü fəsil

Riyazət

Riyazət Allah-taala riyazət barəsində buyurur: “Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!” “Riyazət”in lüğəvi mə`nası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır. Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə “bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs “səbu`i” deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi “şeytani” adlandırarlar. Allah Qur`anda bu üç nəfsi “əmmarə nəfs” adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə “ləvvamə nəfs” demişdir. Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi “mütməinnə nəfs” adlandırmışdır. Riyazətdə insanın hədəfi Riyazətdə insanın qərəzi üç şeydir: 1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması; 2. Kamalın tələbi məqsədilə heyvani nəfsin əməli əql qarşısında müti edilməsi; 3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi;

Beşinci fəsil

Beşinci fəsil

Mühasibə və müraqibə

Mühasibə və müraqibə Allah-taala mühasibə və müraqibə haqqında buyurur:”Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.” “Mühasibə” lüğətdə kiminləsə hesablaşmaq və “müraqibə” (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq mə`nasındadır. Mühasibə dedikdə bizim məqsədimiz budur ki, insan itaətini və günahını hesab etsin, görsün hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün itaətinin günahdan çox olması Allahın onun haqqında lütf etdiyi ne`mətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun özü elə bir ne`mətdir ki, onun əzalarının yaradılışında saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə kitablarda onu şərh etmişlər. [Amma buna baxmayaraq] dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. [İnsanın vücuduna diqqətlə nəzər salsaq] nəbati və heyvani nəfs qüvvələrində çoxlu faydaların mövcud olduğunu görəcəyik, [insanın ruhuna nəzər salsaq] Allahın onu, mə`qulatı və elmləri öz zatı ilə necə də dərk edən, məhsusatı necə fəhm edən olaraq yaratdığını müşahidə edəcəyik, ə`za və qüvvələrini idarə edə bilməsi üçün ixtiyarında alətlər qoyduğuna şahid olacağıq. Həmçinin [Allah] ilk yaradılışdan insanın ruzisini müəyyən, onun inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm də bu dünyadan hazır etmişdir. Belə olan surətdə əgər [günahına nisbətdə ağır gələn] itaətini Allahın bütün bu ne`mətləri və digər sayagəlməz ne`mətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur: “Əgər Allahın ne`mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.” Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər olsa, bilməlidir ki, bu ne`mətlərin müqabilində heç bir bəndəlik etməmişdir və [belə olan halda] öz təqsirini aşkar görəcəkdir. Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay halına! Yenə vay halına! Buna görə də kamalın tələbində olan əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa bir şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir yenə də özünü müqəssir görəcəkdir. Buna görə də Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Sizi mühasibəyə çəkməmişdən öncə özünüzü mühasibə edin.” Əgər bir kəs özünü mühasibə etməsə günah bataqlığına düçar olar, bu ayənin əsasında ki, buyurur: “Heç kəsə əsla haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik!” – [onu haqq-hesaba çəksələr] mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. [Belə bir andadır ki]: “Heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın...” Belə bir gündən Allaha pənah aparırıq! Və amma “müraqibə”, insanın yaxşı əməllərini batil edəcək hərəkətlərin baş verməməsi üçün batinini və zahirini həmişə qoruyub saxlamasıdır, yə`ni həmişə öz əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində saxlamalıdır ki, buyurur: “Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun.” Beləliklə də [seyri-süluk yolunda insan] vüsal mərhələsinə, məqsədinə nail olar. والله یوفق من یشاء من عباده انه هو اللطیف الخبیر

Altıncı fəsil

Altıncı fəsil

Təqva

Təqva Allah-taala təqva barəsində buyurur: “...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.” “Təqva” [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər.” Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.”

Təqvanı təşkil edən ünsürlər

Təqvanı təşkil edən ünsürlər Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur: 1. Xof; 2. Günahdan çəkinmək; 3. Allaha yaxınlaşmaq tələbi; Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Qur`an və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir. “Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.”

