PEYĞƏMBƏRIN AILƏ XÜSUSIYYƏTLƏRI

 
 

PEYĞƏMBƏRIN AILƏ XÜSUSIYYƏTLƏRI

 

Ən yaxşı ailənin sahibi

Quran

"Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"[1]

Allahın rəsulu (s): Mən Əbdül Müttəlib oğlu Əbdüllahın oğlu Məhəmmədəm. Allah xalqı xəlq etdi və məni onların ən üstünü qərar verdi. O zaman onları iki qurupa böldü və mənə o qurupların ən üstünündə yer verdi. Sonra onları qəbilələrə böldü və məni ən yaxşı qəbilədə qərar verdi, sonra onları ailələrə böldü və məni ən üstün ailədə qərar verdi. Bəs mən ən üstün ailədənəm və ən üstün şəxsəm.[2]

İmam Əli (ə) Peyğəmbərlərin vəsfində: Allah onları ən üstün əmanət yerlərində (atalarının bellərində) əmanət qoydu və ən üstün yerlərdə (analarının bətnində) onlara yer verdi.

Onları yaxşı bellərdən pak- pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır. Nəhayət, Allah- Taala tərəfindən Peyğəmbərlik və nübüvvət mənsəbi həzrəti Məhəmməd səllallahu ələyhi və alihə yetişdi. O həzrəti ən yaxşı mədənlərdə (əvvəlki Peyğəmbərlərin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərinin ondan aşkarladığı və öz (vəhyini) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacın (həzrəti İbrahimin (ə) nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. O, hərəmdə bəslənmiş, və şərafətli (bostanda) boy atmışdır, (yəni Məkkeyi Müəzzəmdə dünyaya gəlib tərbiyə almışdır). O ağacın uzun budaqları (on iki imam) və hər kəsin əli çatmadığı bir meyvəsi var.[3]

İmam Əli (ə): Onun (Peyğəmbərin(s)) əhli beyti ən yaxşı əhli beyt, şəcərəsi (ata- babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları düz, meyvələri yerə sallanmışdır.(elm və maarifinə hamının əli çatandır).

Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs- sədası (hər yerə) yayılmışdır.[4]

İmam Əli (ə): Şəhadət verirəm ki, Allah- Taala ədalətlə davranan adil və haqq ilə batili ayıran hakimdir. Şəhadət verirəm ki, Məhəmməd onun bəndəsi, elçisi və bəndələrinin başcısıdır. Allah məxluqatı bellərdən bətnlərə gətirən zaman onları iki cərgə (xeyir və şər) etdi və o həzrəti xeyir dəstəsinə saldı.[5]

 


 

[1] - Əhzab surəsi, ayə 33

[2] - Sünəni Termizi, cild 5, səh 584, ç 3608, Kənzül- ümmal, cild 11, səh 115, hədis 31950

[3] - Nəhcülbəlağə, xütbə 94

[4] - Nəhcül- bəlağə, xütbə 161

[5] - Nəhcülbəlağə, xütbə 214