ÜÇÜNCÜ BAB

ÜÇÜNCÜ BAB Seyri-süluk, kamalın tələbi və salikin əhvalını bəyan edər və altı fəsildən ibarətdir: Birinci fəsil – Xəlvət. İkinci fəsil – Təfəkkür. Üçüncü fəsil – Xof. Dördüncü fəsil – Rəca. Beşinci fəsil – Səbir. Altıncı fəsil – Şükür.

Birinci fəsil

Birinci fəsil

Xəlvət

Xəlvət Allah-taala xəlvət barəsində buyurur: “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) kəsləri boşla getsinlər.” Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul etməyə iste`dadı olan hər bir zat, nə qədər ki, bu iste`dad var və maneə yoxdur, həmin feyzdən məhrum olmayacaqdır. İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin feyzin qəbulu iste`dadı ilə yanaşı saxlamış olsun. 1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var. 2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o şəxsin kamalının zəminəsi olacaqdır. Seyri-sülukün mühüm maneələri Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, kamal tələbində olan şəxs ilahi feyz iste`dadına yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin ən başlıcası məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri şeylərlə məşğul etməklə onu həqiqi məqsədə tam diqqət yetirməkdən saxlayır. İnsanı məşğul edən böyük maneələr ibarətdir: 1. Zahiri hisslər; 2. Batini hisslər; 3. Heyvani qüvvələr; 4. Məcazi fikirlər. “Zahiri hisslər” [məsələn,] gözün görməsiylə insanı özünə çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, [dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və [toxunmaqla] ləms edilənlər – insanı [əsas hədəfdən yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir. “Batini hisslər” [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir. “Heyvani qüvvələr” [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın məşğuliyyətinə səbəb olur. “Məcazi fikirlər” [məsələn,] mühüm olmayan işlərdə və faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir. Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. “Xəlvət” bu cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər onu özünə məşğul edə bilməsin və heyvani qüvvələri də tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin cəzbinə və xoş gəlməyən şeylərin dəfinə təhrik etməsin. Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan ruhunda əbədi qalacaq ləzzətlərin əldə edilməsidir. [Salik] zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün bacarığını, iradəsini işə salıb qeybi töfhələri və həqiqi zehniyyəti, yə`ni təfəkkürü – ki, ayrıca fəsildə zikr olunacaq – ələ gətirməyə çalışmalıdır.

İkinci fəsil

İkinci fəsil

Təfəkkür

Təfəkkür Allah-taala təfəkkür barəsində buyurur: “Məgər onlar öz-özlərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?” Hərçənd “təfəkkür” üçün çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə doğru seyri və alimlərin istilahında “nəzər” də bu mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən kamal mərtəbəsinə yetişə bilməz. Buna görə də demişlər: “İlkin vacib, təfəkkür və nəzərdir”. Qur`ani-məciddə də təfəkkürə təşviq edən ayələr çoxdur, onların hamısını [burada] saymaq mümkün deyil. Misal olaraq: “Həqiqətən, bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün ibrətlər vardır!” Hədisdə deyilir: “Bir saatlıq düşüncə və təfəkkür yetmiş illik ibadətdən üstündür.” Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. Və seyr bu mə`nadadır ki, afaqi və ənfusi ayələr, yə`ni varlıq aləminin hər zərrəsinin zərrəsində və insanın vücudunda tapılan hikmətlər onları Yaradanın əzəmət və kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc nuru hər bir zərrədə müşahidə edilsin: “Onun (Qur`anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq aləmində) həm də onların öz vücudunda mütləq göstərəcəyik...” Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər bir zərrəsində Onun zühurunun təcəllisinə şəhadət və nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!” “Afaq ayələri” –mövcudatın (Allahdan qeyri hər bir şey) həqiqi dərkindən və bəşərin gücü həddində onların hər birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti və miqdarı, onların ölçüsü və təsirləri haqqında bəhs edən astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, malik olduqları keyfiyyət və surətləri əsasında təsir və əks təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə və eləcə də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki “afaq ayələri” adlandırılır. Və amma “ənfus ayələri” təşrih elmi (fiziologiya və psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) dərkindən ibarətdir. İnsan cismi sümüklər, əzələlər, sinir sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi vəzifələrə, sağlamlıq və xəstəlik kimi halətlərə yiyəlik edirlər. Həmçinin insan ruhu cismlə əlaqədə təsir və əks təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə xoşbəxtliyə və bədbəxtliyə malikdir. Bunların hamısının dərki “ənfus ayələri” adlandırılır. Bura qədər dediklərimiz seyrin başlanğıcıdır və öndə gələn “təfəkkür” afaq və ənfus ayələrinin dərkindən ibarətdir. Amma kamalın ən ali mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və məqsədi haqqında axırıncı fəsil və bablarda söhbət açacağıq.

Üçüncü fəsil

Üçüncü fəsil

Xof və hüzn

Xof və hüzn Allah-taala xof və hüzn haqqında buyurur: “Əgər mö`minsinizsə, Məndən qorxun!” Üləma [xov və hüznün fərqi barədə] demişdir: “Hüzn əldən çıxmış bir şeyə nisbətdə olan qəm-qüssədir. Xof gözlənilən bir şeyə nisbətdə olan qorxudur.” Deməli “hüzn”, baş vermiş və qayıtması qeyri-mümkün olan acı bir hadisəyə nisbətdə və ya bir fürsətin, ya da düzəlməsi mümkün olmayan yaxşı bir işin əldən çıxmasına nisbətdə [yaranan] qəlbi narahatçılıqdan ibarətdir. Və amma “xof”, baş verməsi gözlənilən və onu yaradacaq amillərin ortaya çıxması mümkün olan acı bir hadisəyə nisbətdə və ya yaxşı bir işin əldən çıxmasına görə ki, sonradan düzəlməsi mümkün deyil – olan nigarançılığa nisbətdə keçirilən qəlbi narahatçılıqdan ibarətdir. Beləliklə, əgər belə bir işin yaranmasına səbəb olacaq amillərin üzə çıxması qəti olsa və ya yaranmasına böyük bir ehtimal verilirsə bunu “məkruh intizar” adlandırırlar. Bu intizar ağır narahatçılıqlara səbəb olacaqdır. Amma belə bir işin baş vermə amilləri qəti olması və ancaq onun yarana bilmə fikri narahatçılığa səbəb olsa onun səbəbi “malixuliya”dır. Və amma saliklərin “xof” və “hüznü” faydasız olmaz, çünki hüzn əgər günaha batmaq, ya itaətdən və ibadətdən uzaq düşmüş ömürün hədərə getməsi və ya seyri-süluku və kamalı tərk etmək üzündən olsa, belə hüzn insanın tövbə etməyə qərar çıxarmasına səbəb olacaqdır. Xof əgər günaha batmaq, nöqsana düçar olmaq və yaxşıların dərəcəsinə çata bilməmək üzündən olsa, yaxşı işlər görməkdə sə`y etməyə, kamal yolunda irəliyə can atmağa səbəb olacaqdır. “Allah öz bəndələrini bununla qorxudur.” Seyri-süluk məqamında xofu və hüznü olmayan kəs, ürəyi daşlaşmış, qəsavət basmış adamdır. “Elə isə vay qəlbləri Allahın zikrinə (Qur`ana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.” Xofun aradan getməsilə seyri-süluk əsnasında hiss edilən hər cür əmin-amanlıq həlak olmağa səbəb olacaqdır. “Allahın məkrindən, (onları dolaşdırıb bəla toruna salmayacağına) əmin idilərmi? Allahın məkrindən özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!” Amma kamal əhli artıq belə bir xof və hüznə möhtac olmazlar. “Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” Xof, xəşiyyət və rəhbətin fərqi. Baxmayaraq ki, lüğət baxımından xof və xəşiyyət bir mənadadır, amma seyri-süluk əhlinin istilahında onlar arasında fərq vardır. Çünki xəşiyyət alimlərə nisbət verilir, necə ki, Allah bu ayədə buyurur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...” Cənnət də xəşiyyət əhlinə məxsusdur: “Bu (cənnət) Rəbbindən qorxanlar üçündür” Amma onların xofu olmaz: “Onlar qəm-qüssə görməzlər” Deməli xəşiyyət o qorxudur ki, Haqq-taalanın əzəmət və heybətini dərk etmək, öz nöqsanından xəbərdar olmaq, Haqqa bəndəlikdə qusurlu olmaq və ya übudiyyətdə ədəb-ərkanın tərk edilməsi ehtimalı, ya ibadətdə boşluğa yer vermək səbəbilə yaranır. Buna görə də xəşiyyət xofun xüsusi bir növüdür. Bu ayənin buyurduğu: “Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxarlar.” – [məsəli də] dediklərimizə bir dəlildir. Və amma rəhbət məna baxımından xəşiyyətə yaxındır: Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar.” Salik riza dərəcəsinə çatdığında onun xofu əmin-amanlığa çevrilər. “İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” Nə acı bir işdən nigaran olarlar, nə də xoş bir işə rəğbət göstərərlər. Bu əmin-amanlıq kamalın səbəbinə olur, [çünki] öncə söylədiyimiz əmin-amanlıq nöqsana görə idi. Bu əmin-amanlığa sahib olanın xəşiyyəti də olur, o vaxta qədər ki, vəhdət nəzəri təcəlla tapır və belə olan halda xəşiyyətdən də bir əsər-əlamət qalmır, çünki xəşiyyət kəsrətin tələblərindəndir.

Dörcüncü fəsil

Dörcüncü fəsil

Rəca

Rəca Allah-taala rəca` barəsində buyurur: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.” Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin intizarında olub bu ümidlə həmin yaxşı işin müqəddiməsi üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş qaldıracaqdır ki, [bu batini fərəhə] rəca` deyirlər. Əgər qəti olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi gələcəkdə hasil olacaqdır, onu “mətlub intizar” adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də çox olacaqdır. Əgər müqəddimənin əldə edilməsinə yəqini və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] bu intizarı “təmənna” adlandırırlar. Əgər qəti olaraq bilsə ki, müqəddimənin əldə edilməsi qeyri mümkündür və [bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur və axmaqlıq babından sayılar. Xof və rəca` Xof və rəca` bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu faydaları vardır. Çünki rəca kamal dərəcəsində tərəqqiyə, mətləbə çatmaq yolunda sür`ətə bais olur. Necə ki, Allah-taala buyurur: “ Kasad olmayacaq bir ticarət umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatını versin və Öz lütfündən onlara artırsın!” Həmçinin rəca` [salikin] Allah-taalanın əfv və məğfirətinə xoşgüman olmasına və Onun rəhmətinə e`timad göstərməsinə zəmin yaradır: “Onlar Allahın rəhmətinə ümidvardırlar.” Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə [Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur: انا عند ظن عبدی بی “Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət edirəm.” Bu məqamda rəca`nın olmaması bədbinliyə və ümidsizliyə səbəb olur, belə ki, Allah-taala buyurur: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” İblis də həmin ümidsizliyə görə əbədi lə`nətə gəlmişdir. [Ona görə də]: “Allahın rəhmətindən ümidsiz olmayın.” Amma elə ki, salik mə`rifət dərəcəsinə çatdı onun rəc`sı sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə, əgər onda rəca` yeri qalmış olsa, bu ya olmalılara və ya olmamalılara olan cəhalət üzündəndir, ya da bütün səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə mətləbinə çatmayıbdır. Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və rəca` halı ondan əskik olmaz: “(Onlar...) qorxu və ümid içində Rəbbinə dua edərlər...” Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı – bütün bunlar rəca` və xofa səbəb olurlar və bir tərəfin digər tərəfdən əskik və ya üstün olması imkansızdır. Elə buna görə də demişlər: “Əgər mö`minin xof və ümidini tərəziyə vursanız, bərabər gələcəkdir.” Çünki rəca` xofdan artıq gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: “Məgər Allahın məkrindən əmin idilərmi?” Əgər xof rəca`dan üstün olsa məhvedici bədbinliyə və ümidsizliyə səbəb olacaqdır: “Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

Beşinci fəsil

Beşinci fəsil

Səbir

Səbir Allah-taala səbir barəsində buyurur: “Səbir edin, çünki Allah səbir edənlərlədir!” Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş olur. Səbirin növləri Səbir üç növdür: 1. “Avam səbiri”. Bu, insanların özünü sün`i olaraq, yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər onu görüb bəyənsin: “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.” 2 – “Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin səbiri” ki, axirət savabına çatmaq xatirinə olar: “Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!” 3 – “Ariflərin səbiri.” Ariflərdən bə`ziləri [onlara üz vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət yetirmişdir: “Səbir edən şəxslərə müjdə ver? O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına qayıdacağıq!” deyirlər.” Səbir haqqında bir hekayə Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: “Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!” İmam Baqir (ə) deyir: “Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: “Allahın rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. İnək yeri yardığı kimi, o da elmi yarar.” و هو یبقر العلم بقـرا کما ... Bu səbəbdən də onu “əvvəlinci və axırıncı elmləri yaran” adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə mə`lum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində. Riza məqamının şərhi sonra veriləcəkdir, inşaallah.

Altıncı fəsil

Altıncı fəsil

Şükür

Şükür Allah-taala şükür barəsində buyurur: “Şükür edənləri, əlbəttə mükafatlandıracağıq!” “Şükür” lüğətdə, ne`mət sahibinə, onun verdiyi ne`mətləri müqabilində qədirdanlıq, təşəkkür mə`nasındadır. Ən böyük ne`mətlər, bəlkə onların hamısı Allah tərəfindən olduğu üçün, ən yaxşı iş də Allaha şükürlə məşğul olmaq olacaqdır. Şükür etmək üç surətdə olur: 1. Ne`mətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil olur. 2. O ne`mətlərin əldə edilməsindən hasil olan şadlıq və sevinc. 3. İmkan daxilində ne`mət sahibinin razılığını əldə etməyə səy etmək. Bu razılığın əldə edilməsi, qəlbdə Ona olan məhəbbətlə, dildə və əməldə Allaha layiq şəkildə şükür etməklə, istər ibadətlə, istər itaətlə və istər də öz acizliyinə e`tiraf etməklə olsun, ne`mət sahibinin razılığını cəlb etməyə çalışmaqla hasil olur. Allah-taala buyurur: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne`mətimi) artıracağam.” Rəvayətdə deyilir ki: “İmanın yarısı səbir, o biri yarısı şükürdür.” Çünki salik həmişə iki haldan xaric deyil, ya xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə şükür etməli, xoşagəlməz işə görə isə səbir etməlidir. Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır: “Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!” Buradan mə`lum olur ki, şükürün dərəcəsi, səbirin dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü də Allahın ne`mətləridir. Şükür etmək üçün bu ne`mətlərdən istifadə edə bilmənin özü də başqa bir ne`mətdir. Beləliklə, əgər, hər bir ne`mətə şükür etmək istəsə, həmin ne`mətə şükür edə bildiyi üçün də başqa bir şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən yaxşısı budur ki, şükürün əvvəli və axırı acizliyə, zəifliyə e`tirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz olduğuna e`tiraf etməyin özü böyük bir şükürdür, necə ki, sitayiş etməkdə acizliyə e`tiraf etmək böyük sitayişdir. Buna görə də demişlər: “Sənə sitayişi saymaq imkansızdır, Sən elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və Sən, Sənin haqqında deyilənlərdən üstünsən.” Təslim əhli üçün şükür tamamlanmışdır, çünki şükür, ilahi ne`mətlərin əvəzini ödəməyə şamil olur. O kəs ki, bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki, hər şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna görə də şükürün ən son nöqtəsi odur ki, şükür edən həm özünü, həm də ne`mət sahibini vücuda malik bilsin.